Dünyadakı
altı istiqlal muzeyindən birincisi
Biz ora çatanda işin başlamasına az
qalırdı. Bu səbəbdən də binaya tələsik
daxil olmaq istəyənlərin sayı çoxluq təşkil
edirdi. Əvvəlcə bu tələskənliyi işə
gecikməməklə əlaqələndirsək də,
sonradan öyrəndik ki, əsl səbəb fərqlidir. Sən
demə, son vaxtlar ölkəmizə gələn turistlərin
əksəriyyəti səhər saatlarında bu məkanı
ziyarət etməyi səfər proqramlarına daxil edirlər.
Dənizkənarı Milli Parkın yaxınlığında,
möhtəşəmliyi ilə göz oxşayan, üzü
Xəzərə baxan bu bənzərsiz tikilini kim ziyarət
etməyə tələsməz ki? Elə biz də tələsənlərə
qoşulub binaya daxil oluruq. Muzey Mərkəzi kimi tanınan bu
binada bir neçə muzey fəaliyyət göstərir.
Onlardan biri də binanın 3-cü mərtəbəsində
yerləşən Azərbaycan İstiqlal Muzeyidir.
AZƏRTAC Azərbaycan İstiqlal Muzeyindən
hazırladığı reportajı təqdim edir.
Azərbaycanın ilk dövlət muzeyi
Ən qədim dövrlərdən müasir zamanadək
xalqımızın mədəni-tarixi həyatındakı
mühüm hadisələri, azadlıq uğrunda
çarpışan fədailərin mübarizə yolunu əks
etdirən mühüm saxlanc yerlərindən biri Azərbaycan
İstiqlal Muzeyidir. Bu muzey Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarıdır. 1919-cu il dekabrın 7-də, parlamentin birinci
ildönümü münasibətilə Cümhuriyyət
parlamentinin binasında təsis edilən muzey təəssüf
ki, cəmi bir neçə ay fəaliyyət göstərə
bilib. Məhz bu səbəbdən Azərbaycanın ilk
dövlət muzeyi kimi tarixə düşüb.
Muzeyin direktoru Sədi Mirseyibli ilə söhbət
zamanı öyrənirik ki, bu muzey 1991-ci ildə dövlət
müstəqilliyi bərpa olunduqdan sonra yenidən öz fəaliyyətinə
başlayıb. Onun sözlərinə görə, dünyada
altı istiqlal muzeyi mövcuddur və onlardan birincisi Azərbaycandadır.
Hazırda muzeyin əsas fondunda 18 minə yaxın maddi-mədəniyyət
nümunəsi qorunur.
Azərbaycanın istiqlaliyyət tarixinin etibarlı
ünvanı
Muzeyi gəzərkən Azərbaycanın istiqlaliyyət
tarixinin bütün mərhələlərinin burada əks
olunduğunun şahidi oluruq. Tariximizlə bağlı yeni və
maraqlı məlumatlar əldə etmək baxımından bu
məkan əvəzolunmazdır. Görkəmli şəxsiyyətlərin
həyat və mübarizə yolunu əks etdirən sənədlər
burada xüsusi diqqətlə qorunur. Bu səbəbdən muzey
təkcə ziyarət deyil, həm də elmi-tədqiqat mərkəzi
kimi fəaliyyət göstərir.
Muzey altı zaldan ibarətdir. Ekspozisiya zalları və
buradakı eksponatlar böyük maraq doğurur. Girişdə
diqqətimizi Azərbaycanın dövlət rəmzləri —
Üçrəngli Bayraq, Dövlət Gerbi, Himni və
Konstitusiyanı əks etdirən sənədlər cəlb
edir. Burada, həmçinin XVIII əsrdə xanlıqlara
bölünmə dövrü, Rusiya-İran müharibələri,
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinə dair materiallar da yer alır.
Əli bəyin skripkası, Şeyx Şamilin məktubu
və daha nələr...
Sədi müəllim bizi eksponatlarla tanış edərkən
Qafqaz İslam Ordusu əsgərinə aid kitab, Əli bəy
Hüseynzadənin Bakıda çəkilmiş sonuncu fotosu və
Şeyx Şamilin möhürü ilə təsdiqlənmiş
məktubu xüsusi vurğulayır. Bildirir ki, muzeyə hər
ay yeni eksponatlar əlavə olunur.
