Azərbaycanda hərbi ənənələrin bərpası onun gəlişi ilə başladı – Heydər Əliyev və hərb tarixi məsələləri

 

Xanlıqlar dövründən sonra çar Rusiyasının əsarətində olduğu zaman Azərbaycanda hərb işinin yeni bir dövrü başlayır. Bu dövrün xarakterik tərəfi ondan ibarət idi ki, çar Rusiyası tərkibində azərbaycanlılar hərb işinə cəlb edilmirdilər. Bunun əsas səbəblərindən biri də çar Rusiyasının bu rejimin işğalına qarşı qətiyyətli mübarizə aparmış Azərbaycan xalqının övladlarına etibar etməməsi və azərbaycanlılara paylanmış silahların rejimin özünə qarşı çevrilməyəcəyinə əmin olmaması idi. Əhali arasında Rusiya işğalına qarşı barışmaz mövqe kifayət qədər güclü idi. Bununla belə, artıq o dövrdə yetişməkdə olan azərbaycanlı ictimai-maarifpərvər xadimlər Azərbaycan xalqının hərb işindən uzaqlaşmasının xalq üçün təhlükəli tərəflərini də görürdülər. Ona görə də azərbaycanlıların hərb işinə cəlb edilməsi dövrün azərbaycanlı ziyalıları arasında aktual məsələyə çevrilmişdi.

Ona görə savadlı azərbaycanlıların Rusiya ordusu sıralarında zabit kimi xidmət etməsini H.Əliyev yüksək qiymətləndirirdi: "Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir. Bunlar tariximizin sovet dövründə unudulmuş səhifələridir, faktlardır. Ancaq biz bu gün tariximizi bərpa edərkən bunların hamısını öyrənməliyik və xalqımız bunu bilməlidir.

Naxçıvan xanları sülaləsindən bir neçə general çox uğurla xidmət ediblər: general Ehsan xan, general Kəlbalı xan, Hüseyn xan, İsmayıl xan, Cəmşid xan Naxçıvanskilər. Bakıxanovlar sülaləsindən bir çox generallar Azərbaycanın tarixində və rus ordusunun tarixində görkəmli yer tutublar. Talışxanovlar sülaləsindən bir çox generallar bizim tariximizin səhifələrində öz yerlərini tutublar. General Fərəc bəy Ağayev, general Ağalarov, general Ərəblinski və başqaları – bunlar hamısı XIX əsrdə və XX əsrin əvvəllərində orduda xidmət etmiş yüksək rütbəli generallar, Azərbaycan oğullarıdır".

Qeyd etmək lazımdır ki, çar ordusunun tərkibində xidmət edən azərbaycanlı zabitlərin çoxu bəy və xan nəslindən idi və bu təbəqə Rusiya monarxiyasına liberal yanaşan təbəqə kimi qəbul edilirdi. Ona görə də onların övladlarının rus ordusunda xidmətinə Rusiya hakimiyyət dairələri tərəfindən ciddi müqavimət göstərilmirdi.

Heydər Əliyevin xatırlatdığı generalların bir neçəsi, o cümlədən general Balakişi Ərəblinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski, general Kəlbalı xan Naxçıvanski, general İsmayıl xan Naxçıvanski, Bakıxanov sülaləsindən olan generallar hələ XIX əsrin birinci yarısında Rusiya ordusunda xidmətə başlamış və general rütbələrinə layiq görülmüşdülər. Bu generalların adı, şöhrəti hələ xidmət etdikləri illərdə geniş yayılmışdı və onların hərbi şücaəti Azərbaycan xalqının qəhrəmanlıq tarixinin çox məzmunlu və qürurdoğurucu səhifəsini təşkil edir. General Balakişi Ərəblinski, general İsmayıl xan Naxçıvanski kimi generallar hətta rus hərbi qulluqçuları arasında xidmət nümunəsinə çevrilib və özlərindən sonra zəngin bir məktəb qoyub gediblər.

XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar arasında tanınmış general və hərbçilər nəsli formalaşmağa başladı. Heydər Əliyev bu nəsillərdən Naxçıvanskilər, Bakıxanovlar, Talışxanovlar nəslinin adlarını çəkib. Bu nəsillərin sırasına Qacarlar, Yadigarovlar, Şıxlinskilər nəsilini də əlavə etmək mümkündür. Bu nəsillərin də hər birinin həm general övladları, həm də yüksək rütbəli zabitləri olub. General Naxçıvanskilər arasında Heydər Əliyev Hüseyn xan Naxçıvanskinin və Cəmşid xan Naxçıvanskinin də adlarını çəkib. Qeyd ermək lazımdır ki, onların hər ikisinin Azərbaycanın hərb tarixində xüsusi yeri vardır və hər ikisi də xidməti vəzifəyə sədaqət nümunəsidir. Hüseyn xan Naxçıvanski yalnız Rusiya ordusu tərkibində xidmət etmişdisə, Cəmşid xan Naxçıvanskiyə həm Cümhuriyyət ordusunun, həm də Sovet Azərbaycanı ordusunun tərkibində xidmət etmək nəsib olub.

