Əfsanəvi Komandir: Cavad Həkimlinin
İgidlik Dastanı
Dünya hərb tarixində ən
dağıdıcı və dəhşətli müharibə
hesab edilən İkinci Dünya müharibəsinin qələbə
ilə başa çatmasından 80 ilə yaxın vaxt
ötür. 1945-ci il mayın 9-da qanlı-qadalı
Böyük Vətən müharibəsi qələbə ilə
yekunlaşdı. O sovet xalqlarının birliyinin, həmrəyliyinin
gücü sayəsində alman faşizminə son qoyuldu. Azərbaycan
xalqının minlərlə qəhrəman, igid oğlu
faşizm üzərində qələbənin
qazanılmasında qəhrəmanlıq nümunələri
göstərdi. Onlardan biri də əfsanəvi partizan Mehdi
Hüseynzadənin komandiri olmuş, 162-ci
"Türküstan" diviziyasının legioneri, İtaliya
və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı
"Ruska-Çeta" rotasının rəhbəri, kapitan
Cavad Ataxəlil oğlu Həkimli idi. O, 1914-cü il
oktyabrın 20-də İrəvan quberniyasının Ləmbəli
kəndində anadan olmuşdu. Tiflisdə yeddiillik məktəbi
bitirdikdən sonra 1928-ci ildə kəndlərinə qayıdan
Cavad su idarəsində işləyən atasına təsərrüfat
işlərində köməklik edir. Torpağa olan məhəbbəti
Cavad Həkimlini 1929-cu ildə Krımın Yalta şəhərciyində
Təsərrüfat Texnikumuna gətirib çıxarır.
Tütünçülük fakültəsinə qəbul
olunur. Üçillik təhsilini müvəffəqiyyətlə
başa vuraraq Ləmbəli kəndinə qayıdan Cavad Həkimli
1936-cı ilə qədər kənddə sovxozda
çalışır.
1936-cı ilin avqustunda Tiflis Hərbi məktəbinin
ikiillik piyada qoşunları fakültəsinə qəbul olur.
Əla qiymətlərlə oxuduğuna görə
Voroşilov adına təqaüd də alır. 1938-ci ildə
Cavad Həkimli təhsilini Ordjonikidze şəhərində Hərbi
məktəbin piyada fakültəsində davam etdirməyə
gedir. Təhsil müddəti 2 il 6 ay əlavə uzadılan Həkimlini
Böyük Vətən müharibəsi başlayan kimi onun da
Ordjonikidze adına Hərbi məktəbin məzunları ilə
birlikdə Krım cəbhəsinə göndərirlər.
1942-ci ilin mayında Krım cəbhəsində
döyüşlərdə ağır yaralanır və almanlar
tərəfindən əsir götürülür.
Ukraynanın Çerniqova vilayətinin Priluki şəhərində
almanlar fəhlə batalyonu yaradırlar. Burada Cavad Həkimli
Mehdi ilə tanış olur və onlar alman dilini bildiklərindən
bir neçə gündən sonra yük qatarı ilə
Berlinə - Dolerits rayonuna 4-cü tərcüməçilər
bölməsinə göndərilirlər. Burada 3 ay təhsil
aldıqdan sonra onlar Nayxenberq qəsəbəsinə, 162-ci
Türküstan alman diviziyasına gətirilirlər.
Sovet İttifaqı ilə müharibənin gedişində
alman komandanlığı hərbi əsirlərdən milli
birləşmələr - legionlar yaradırdı. Onlara təxribat
və silahlı mübarizə planı hazırlamaq
tapşırılmışdı. Bunlardan biri də 162-ci
"Türküstan" diviziyasının 314-cü alayı
Azərbaycan legionu idi.
Alayın komandiri alman podpolkovniki Polle idi. Mehdi və
Cavad burada tərcüməçi kimi
çalışırdılar. Onlara müharibənin lap
başlanğıcında könüllü olaraq almanların
tərəfinə keçmiş Əbdürrəhman Fətəli
bəy Düdənginski rəhbərlik edirdi. Mehdi fransız
dilini də bildiyindən almanlar ondan daha çox istifadə
edirdilər.
