Azərbaycanda hərbi ənənələrin bərpası onun gəlişi ilə başladı – Heydər Əliyev və hərb tarixi məsələləri

 

  Bu dövr istər Azərbaycan tarixi, istərsə də Azərbaycanın hərb tarixi üçün kifayət qədər maraqlı və ziddiyyətli bir dövrdür. Çünki siyasi mahiyyətinə, ideoloji ziddiyyətlərinə, mərkəzin diktatçılıq üsul-idarəsinə baxmayaraq, bolşevizm ideologiyasına aldanmış müəyyən milli qüvvələr Azərbaycanın hüquqlarının qorunub saxlanması üçün müəyyən cəhdlər göstərməyə çalışırdılar. Bu, ordu quruculuğunda da belə idi. Erməni daşnaklığı ilə çulğalaşmış olan bolşevizmin işğalçı mahiyyətinə baxmayaraq, sovetləşdirilməkdə olan Azərbaycan ordusunda da bir sıra milli keyfiyyətlərin qorunmasına cəhd göstərilirdi. Baxmayaraq ki, bolşevik işğalının elə ilk günlərindən Cümhuriyyət ordusunun hərbi qüvvələri, bu qüvvələrin zabit və əsgərləri kütləvi qırmızı terrora məruz qaldılar. Hətta Əliheydər Qarayevin rəhbərliyi altında Qarabağda Azərbaycanın sovetləşmiş hərbi hissələri erməni-daşnak qüvvələrinə qarşı çox ağır döyüşlər apardılar. Nəriman Nərimanov və bolşevizmə tapınmış olan bir sıra şəxslər, o cümlədən də elə sonradan Azərbaycanın Hərbiyyə və Bəhriyyə komissarı təyin edilmiş Əliheydər Qarayev yeni şəraitdə bolşevizmin Azərbaycana qarşı siyasətində milli maraqların qorunmadığının şahidi oldular. Erməni-daşnak qüvvələri Azərbaycanın sovetləşməsindən əvvəl Azərbaycana qarşı hansı münasibətdə idilərsə, Azərbaycanın sovetləşməsindən sonra da həmin münasibətdə qaldılar. Hətta müəyyən hallarda bolşevizmə arxalanmaqla Azərbaycana qarşı daha ifrat mövqe tutdular. Bu qüvvələrin Qarabağın dağlıq hissəsindəki yeni təcavüzünə qarşı da bolşevizm rəhbərliyi tərəfindən aydın və kəskin münasibət bildirilmədi. Onda Cümhuriyyət dövründən qalmış hərbi qüvvələrin köməyi ilə Qarabağın erməni qüvvələrindən qorunması planı ortaya qoyuldu və bu plan həyata keçirildi.

Sovetləşmənin ilk dövrünün parlaq hərbi nümayəndələrindən biri olan Cəmşid Naxçıvanskinin bir hərbçi kimi fəaliyyəti və onun Azərbaycanda hərbi ənənələri davam etdirmək sahəsindəki xidmətləri də Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilirdi.

Cəmşid Naxçıvanskinin adı hazırda sovet Azərbaycanının ilk dövrünün hərb işinin simvoluna çevrilib. Azərbaycanın XX əsrin 20–30-cu illərinin hərb tarixindən danışarkən göz önünə gələn ilk hərbçilərdən biri də məhz Cəmşid xan Naxçıvanskidir. Heydər Əliyev də Cəmşid Naxçıvanskinin hərbi keyfiyyətlərini layiqincə qiymətləndirirdi. 1972-ci ildə Heydər Əliyevin xüsusi səyləri ilə Bakıda əsası qoyulan hərbi-internat məktəbə də onun təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adı verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil Azərbaycan ordusunun məhvi xətti götürüldü və çox tezliklə də buna nail olundu. Yeni tarixi şərait Azərbaycanlılar arasında hərb işi üçün tamamilə yeni vəziyyət yaratdı. Heydər Əliyev bu dövrün hərbi irsinin də doğru-düzgün öyrənilməsinin vacibliyini qeyd edirdi.