Onun sözlərinə görə, son illərin ən
böyük nailiyyətlərindən biri xaricdən 161 maddi-mədəniyyət
nümunəsinin muzeyə gətirilməsidir. Bu əşyalar
Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan
Alpsar tərəfindən muzeyə hədiyyə olunub. Əli
bəyə məxsus skripka da diqqəti çəkən
eksponatlardandır. O, bu musiqi aləti ilə Avropa bəstəkarlarının
və Üzeyir Hacıbəylinin əsərlərini ifa edib.
Skripka 2016-cı ildə muzeyə verilib, 2017-ci ildə bərpa
olunaraq sərgiyə çıxarılıb.
Əli bəyin Türkiyədə həbsdə olarkən
çəkdiyi rəsmdə isə həbsxananın həyəti
“cənnətin bir guşəsi” kimi təsvir olunub. Bu rəsmdə
onun ailəsi ilə görüş anı əks etdirilib və
böyük emosional dəyərə malikdir.
33 il “Qəsri Qacar” zindanında
“Mədəniyyət xeyriyyəçiliyi” layihəsi
çərçivəsində Cənubi Azərbaycanın
müdafiə naziri Cəfər Kaviyanın oğlu Maqsud
Kaviyanın muzeyə hədiyyə etdiyi qılınc və
digər əşyalar da xüsusi maraq doğurur. Sədi
Mirseyibli bildirir ki, 1945-46-cı illərdə qurulan “21 Azər”
hökuməti dövründə bu qılınc Ələkbər
Deraxşani tərəfindən Cəfər Kaviyaya təqdim olunub.
Səfər Xan Qəhrəmaninin 33 il “Qəsri Qacar”
zindanında məhbus həyatı yaşaması,
azadlığı üçün şaha məktub yazmaqdan
imtina etməsi onun xalq uğrunda mübarizəsini göstərən
faktlardandır. Ona aid təsbeh və müşdik muzeydə
qorunur.
Burada, həmçinin Cənubi Azərbaycanda baş
vermiş Məşrutə, Xiyabani və "21 Azər" hərəkatlarına
dair sənədlər və eksponatlar da yer alır.
Xocalı soyqırımını lentə alan kamera
“Qarabağ zalı”nda İlham və Fərizədən
yadigar qalan əşyalar diqqətdən yayınmır. Azı
ona görə ki, bu əşyalar bizim müasir tariximizə,
Qanlı 20 Yanvar hadisələrinə şahidlik edir.
İlhamın şərfi və Fərizənin istifadə elədiyi
fincan, İlhamın doğum günündə Fərizə tərəfindən
onun üçün alınan hədiyyə... Bütün
bunlar hər bir ziyarətçi kimi, bizi də təsirləndirdi.
Həmçinin burada rənglərinin yeri səhv
düşən Azərbaycan Bayrağı diqqətimizi cəlb
edir. Müsahibimiz bu bayrağın unikal tarixi barədə ətraflı
məlumat verir. Qeyd edir ki, bu bayraq 1989-cu il mayın 28-də
saat 11-də Qız qalasının üzərində Faiq Həsənov
adlı şəxs tərəfindən qaldırılıb:
“Bayrağın hazırlanmasının maraqlı tarixi var. Belə
ki, bayraq gecə saatlarında komendant saatında qaranlıq bir
otaqda tikilib. Səhər baxıblar ki, bayrağın rənglərinin
yeri səhv düşüb. Ancaq buna baxmayaraq, o bayraq
Cümhuriyyətin yarandığı gün Qız qalası
üzərində dalğalandırılıb. Bu bayraq 1995-ci
ildə Faiq Həsənov tərəfindən İstiqlal
Muzeyinə hədiyyə edilib. Biz isə bu bayrağı
istiqlala, müstəqilliyə tələsən bayraq
adlandırırıq”.