Cavad Həkimli və Mehdi Hüseynzadə başqa hərbi
əsirlərlə - Qasım Əmrahov, Sadiq Nadirli, Cabbar
Quliyev, Mikayıl Qulubəyov, Əsəd Qurbanov, Camal
İsmayılov və başqaları ilə birlikdə necə
olursa-olsun, partizanlara qoşulmaq, əsirləri hərbi əsir
düşərgəsindən çıxartmaq
üçün çarə axtarırlar. Onlar sovet əsirlərindən
ibarət gizli təşkilat - rus rotası yaradır,
düşərgədəki 23 min əsir arasında möhkəm
təbliğat işi aparırlar. Təşkilatın rəhbəri
Mehdi "Qurbətzadə Mixaylo" imzası ilə Azərbaycan
dilində "Hüququnu itirmiş dostuma" sərlövhəli
vərəqələr çap edərək, onları qrup rəhbərləri
və üzvləri vasitəsilə əsirlər arasında
yayırdı. Sonu "Alman faşistlərinə
ölüm!" cümləsi ilə bitən bu vərəqələr
alman faşistlərinin yaxın vaxtlarda darmadağın
olunacağından, sovet qoşunlarının bütün cəbhə
boyu uğurlu hücumundan bəhs edən, intiqama səsləyən
mübariz bir ittihamnamə idi.
1943-cü ilin noyabrında Cavad Həkimli və Mehdi
Hüseynzadəni yoldaşları ilə birlikdə istehkam
qurmaq üçün Şimali İtaliyanın Triyest şəhəri
yaxınlığındakı Villi Opçina qəsəbəsinə
gətirirlər. Əsirlər işlədikləri
üçün burada bir qədər azadlıqda idilər.
İlk fürsət düşən kimi Mehdi Aleksandr adlı
bir sloveniyalının tanış etdiyi bacısı Savva
adlı kəşfiyyatçı qızın köməyi ilə
(Savva "Uzaq sahillərdə" filmindəki Anjelikanın
prototipidir) partizanlarla əlaqə yaratmağa nail olur.
1944-cü ilin fevralında Triyest şəhəri
yaxınlığında Villi Opçina qəsəbəsində
Cavad Həkimli Mehdi ilə birlikdə yerli vətənpərvərlərin
köməkliyi ilə legiondan qaçaraq, meşələrdə
gizlənib tezliklə İtalyan-Yuqoslav 9-cu partizan korpusuna
qoşulur.
Cavad Həkimlinin təşəbbüsü ilə
9-cu korpusun tərkibində legionlardan qaçmış
keçmiş sovet hərbi əsirlərindən
formalaşmış yeni rota təşkil olunmuşdu. Bu rota
"Ruska-Çeta" adlanırdı. C.Həkimli yekdilliklə
onun komandiri seçildi. Bu rotanın kəşfiyyatçısı
və siyasi hissə üzrə komandir köməkçisi
Mehdi Hüseynzadə idi. C.Həkimlinin rəhbərliyi ilə
"Ruska-Çeta" dəstəsi çoxsaylı
faşistin məhv edilməsində iştirak etmişdi. Məhz
burada Mehdi Hüseynzadə öz əfsanəvi qəhrəmanlığını
göstərmişdi. Tezliklə Cavad Həkimli
A.İ.Dyaçenkonun komandanlığı ilə 2-ci rus
batalyonunun qərargah rəisi təyin olundu.
