“Hər zaman qəlbimizdəsən, Səid!”

 

Vətən müharibəsinin tarixə tanıtdığı igidləri, qorxubilməzləri, vətənpərvərləri - qəhrəmanları yaxından tanımağımız bizə böyük qürur yaşatdı. 44 günlük haqq savaşında qəhrəman oğullarımızın döyüş yolu, göstərdiyi şücaət  bizə eyni anda həm qürur qarışıq kövrəklik, həm də sevinc hissi yaşamağı öyrətdi. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmin igidlərin qəhrəmanlıqları, əməlləri, xatirələri həmişə bizimlədir...

Vətən müharibəsində adını qəhrəmanlıq tariximizə yazan igidlərimizdən biribaş leytenant Səid Nofəl oğlu Rəşidzadədir. O, 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində doğulub. 1996-2007-ci illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 saylı tam orta məktəbi bitirib. Ali təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) alıb.

2011-ci ildən Azərbaycan Ordusunda xidmət edən Səid Aprel döyüşlərində şəhid general-mayor Polad Həşimovla çiyin-çiyinə vuruşub. Vətən müharibəsi döyüşlərinə də qatılıb. Hadrutun azadlığı uğrunda savaşan qəhrəmanımız oktyabrın 11-də Şişqaya yüksəkliyindən düşmən bayrağını endirib, onun yerinə müqəddəs bayrağımızı sancarkən düşmən snayperinin gülləsinə tuş gəlib, şəhid olub. Füzuli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid baş leytenant Səid Nofəl oğlu Rəşidzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "İgidliyə görə", "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsində şəhid olmuş baş leytenant Səid Rəşidzadənin məzun olduğu Bakı şəhəri Nərimanov rayonu Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə şəhidə həsr olunmuş "Hər zaman qəlbimizdəsən, Səid!" adlı anım tədbiri keçirildi.

Məktəbin girişində şəhidin barelyefi ziyarət olundu, önünə əklillər və tər gül dəstələri qoyuldu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri məktəbin direktoru Sədaqət Seyidova açaraq şəhid olmağı özünə şərəf bilənlərin daxilindəki yüksək vətənpərvərlikdən, cəsurluqdan, müsbət əxlaq və əqidənin olmasından danışdı. Bildirdi ki, onlar Vətən naminə şəhid oldular. Vətən sevgisi beşikdən, ana laylasından başlayır, ailədə, məktəbdə formalaşır. Şagirdlərimizin layiqli vətəndaş və vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni edirik. Ürəyi Vətən eşqi ilə döyünən belə igidlərdən biri də məktəbimizin məzunu Səid Rəşidzadədir. Şəhidlik zirvəsinə ucalan məzunlarımız qürur yerimizdir.

Tanınmış yazıçı, dramaturq Seyran Səxavət şəhid Səid Rəşidzadə ilə dostluğundan söz açaraq bildirdi ki, mən ona özüm kimi inanırdım. Onun zabitlik keyfiyyətləri, Vətən sevgisi, cəsarəti, torpağa bağlılığı bu inamın təməli idi. Səid həm mənim, həm ailəsinin, həm də Azərbaycan xalqının inamını doğrultdu...

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Qasımov çıxış edərək qeyd etdi ki, Vətən müharibəsi müzəffər Ali Baş Komandanın sərkərdəliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Milli-mənəvi birliyimiz, qəhrəman oğullarımızın Vətənə sədaqəti, mərdliyi və mətinliyi Vətən müharibəsində özünü daha bariz şəkildə göstərdi. Milli həmrəyliyimiz nəticəsində bütün çətinliklərə sinə gərdik, dövlətçiliyimizi və müstəqilliyimizi qoruduq, əbədi etdik. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır.

Vətən Müharibəsi Qəhrəmanı sözlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışında şəhidlərə və onların ailələrinə ünvanlanan dəyərli fikirləri ilə bitirdi: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...".

Şəhidin atası Nofəl Qasımov oğlunun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaətindən danışdı. Göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə dövlət başçısına minnətdarlığını bildirdi.

Tədbirdə zabitlər Mirqiyas Rüstəmov, Loğman Xanlarov, Səbuhi Əhmədov, Qazax Xeyriyyə Cəmiyyətindən Səbinə Yusif, Əməkdar jurnalist Bəbir Hüseynov, yazıçı Etibar Muradxanov və başqaları çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıqlar göstərmiş Vətən müharibəsi şəhidlərinin göstərdikləri şücaət və fədakarlıqlardan danışdılar. Vurğuladılar ki, Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusunun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə də, ürəklərimizdə də bir o qədər silinməz izlər qoydu. Minlərlə igidimizmülki vətəndaşımız şəhid oldu. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onların sayəsində qazanılan azadlığı və müstəqilliyi xalqımız heç vaxt unutmayacaq.

Tədbirin bədii hissəsində şəhidin şərəfli ömür yolundan bəhs edən videoçarx və şagirdlərin hazırladığı "Hər zaman qəlbimizdəsən, Səid!" adlı kompozisiya təqdim olundu.

 

Günay TAĞIYEVA

Hərbi And.- 2023.- 3 fevral.- S.5.