Heydər Əliyev Azərbaycan övladlarının İkinci Dünya müharibəsindəki iştirakına xüsusi yer ayırırdı. Onun çıxışlarında həm azərbaycanlıların bu müharibədə iştirakı, onların göstərdikləri qəhrəmanlığın, arxa cəbhədə qələbənin əldə edilməsinə Azərbaycan xalqının verdiyi töhfələrin, həm də İkinci Dünya müharibəsinə olan mövcud münasibətlərin geniş təhlili aparılıb. Bu müharibə azərbaycanlılar arasında hərb işinin yeni və zəngin bir səhifəsidir və Heydər Əliyev bu səhifənin obyektiv, mili dəyərlər baxımından qiymətləndirilməsinə təkid edirdi.

İlk növbədə, Heydər Əliyev İkinci Dünya müharibəsinə münasibətdə təftişçi baxışlara yol verilməsini qətiyyətlə rədd edir, tarixi hadisələrə, tarixi proseslərə dəyişən siyasi baxışlara siyasi konyukturaya görə deyil, dövrün obyektiv reallıqlarına uyğun olaraq qiymət verilməsini istəyirdi. Heydər Əliyevə görə, yeni tarixi şəraitdə İkinci Dünya müharibəsinə münasibətdə yeni yanaşmaların ortaya çıxması həmin dövr Azərbaycan tarixinin birtərəfli qiymətləndirilməsi, Azərbaycan xalqının bu müharibənin aparılması ilə bağlı ortaya qoyduğu xidmətlərin üzərindən xətt çəkilməsi olardı. Heydər Əliyev bu müharibənin qələbə ilə başa çatdırılması üçün Azərbaycan xalqının xidmətlərinin yüksək qiymətləndirirdi və bu məsələyə obyektiv yanaşılmasının tərəfdarı idi.

Müharibənin qələbə ilə başa çatdırılmasında Heydər Əliyev hər bir azərbaycanlı döyüşçünün böyük şücaət göstərdiyini və onların qəhrəmanlıqları ilə Azərbaycan tarixinə dəyərli bir səhifə yazıldığını bildirirdi. Bu tarixi xidmətləri Heydər Əliyevin bütövlükdə faşizmin qarşısının alınmasında Azərbaycan xalqının ortaya qoyduğu xidmətlər kimi xatırlayırdı. H.Əliyev Azərbaycan xalqının bu tarixi xidmətlərinə, hərb meydanında göstərdiyi qəhrəmanlıqlara görə qürur keçirdiyini bəyan edirdi. Eyni zamanda, Heydər Əliyev xalqın bu fədaklarlığının nəsillərə nümunə olduğunu və nəsillər tərəfindən öyrənilməli olduğunu qeyd edirdi.

Azərbaycan oğullarının İkinci Dünya müharibəsi illərində göstərdiyi igidliklərin, qəhrəmanlıqların üzə çıxarılmasında, əbədiləşdirilməsində və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev özü də çox fədakarlıq göstərirdi. O çalışırdı ki, bu qəhrəmanlıq tarixi gənclərə çatdırılsın, İkinci Dünya müharibəsi illərində ata-babaların miras qoyduğu qəhrəmanlıq ənənələri davam etdirildiyi kimi, İkinci Dünya müharibəsində yaradılan yeni qəhrəmanlıq tarixi də gələcək nəsillər tərəfindən davam etdirilsin. Heydər Əliyevin sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mehdi Hüseynzadənin igidliklərinin üzə çıxarılmasında və onun qəhrəmanlığının layiqli qiymətini tapmasında əvəzsiz xidməti olmuşdu. Onun xatirəsinə Bakıda abidə ucaldılması və bununla onun qəhrəmanlığının əbədiləşdirilməsi də Heydər Əliyevin şəxsi təşəbbüsünün və təşkilatçılığının nəticəsi idi.

Heydər Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlığına da Azərbaycan xalqına başucalığı gətirəcək bir dəyər kimi baxırdı, onun igidlikləri ilə qürur yaşadığını və bu qəhrəmanlığın əbədiləşdirilərək gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildirirdi. Ümummilli lider şübhə etmirdi ki, Həzi Aslanov kimi qəhrəmanlar Azərbaycanın yeni nəsil hərbçilərinin, generallarının yetişməsində bir örnək ola bilər.