Qrupun vəzifəsi faşistlərin olduğu yerlərdə
təxribat aktları keçirtmək, vərəqələr
yaymaq, legionerlərin qaçışını təşkil
etmək idi. Fevralın ortalarında Mehdi Savvanın köməyi
ilə 57, bir qədər sonra 15, daha sonra isə 5 azərbaycanlı
hərbi əsirin qaçışını təşkil
edir. Alman dilini və faşist ordusunun qaydalarını bilmələri
Cavad Həkimli, Mehdi Hüseynzadə və onun 4 nəfərdən
ibarət təxribat qrupunu alman ordusunun hərbi
qulluqçuları kimi geyinərək, almanların çox
toplandıqları yerlərə daxil olub, təxribatlar törətməyə
imkan verirdi. Onlar Villi Opçinada (Triyest
yaxınlığında) kino-teatrın (bu zaman 110 nəfər
alman zabit və əsgəri məhv edilmiş və yaralanmışdı),
Triyest əsgər evinin, kazinonun, daha sonra mehmanxana və mətbəənin
partladılmasında iştirak edirlər. Triyestdə
hitlerçilərin olduğu benzinlə dolu iki anbarını
partladırlar, alman generalını əsir alırlar. Triyestdə
çıxan "Pikkola" faşist qəzetinin redaksiyasını
və mətbəəsini mina ilə partladırlar. Bu qrup ilk əməliyyat
olaraq alman eşelonunun keçdiyi körpünün
partladılması tapşırığını uğurla həyata
keçirmişdi. Partizanlar dəmir yollarını
minalayır, alman avtomaşınlarını məhv edir,
restoran və barları dağıdır, faşist
işğalçılarına hər yerdə ziyan vururdular.
Tez bir zamanda onların təxribatlarından almanlar lərzəyə
düşdülər. Beləliklə, təxribatların daha
çox "Mixaylo" tərəfindən törədilməsi
haqda fikirlər dolaşırdı. Cavad Həkimli və
Mehdinin birgə həyata keçirdiyi təxribatlar nəticəsində
1944-cü ilin 9 ayı ərzində mindən artıq
düşmən əsgəri və zabiti məhv edilmişdi.
Ələkeçməz Mixaylonun tutulması və
ölümü üçün alman komandanlığı
300 min marka məbləğində mükafat təyin
etmişdi.
Cavad Həkimli 1994-cü ilin mayında Triyest əyalətinin
İtaliya Milli Partizan Assosiasiyasının prezidentinə
yazdığı açıq məktubunda qeyd edirdi:
"Triyest və Qoriçiya şəhərlərinin azad
olunmasında bir neçə diqqətsizliyə yol
verilmişdir. Belə ki, bu ərazilərin azad olunmasında
9-cu korpusun bütün bölmələri və 4-cü
Yuqoslaviya nizami ordusu iştirak etmişdir".
1945-ci il 24-25 aprel tarixlərində I rus briqadası
Tarnovskiy meşəsində Otlisa-Aydovşınanın
başlanğıc mövqelərindən Branik kəndi
yaxınlığında Vipava çayını keçərək,
Komen-Dutovli və Sezanaya hücum etmişdi. Aprelin 29-da Villi
Opçina şəhəri yaxınlığında Triyesta
rayonu uğrunda güclü döyüşlər
başlamış və bu rayonların ələ
keçirilməsi uğrunda döyüşlər 3 may 1945-ci
ildə almanların müqaviməti bitənə qədər
davam etmişdi. Onlar müqavimətin mənasız olduğunu
dərk etdikdə tamamilə təslim olmuşdular. Bu şəhərlərin
azad edilməsi əməliyyatını I rus ordusunun
briqadaları həyata keçirmişdi.
1944-cü ilin noyabrında Vipavski düzənliyinin kəndlərindən
birində xəyanət nəticəsində Mehdi həlak
olur, partizan yoldaşları və cəbhə dostları onu dəfn
edirlər. Yalnız Cavad Həkimlinin və 9-cu korpusun qərargah
rəhbərliyinin dəstəyi nəticəsində əfsanəvi
qəhrəman Mixaylo yenidən təntənəli şəkildə
torpağa tapşırılır. Gecə vaxtı Mixaylonun cəbhə
dostları onun qəbrini qazıb nəşini
çıxardırlar və aramsız yağan güclü
yağışın altında çiyinlərində
partizanların olduğu yerə - Yuqoslaviyanın Dyubi şəhərindən
qərbə Çepovani kəndinə gətirirlər. Burada
qəhrəman həmyerlimizi müsəlman adət-ənənəsinə
uyğun olaraq yuyub, kəfən əvəzinə
paraşüt ipəyinə bürüyüb partizan şərəfi
ilə dəfn edirlər. Hətta məzarının
üstünü də sevimli komandiri Cavad Həkimli
özü yazmışdı. Həkimlinin, ümumiyyətlə,
müharibə dönəmində 1950 əsgərindən
yalnız 86 nəfəri azərbaycanlı idi. Qalanları
özbək, türkmən, uyğur, tatar və başqa
xalqların nümayəndələri idi.
