Azərbaycanda hərbi
ənənələrin bərpası onun gəlişi ilə
başladı – Heydər Əliyev və hərb tarixi məsələləri
Hərb işi insan fəaliyyətinin elə sahələrindəndir
ki, onun təşkili və inkişafı tarixi ənənə
və təcrübədən təcrid edilə bilməz. Bu məsələ
o vaxt daha əhatəli həll edilə bilər ki, o,
xalqın neçə min illik hərb tarixinin praktiki nəticə
və dəyərlərinə əsaslansın və bu dəyərlər
hərb elminin müasir nailiyyətləri ilə vəhdət
təşkil etsin. Əslində, hərb işinin
düzgün təşkili xalqın hərbi sahəsindəki
təcrübəsi ilə hərb elminin bugünkü
inkişaf səviyyəsinin qarşılıqlı vəhdətinin
praktiki ifadəsidir və hərb işini tarixi təcrübəni
nəzərə almadan qurmağa çalışmaq onu
möhkəm özüldən qoparmaq deməkdir. Belə
olmasaydı, insanlar hər şeyi yenidən başlamalı
olardı.
Hərb işində elə elmi və praktiki qənaətlər
vardır ki, onlar hər zaman öz aktuallığını
qoruyub saxlayır. Çünki həmin qənaətlər hərb
işinin əsasını təşkil edir və mahiyyət
etibarilə dəyişməzdir. Dəyişən yalnız
onları hərəkətə gətirən qüvvələrdir.
Məsələn, xalq və ordu arasındakı əlaqə,
müharibənin aparılmasına xalqın münasibəti və
onun müharibəyə necə səfərbər edilməsi,
ölkənin müdafiəsinin təşkilində xarici siyasətin
nəzərə alınması, müdafiənin təşkilinin
maddi və mənəvi amillərdən asılılığı,
təmin edilməsi üçün dövlətin
apardığı siyasətin xarakteri və s. Bu məqamların
(əsasların) sayı çoxdur və Azərbaycan
xalqının qəhrəmanlıq tarixi bu məqamların
yüksək məharətlə icrasının ifadəsidir.
Heydər Əliyev də Azərbaycan xalqının məhz bu
qəhrəmanlıq tarixini bugünkü mübarizə
üçün örnək sayırdı. Qeyd edilməlidir
ki, Silahlı Qüvvələrin şəxsi heyətinin və
bütünlükdə gənclərin Vətənə məhəbbət
və sədaqət ruhunda tərbiyələndirilməsi
üçün Heydər Əliyevin bu sahədəki irsinin
öyrənilməsinin elmipraktiki əhəmiyyəti
vardır. Məqalə də Azərbaycan xalqının
Ümummilli liderinin Azərbaycanın hərb tarixi ilə
bağlı irsinin araşdırılmasına həsr edilib.
Azərbaycan xalqının ölkənin müstəqilliyi
və ərazi bütövlüyünün müdafiəsi
kimi vahid məqsəd ətrafında birləşdirilməsi,
onun mübariz ruhunun təşkilatlandırılması və
istiqamətləndirilməsi, mənəvi potensialının
üzə çıxarılması üçün Heydər
Əliyevin istinad etdiyi ən qiymətli meyar və mənbələrdən
biri xalqın hərbi qəhrəmanlıq tarixi idi. O, bu tarixi
Azərbaycan xalqından miras qalmış zəngin və ibrətamiz
bir sərvət kimi qiymətləndirir, ölkənin
müdafiəsinin təşkilinin müxtəlif məsələləri
ətrafında etdiyi çıxışlarında hər bir
vətəndaşı bu tarixə tapınmağa
çağırırdı. Ölkə rəhbərinin
fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə
sevgi, torpağa bağlılığın təcəssümü
idi və bu tarixə sədaqət əldə edilmiş
müstəqilliyin həmişəyaşarlığına
real zəmin yarada bilərdi.