Bu zalda müşahidə etdiyimiz əşyaların
sırasında kiçik bir kamera görünür. Öyrənirik
ki, kamera Seyidağa Mövsümlüyə məxsusdur.
Xocalı soyqırımından ilk fraqmentlər bu kamera ilə
lentə alınıb.
Svarovski daşları ilə bəzədilmiş
“Qurani-Kərim”
Muzeydə Ümummilli Lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən
materiallar - fotolar, kitablar əks olunur. Burada muzey ziyarətçiləri
üçün maraq doğuran maketlər saxlanılır.
Bunlar Ulu Öndərin siyasi fəaliyyəti dönəmində
zavod və fabriklərin açılışı zamanı
ona verilmiş hədiyyələrdir. O hədiyyələrdən
bir neçəsi muzeydə qorunur. Zalda svarovski daşları
ilə bəzədilmiş “Qurani-Kərim” maraq yaradır.
Muzeyin direktoru bildirir ki, müqəddəs kitabımız
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
nəşr edilib və bunun bir nüsxəsi də İstiqlal
Muzeyinə təhvil verilib.
Muzeyə ziyarətçi sayının ilə
uyğun dəyişdiyini söyləyən hömsöhbətim
bildirdi ki, bu, həm də mövsümi xarakter
daşıyır. Ötən il muzeyi ziyarət edənlərin
sayının 8 mindən çox olduğunu söyləyən
Sədi müəllim deyir ki, ən müsbət məqam ziyarətçilər
sırasında xarici turistlərin get-gedə
çoxalmasıdır.
Muzey işçilərinin vaxtaşırı təlimlərdə
iştirak etdiyini söyləyən muzeyin direktoru deyib ki, əməkdaşların
hazırlıq səviyyəsi daim diqqət mərkəzində
saxlanılır: “Mədəniyyət Nazirliyinin göstərişi
ilə əməkdaşlar üçün mütəmadi
olaraq treninqlər təşkil edilir. Misal üçün,
yeni işçi, bələdçi və yaxud elmi
işçi olsun fərq etməz, işə
götürülərkən ona müəyyən bir sınaq
dövrü verilir. Həmin dövrdə özünü
doğruldan işçilərlə əmək müqaviləsi
bağlanılır”.
Müharibədən xilas olmuş xəzinəmiz
Muzeylə tanışlıq zamanı “Müharibədən
xilas olmuş xəzinəmiz” adlı guşə də diqqətimizi
cəlb edir. Marağımızı görən Sədi
müəllim bildirir ki, Birinci Qarabağ müharibəsi
başlayanda bir sıra muzeylər öz eksponatlarını
müharibə zonasından uzaqlaşdırmaq qərarına gəlib.
Bunların içərisində Füzuli
Tarix-Diyarşünaslıq Muzeyi, Cəbrayıl
Tarix-Diyarşünaslıq Muzeyi, Rahib Məmmədov adına
Ağdam Döyüş Şöhrəti Muzeyi var idi.
“2014-cü Füzuli muzeyinin beş minə qədər əşyasını
Horadiz şəhərində fəaliyyət göstərən
muzeyə təhvil vermişik. Həmçinin 11 əşya
Döyüş Şöhrəti Muzeyinə qaytarılıb.
Hazırda Cəbrayıl muzeyinin 19 mindən artıq maddi-mədəniyyət
nümunəsi muzeyimizdə qorunub saxlanılır.
Şükür, artıq torpaqlarımız işğaldan
azad olunub və həmin muzeylər doğma
Qarabağımızda fəaliyyətə başladıqdan
sonra biz həmin əşyaları tam təhvil verəcəyik.
Çünki biz o eksponatları müvəqqəti olaraq
saxlayırıq”.
Muzeydən ayrılarkən belə bir qənaətə
gəlirik: buranı ziyarət edənlər əliboş geri
dönmür. Çünki burada hər kəs
üçün yetəcək qədər böyük bir
tarix xəzinəsi var. Elə isə tələsin,
çünki “yüz eşitməkdənsə, bir görmək
yaxşıdır” deyimi bu muzeydə gerçəyə
çevrilir.
Hərbi And .- 2025.- 18 aprel(№13).-S.15.