“11 gün büdrəyə-büdrəyə döyüş yoldaşlarımın yanında oldum

 

Quluzadə Tural: “Bu zaman yanımıza minamyot mərmisi düşdü və yıxıldıq”

Quluzadə Tural Rövşən oğlu 22 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə 102 nömrəli tam orta məktəbdə oxuyub. 2018-ci ildə Bakı BiznesKooperasiya Kollecinə qəbul olub. İkinci kursdan təhsilini dayandıraraq 2019-cu ilin aprel ayında əsgərliyə gedib. Hərbi xidmətini Gəncə şəhərində keçirib.

2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayanda Turalın ordudan tərxis olunmağına sayılı günlər qalmışdı. O bildirib ki, müharibə başlamazdan iki gün əvvəl sentyabrın 25-də axşam vaxtı təlimdən qayıdırdılar: “Seyfəli poliqonunda bir ay çəkən təlimlərdən sonra yorğun idik. Qayıdanda səfərbərliyin elan olunduğunu gördük. Ancaq bu barədə başqa heçbilmirdik. Fikirləşirdik ki, sabah yuyunmağa gedəcəyik. Səhər sıra düzülüşündən sonra tapşırıqlar verildi. Yuyunmağa hazırlaşan zaman həyəcan siqnalı çalındı. Bütün silah-sursatları çıxartdıq. Xatirə üçün kollektiv şəkilimizi çəkdilər və yola düşdük. Yolda gedəndə musiqi səsləri gəlirdi. Azərbaycan xalqı bizi görüb kövrəlirdi. Amma yenə də güvənirdilər ki, əli boş qayıtmayacağıq. Yol boyu bizə müxtəlif ərzaqlar verirdilər. Karvanımız dayananda arxa tərəfdə meyvə ilə dolu olan maşın saxladı. Yaşlı kişi gələrək meyvələri bizə verdi. Gözləri yaşarmışdı, amma yenə də deyirdi ki, siz bacaracaqsız. Sentyabrın 26-da axşam bütün hərbi hissə ilə birlikdə Göygöl rayonu istiqamətindən Murovdağına qalxdıq. Orada biz Buzluq kəndinin yuxarı hissəsində olduq”.

Müharibə başlayan gündən oktyabrın 4-5-nə qədər Kəpəz zirvəsinin ətəyində müdafiə xəttində olublar. Daha sonra Çaykəndə gediblər. Orada yuyunduqdan sonra maşınlara miniblər: “Bizə dedilər ki, Füzuli istiqamətində döyüşlərə qatılmaq üçün 2-ci ordu korpusuna göndərilirsiz. Maşınlarla Gəncə-Yevlax yolu ilə Füzuli rayonuna getdik. Buzluq kəndində olanda bizə silah-sursat verilmişdi. Güllə keçirməyən gödəkçə ilə dəbilqələri isə Füzulidə aldıq. Döyüş mövqeyinə yola salınarkən bizimlə ruhlandırıcı söhbətlər apardılar. Sonra hamımıza bir neçə sm uzunluğunda parça verildi. Üzərinə ad, soyad, atamızın adı, yaşadığımız rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanı və qan qrupunu yazdıq. Parçanı şalvarımızın kəmərinə bağlamağımızı istədilər. Müharibədən əvvəl bunları edəndə nəyinsə baş verəcəyini təxmin etdik. Sentyabrın 27-də səhər saat 6-da oyananda isə dedilər ki, müharibə başlayıb”.

Sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gediblər. Hələ döyüşlərdə iştirak etməmişdilər. Birinci taborun 82 mm-lik minaatan batareyasının tərkibində irəliləyirdilər. Düşmənlə çox yaxın məsafəyə çatanda özlərinə mövqe tutublar. Zabitlər yeri yoxladıqdan sonra minaatanlar qurulub. Cəbrayılda düşmənin nəzarətində olan dağın başında dəmir teleqüllə və rabitə qülləsinə zərbə endiriblər.

Tural Cəbrayılda dagın başında olanda ayağından zədə alıb. Hadisəni belə danışıb: “Bizim kəşfiyyat maşınımız keçirdi. Mən də çox yorğun idim. Maşına yol verəndə ayağım büdrədi və altına düşdüm. Sol ayağımı öz tərəfimə çəkə bilsəm də sağ ayağımı çəkə bilmədim. Yaxşı ki, sınıq olmadı, minaatanın lafeti sağ ayağımın yanına düşdüyü üçün çox güc düşmədi. Bir neçə tabor bölüyü düşmən üzərinə getdi. Arxadan da dəstək olurdu. Ancaq mən iştirak edə bilmirdim. Məni dağdan aşagı saldılar, ayağıma baxdılar və dərman sürtüb bağladılar. Hospitala göndərmək istədilər, amma razı olmadım. 11 gün büdrəyə-büdrəyə döyüş yoldaşlarımın yanında oldum. İki-üç gün bu istiqamətlərdə irəli getdik”.