Heydər Əliyev Azərbaycan xalqının qəhrəmanlıq
ənənələrinin qədim və zəngin tarixə
malik olduğunu bildirirdi. Yəni Azərbaycan xalqının ən
qədim dövrlərindən bu cür ənənələrin
başlanğıcının qoyduğunu qeyd edir və bu qədim
qəhrəmanlıq ənənələri içərisində
Dədə Qorqud dastanının qəhrəmanlarının
mübarizliyini xüsusi vurğulayırdı. Bu dastandan
danışarkən Heydər Əliyev Qazan xanın
adını çəkir, onun öz övladlarını cəngavərliyə
necə hazırladığına toxunurdu. Bu dastanın əsas
qəhrəmanları olan Dədə Qorqudla Qazan xanın Azərbaycan
xalqının qəhrəmanlıq tarixində xüsusi yeri
vardır. Dədə Qorqud xalqın müdrikliyini, xalqı
öz ətrafında birləşdirib ağır günlərdə
onların gücünü istiqamətləndirən el
ağsaqqalını təmsil edirsə, Qazan xan xalqın
düşmənə qarşı vuran əlini, onun
mübarizliyini, el maraqları üçün qətiyyət
göstərən qəhrəman övladını təmsil
edirdi
Heydər Əliyevin fikrincə, Azərbaycan xalqının
Babək və Koroğlu kimi el qəhrəmanları bu gün
də öyrənilməli və qəhrəmanlıq ənənələri
davam etdirilməli olan tarixi örnəklərdir.
Çünki onlar da elin ağır günlərində
xalqını yadelli qüvvələrə qarşı səfərbər
edib cəsurluq nümunələri göstərmiş qəhrəmanlar
idi və onların sərkərdəliyi altında xalq
düşmən təcavüzünün
qarşısını almış, yadelli basqınlara cavab
verərək torpaqlarını qoruya bilmişdi.
Çıxışlarının birində Heydər
Əliyev Uzun Həsənin də tarixi xidmətlərindən
danışırdı. Ümummilli liderin
çıxışında təcrübəli siyasətçi
və diplomat kimi xatırlanan Uzun Həsən həm də
böyük bir sərkərdə idi. O, öz istedadı və
təşkilatçılığı ilə böyük
bir dövlət qura bilmiş və bu dövlətə təcavüz
niyyətində olan qüvvələrə qarşı
uğurlu döyüşlər aparmışdı. Bu səbəbdən,
Uzun Həsənin tarixi xidmətləri Heydər Əliyev tərəfindən
məmnunluqla xatırlanır və o, bu xidmətləri nəsillərə
nümunə sayırdı.
H.Əliyev Azərbaycan xalqının zəngin
tarixinin bütün dövrlərini düzgün öyrənməyə
və ondan düzgün nəticə çıxarmağa
çağırırdı.
Azərbaycan xalqının qəhrəmanlıq
keçmişinin bütövləşməsinə xidmət
edən çox məzmunlu hərbi irsi olub. Göstərilən
Azərbaycan ərazisində müstəqil dövlətlərin
yaranması, hərb işinin inkişafı ilə səciyyəvidir.
Xüsusilə orta əsrlərdə Azərbaycan türklərinin
yaratdığı imperiyalar onların malik olduğu hərb
işinin yüksək zirvəsi ilə əldə
edilmişdi. Azərbaycanlı hökmdarların özündə
dövlətçilik və hərb işini birləşdirməsi,
dövrün ən məharətli sərkərdələri
kimi tanınması bölgənin tarixində dərin izlər
buraxmışdı. Başqa sözlə, bu dövrdə Azərbaycan
xalqına mənsub olan böyük hökmdar-sərkərdələrin
yaratdıqları hərbi miras dünya hərb sənətinin
yeni səhifələri olmaqla yanaşı, qürur və
iftixar mənbəyidir. Heydər Əliyev də belə bir
irsin düzgün qiymətləndirilməsini və ondan ibrət
götürülməsini bütün cəmiyyətə təlqin
edirdi.