Heydər Əliyevin öz çıxışlarında adlarını təkrar-təkrar çəkdiyi zabit və generallar arasında Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski xüsusi yer tutur. Ölkə prezidenti bu generalları həm I Dünya müharibəsinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin iştirakçıları kimi xatırlayırdı. Generalların hər ikisi general Hüseyn xan Naxçıvanski kimi azərbaycanlılar arasında nizami hərbin zirvəsi, yeni bir məktəbin yaradıcılarıdır, ən başlıcası isə müstəqil Azərbaycan milli ordusunun təşkilatçılarıdır. Onlar uzun xidmət yolu keçmişdilər. Onlar təkcə xidməti vəzifəsinin icrasına sədaqət nümunəsi deyildilər, onlar həm də yaradıcı hərbçilər idilər, təşəbbüskarlıqları və novatorluqları ilə xidmət yoldaşlarını da öz arxalarınca apara bilirdilər. Harada xidmət etməsindən asılı olmayaraq onların hər ikisi hörmət və ehtiram qazanmışdı.

Heydər Əliyev bu generalların Port-Artur müharibəsinin iştirakçısı olmasını da xatırladırdı: "Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha da tanışdırlar. Onlar Rus Yapon müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmişlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur".

Səməd bəy Mehmadarovla Əliağa Şıxlınskinin daha məşhur olmasını Heydər Əliyev də qeyd edirdi. Onlar bu şöhrəti Port-Artur, xüsusilə də I Dünya müharibəsi cəbhələrində qazanmışdılar. PortArtur cəbhəsində bu zabitlərin hər ikisi tapşırılan vəzifələri prinsipiallıqla icra etməklə bərabər, əzmkarlıq nümunəsi göstərib, güclü düşmən qüvvələri qarşısında rus komandanlığının süstlüyünə və acizliyinə qarşı barışmazlıq nümayiş etdiriblər. Səməd bəy Mehmandarov Port-Artur cəbhəsində ikən general-mayor rütbəsinə layiq görüldü. Rus ordusunun Port-Arturda məğlub olmasına baxmayaraq, Səməd bəyin general rütbəsinə layiq görülməsi onun hərbçi potensialından xəbər verirdi.

Bu generalların daha böyük uğurları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil milli ordusunun formalaşdırılması sahəsindəki xidmətləri ilə bağladır.

Həyatının sonuncu ilində, 2003-cü ildə Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə göndərdiyi təbrikində Heydər Əliyev Cümhuriyyət dövründə aparılan ordu quruculuğunu belə qiymətləndirirdi: "Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918– 1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynamış, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi".

Hər iki fikirdə Cümhuriyyətin ordu quruculuğu Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirilib. Azərbaycan xalqının Ümummilli lideri Cümhuriyyətin bu tarixini böyük ehtiramla xatırlayırdı. Xüsusi olaraq vurğulayırdı ki, çətin şəraitdə olmasına baxmayaraq, Cümhuriyyət ordusunun rəhbərləri yüksək intizama və hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırdılar. Bu qüvvələr isə uğurlu işlər gördülər və Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı mübarizə apardılar. Heydər Əliyev tərəfindən söylənən bu fikirlər Cümhuriyyət ordusunun formalaşma və fəaliyyət tarixinə qısa bir baxışdır. Onun bu müxtəsər fikirlərinin arxasında son dərəcə dəyərli bir tarix dayanır. Bu tarix Azərbaycanın müstəqil ordu quruculuğu tarixidir.

Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan iki il ərzində formal müstəqilliyə malik oldu. Azərbaycanı işğal edən bolşevik qüvvələri işğal etdikləri xalqlara azadlıq gətirmələri görüntüsü yaratmaq məqsədilə Azərbaycanın yerli hakimiyyət strukturlarını yaratdı və onlara müəyyən səlahiyyətlər verdi. 1920–1922-ci illərdə Azərbaycanda Hərbiyyə və Bəhriyyə Komissarlığı da mövcud oldu. Cümhuriyyət dövründən qalmış olan hərbi hissələr, o cümlədən də yeni yaradılan hərbi hissələr bu Komissarlığa tabe idi. Komissarlığın rəhbəri də milli kadr idi. Əvvəlcə Çingiz İldrım, sonra Əliheydər Qarayev Azərbaycanın Hərbiyyə və Bəhriyyə komissarı təyin edildilər. Bir daha qeyd edilməlidir ki, Azərbaycanda təşkil edilmiş milli hökumət qurumları mərkəzin əlavəsindən başqa bir şey deyildi və bu qurumların mərkəzin siyasətindən kənara çıxmaq gücləri və səlahiyyətləri yox idi. Bununla belə, Heydər Əliyev Azərbaycanın formal müstəqilliyinin mövcud olduğu illərdə də hərbi sahədə görülən işlərə biganə yanaşmağın tərəfdarı deyildi.

 

Mehman Süleymanov

Hərbi And .- 2025.- 11 aprel(№12).-S.8.