İkinci Dünya müharibəsinin başa çatmasından sonra Azərbaycan milli diviziyalarının ləğv edilməsini Heydər Əliyev təəssüflə xatırlayırdı. Bu, bir tərəfdən azərbaycanlı zabit kadrlarının dağılmasına və azalmasına gətirdi, digər tərəfdən isə hərbi hissələrdə milli hərbi ruhun inkişafına son qoydu. Bunun nəticəsi idi ki, XX əsrin 60-cı illərində Sovet Silahlı Qüvvələrində yüksək rütbəli azərbaycanlı zabit kadrları artıq qalmamışdı. Belə bir vəziyyətin yaradılmasını Heydər Əliyev Sovet imperiyasının məqsədyönlü siyasəti kimi qiymətləndirirdi: "Bu, o vaxtkı sovet imperiyasının siyasəti idi. Mən bu siyasəti görürdüm".

Heydər Əliyev bildirirdi ki, Azərbaycan milli diviziyaları dağıdılmasaydı, həmin diviziyaların tərkibində yeni zabit kadrları, o cümlədən də yüksək rütbəli zabit kadrları yetişə bilərdi. Mərkəz isə ordu daxilində milli kadrların çoxalmasına heç də rəğbətlə yanaşmırdı. Ona görə də tezliklə mövcud olan milli diviziyalar yenidən ləğv edildi. Nəticədə, XX əsrin 60–70-ci illərində azərbaycanlılar arasında hərbi ənənələrin zəifləməsi, hərbi işə bağlılığın zəiflədilməsi halları xarakterik oldu. Heydər Əliyev azərbaycanlılar arasında hərbi işin yadırğadılmasına yönəldilmiş belə bir siyasəti qəbuledilməz sayırdı.

1969-cu ildə respublika rəhbəri seçiləndən sonra Heydər Əliyev Azərbaycanda hərbi ənənələrin bərpası, hərbçi peşəsinə münasibətin dəyişdirilməsi üçün yeni bir dövr başladı. Onun rəhbərliyi altında azərbaycanlılar arasında hərbi işin vəziyyəti ciddi şəkildə araşdırıldı, Bakıda yerləşən ali hərbi məktəblərə azərbaycanlı gənclərin cəlb edilməsi, Azərbaycandan hərbi xidmətə cəlb edilən çağırışçı kontingentinin ciddi hərbi ixtisaslı hərbi hissələrdə xidmətə göndərilməsi, azərbaycanlı məktəblilərin ali hərbi məktəblərə hazırlaşdırılması üçün konkret və əməli tədbirlər həyata keçirildi.

Müstəqilliyin bərpasından sonra Azərbaycanın hərb tarixinin Heydər Əliyev mərhələsi başlayır. Bu mərhələdə Azərbaycanda yeni və müasir ordunun əsası qoyuldu, hərbi quruculuğa yeni bir məzmun verildi, hərb tarixinin yeni və hər zaman öyrənilməyə layiq olan səhifəsi yazıldı.

Nəticə

Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan xalqının hərb tarixinin öyrənilməsinə və təbliğinə xüsusi əhəmiyyət verirdi. Onun mövqeyinə görə:

1) Azərbaycanın hərb tarixi Azərbaycanın qəhrəmanlıq tarixi, qürur mənbəyi, Azərbaycan xalqının başucalığı, onun keçmişinin ayrılmaz parçası idi;

2) Heydər Əliyev irsində Azərbaycanın hərb tarixi, eyni zamanda cəmiyyətin mənəvi-vətənpərvərlik tərbiyəsinin ən təsirli örnəyi kimi qiymətləndirilirdi;

3) Heydər Əliyev üçün Azərbaycanın hərb tarixi həm də hərb işinin öyrənilməsinin heç vaxt dəyərini itirməyəcək bir mənbəyi idi və ona görə də təkid edirdi ki, Azərbaycanın bütün tarixi kimi onun hərb tarixi də dürüst öyrənilməlidir.

 

Mehman Süleymanov, Silahlı Qüvvələrinin Hərbi Akademiyası

Hərbi And .- 2025.- 18 aprel(№13).-S.5.