Heydər Əliyev çıxışlarında XIX və
XX əsrdə baş verən hərbi-siyasi proseslərin təhlilinə,
bu dövrün yetişdirdiyi azərbaycanlı sərkərdə
və generallar nəslinə, Azərbaycan
övladlarının qəhrəmanlıq nümunələrinə,
onların öyrənilməsinə və insanlara
çatdırılmasına daha geniş yer
ayırırdı. Bu dövr Azərbaycan xalqının
tarixində çox ağır və taleyüklü hərbi-siyasi
proseslərin, Azərbaycan torpaqlarının
parçalanması ilə nəticələnən qanlı
müharibələrin getdiyi, Azərbaycanın nizami ordusunun
meydana gəldiyi, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizələr
aparıldığı, Azərbaycanın şanlı hərbçilər
nəslinin yetişdiyi bir dövrdür. Əslində, Azərbaycan
xalqının bugünkü hərbi həyatının XIX,
XX əsrlərdə formalaşmış hərbi irslə sıx
əlaqəsi vardır və həmin irsin düzgün
öyrənilməsi, bu irsin tarixindən əldə
edilmiş qənaətlərə məsuliyyətlə
yanaşılması Azərbaycanın müasir hərb
quruculuğunun uğurlarına zəmin yaratmaqla gənc nəslin,
Silahlı Qüvvələrin şəxsi heyətinin inam və
ilham mənbəyinə çevrilə bilər.
XIX əsrin əvvəlləri Azərbaycan tarixində
xanlıqlar dövrünə təsadüf edir. Məlumdur ki,
həmin dövrdə mövcud olan Azərbaycan
xanlıqları öz müstəqilliklərini qoruyub saxlamaq
üçün şimalda və cənubda yerləşən
iki böyük dövlətə qarşı mübarizə
aparmalı olublar. Azərbaycan xalqı güclü dövlətlərin
çoxsaylı qoşunları qarşısında öz
müstəqilliyini qoruyub saxlamaq üçün sonsuz əzmkarlıq
və mübarizlik nümunələri göstəriblər. Həmin
mübarizlik nümunələri Azərbaycan xalqının hərbi
irsinin və qəhrəmanlıq tarixinin unudulmaz səhifələridir.
Çıxışlarının birində bu
dövrə münasibət bildirərkən Heydər
Əliyev Şuşa qalasının qəhrəmanlıq
tarixindən söz açırdı. Şuşa
qalasının qəhrəmanlıq keçmişinin
nümunə gətirilməsini Heydər Əliyevin
xanlıqlar dövründə Azərbaycanın müstəqilliyin
qorunması üçün aparılan mübarizə tarixinə
ümumi bir baxış kimi də dəyərləndirmək
olar: "Qəhrəman Azərbaycan oğulları vaxtilə
Şuşanı qoruyub saxlayıblar. Ona görə də
Şuşaya Şuşa qalası deyirlər. Dəfələrlə
o, təcavüzkarlar tərəfindən zəbt edilmək təhlükəsi
altında olubdur. Ancaq Şuşanı qoruyublar, saxlayıblar.
Bizim əcdadlarımız, ulu babalarımız o vaxtlar öz
borclarını yerinə yetiriblər".
Ümummilli liderin bu fikrində iki məqam diqqəti cəlb
edir. Birincisi, Şuşa qalası kimi bir qalanın tikilməsi.
Bu qala Qarabağ xanlarının seçimi və rəhbərliyi
altında Azərbaycan xalqı tərəfindən tikilmiş
və malik olduğu imkanlara görə xalqın məğlubedilməzlik
rəmzinə çevrilmişdi. İkincisi, Heydər
Əliyev burada həm də Azərbaycan xalqının əcdadlarının
və ulu babalarının mübarizliyinə işarə edib,
dəfələrlə bu qalanın xarici təcavüzkarlar tərəfindən
işğal edilməsi təhlükəsinin olmasına
baxmayaraq, onun qorunub saxlandığını nəzərə
çatdırıb. Bununla dövlət rəhbəri həm
də ona işarə edirdi ki, 1992-ci ildə Şuşanın
qorunmasına məsul olan insanlar öz borclarını yerinə
yetirsəydilər, bu qala erməni təcavüzkarlarının
əlinə keçməzdi. Eyni zamanda ona da eyham vurulurdu ki,
ulu babaların qəhrəmanlıq keçmişi öyrənilsəydi,
ondan düzgün nəticə çıxarılsaydı və
onların ənənələrinin davam etdirilməsinə cəhd
göstərilsəydi, Şuşanın işğalı kimi
bir ağrılı hadisə Azərbaycan xalqının
taleyinə yazılmazdı.
Mehman Süleymanov
Hərbi
And .- 2025. -4 aprel(№11).- S.8.