Artıq çox yorulmuşduq. Buna görə dedilər ki, bir gün istirahət edin. Rabitə vasitəsilə əlaqəyə çıxdıq bizə ərzaq gətirildi: “Çörəyimizi yedik bir az dincəlmişdik ki, düşmən bizi mərmi atəşinə tutdu. Ətrafa dağılaraq gizləndik, tərpənə bilmirdik. Sonra zabitlərimiz əlaqəyə çıxaraq digər bölüklərimizdən kömək istədilər. Bundan sonra atəş kəsildi. Artıq yerimiz məlum olduğu üçün başqa əraziyə getməliydik. Lakin deyildi ki, itkilərin olmaması üçün yerdəyişməni qaranlıq düşəndə etmək lazımdır. Gecənin qaranlığında irəliləməyə başladıq. Xeyli yol gedəndən sonra atışma səsləri eşitdik. Dedilər ki, artıq Qubadlı rayonu ərazisindəyik. Səhər açılanda döyüşlər yenidən başladı”.

Günorta saatlarında minaatanlar üçün mərmilər gəlmişdi. Onları götürmək üçün avtomobillə getmək lazım idi: “Rahat istifadə etmək üçün yolun birini minalardan təmizləmişdik. Həmin yol ilə hərəkət edəndə artilleriya atəşinə tutulduq. Maşınlarda mərmi olduğu üçün düşüb kənara getmək istədik. Çaşqınlıq içində yoldan kənara çıxıb qaçanlar oldu təəssüf ki, şəxsi heyətdən bir neçə nəfər minaya düşdü. Atəş dayanmadığı üçün təhlükəli olsa da maşına minib yolumuza davam etdik. Yaralılarımızı da özümüzlə apardıq”.

Əsgərlərimiz Ermənistanla həmsərhəd olan Qarakişilər kəndində mövqe tutmalıydılar. Hər iki tərəf bir-birini görürdü: “Bölüyümüzün arxasında irəliləməyə davam etdik. Tez-tez artilleriya atəşi olurdu. Atəş vaxtı əsgər yoldaşım Mirzəyev Samirlə səngərdə olanda çörək yemək istədik. Yanımızda konserv var idi yarım çörək tapdıq. Konservanın ağzını bıçaqla açdıq Samir mənə dedi ki, biz bu konserv balığı yeyə biləcəyikmi? Ancaq bu zaman yanımıza minamyot mərmisi düşdü yıxıldıq, qulağımız batdı. Sonra durduq şükür ki, hər şey yaxşı qurtardı, yerimizi dəyişdik. Gecələr sakitçilik olsa da bəzi hallarda atəş olurdu. Sonradan bizə dedilər ki, artıq Ermənistanın ərazisindən atılır. Biz isə təxribatlara cavab vermirdik. Çünki Ermənistanın ərazisinə zərbələr endirsəydik bütün dünyaya hay-küy sala bilərdilər ki, Azərbaycan bizi öldürür”.

Noyabr ayının əvvəlində Laçın-Qubadlı istiqamətində olanda radio ilə məlumat alıblar ki, düşmən təyyarələrini havaya qaldırıb. Həmin vaxt meşədə olublar. Xəbəri eşidən kimi ağacların arasında gizləniblər. Hava bir az qaranlıq idi. Təyyarələr onların üzərindən uçsa da heç kimi görməyib. Yalnız aralı məsafəyə raket ataraq uçub gedib.

Noyabr ayının 9-u səhər saatlarında irəliyə əmri verilib. Şəxsi heyətin yarıdan çoxu maşınla, 12 nəfər isə piyada gedib: “Bölməmizin yerləşdiyi mövqeyə çatdıq və minaatanları qurmaq üçün yer qazmağa başladıq. Qarşımızda taborun 3-cü bölüyü, arxada isə biz dayanmışdıq. Növbəti gün taborumuzdan bir neçə metr aralıda qarşı tərəfdə əsgərlər gördük. Yəqin ki, onlar da bizi görürdülər. Sağsol tərəfimizdə də xeyli hərbçilər var idi. Əvvəlcə hesab etdik ki, bizim əsgərlərdir. Amma binokulla baxanda bizimkilərə oxşamırdılar və məlum oldu ki, ermənilərdir. Sayları bizim şəxsi heyətdən xeyli çox idi. Bu zaman maşın yaxınlaşdı və Müdafiə Nazirliyinin iki zabiti düşdü. Noyabrın 10-u səhər idi. Bizə müharibənin bitdiyini dedilər. Əvvəlcə inanmadıq. Ancaq bildirdilər ki, noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiyaya imza atıb və müharibə qurtarıb. Bu xəbərə çox sevinmişdik”.

Tural noyabr ayının 28-də Laçından Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə qayıdıb. 2021-ci il aprel ayının 1-də isə evə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Quluzadə Tural Rövşən oğlu “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

Bəxtiyar CƏFƏRLİ

Hərbi And.-2023.- 17 mart.- S.9.