Müharibə başa çatdıqdan sonra Cavad Həkimli
silahdaşları ilə birlikdə SSRİ-yə
qaytarılır. Podolsk şəhərinin Smerş bölgəsinə
çatandan sonra Cavad Həkimli yoxlama - filtrasiya məntəqəsindən
keçir. Orada öz dəsti-xətti ilə Mehdi Hüseynzadənin
xasiyyətnaməsini yazaraq, Dövlət Təhlükəsizlik
Komitəsinin arxivinə təhvil verir. Yoxlamanın nəticəsi
olaraq, Cavad Həkimli Ufa şəhərinə göndərilir.
Burada da bütün yoxlamalardan keçir. Ufadan sonra onu məhkəməsiz
və istintaqsız Komi Muxtar Respublikasına keçmiş hərbi
dustaqlar düşərgəsinə göndərirlər. O,
burada meşə təsərrüfatı ilə məşğul
olur.
1946-cı ildə Cavad Həkimli, nəhayət ki, azad
olunur və Bakıya gəlir. Əfsanəvi Mixaylonun
bacıları Bikə Əlizadə və Huriyyət Əzizbəyova
ilə görüşərək, Mehdinin şəxsi əşyalarını
onlara təhvil verir, onun qəhrəmanlığından,
şərəfli döyüş yolundan danışır.
Doğma Ləmbəli kəndinə qayıdandan sonra bir
müddət yerli şərab zavodunda işləyir.
1963-cü ildə İrəvan nəşriyyatında onun
"İntiqam" adlı xatirə kitabı çap edilir.
Bu kitabda Cavad Həkimli Mixaylonu da unutmur, ondan
danışır. Cavad Həkimli 1981-ci ildə təqaüdə
çıxır.
Cavad Həkimli 1958-ci ildə "Uzaq sahillərdə"
filminin çəkilişində əsas məsləhətçi
olmuş, hətta filmin iki epizodunda çəkilmişdi.
Filmin çəkilməsi üçün AzTv
telekanalından Cavad Həkimliyə işə qəbul
haqqında 12 sentyabr 1957-ci ildən 31 mart 1958-ci ilə qədər
əmr verilir. Hətta bu filmdə məsləhətçi
kimi iştirakına görə 1958-ci ildə ona 790 manat pul
mükafatı yazılır.
Qarabağ müharibəsi başlayanda ailəsi ilə
məcburi köçkün kimi 1988-ci ildə Moskva şəhərində
məskunlaşmalı olur. 1989-cu ildən ailəsi ilə
birlikdə Bakıda yaşayır. Burada o, Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
fəal üzvü kimi ali və orta məktəblərdə
gənclərlə görüşür, xatirələrindən
danışırdı. Hər il 11 apreldə (Mehdi
Hüseynzadənin ölümündən sonra Sovet
İttifaqı Qəhrəmanı aldığı gün), 9
may - Qələbə Günü, 2 noyabr - Mehdinin həlak
olduğu gün Bakının mərkəzində yerləşən
əfsanəvi qəhrəmanın abidəsinin
qarşısına gəlir, üzərinə
qırmızı qərənfillər düzərək, ziyarət
edirdi. 2004-cü ildə Cavad Həkimlinin 90 illik yubileyi qeyd
olunmuşdur.
Əfsanəvi komandir 2006-cı il fevralın 27-də
Bakı şəhərində vəfat edir və Bakıxanov
qəsəbəsinin məzarlığında torpağa
tapşırılır.
Cavad Həkimlinin timsalında İkinci Dünya
müharibəsində həlak olan
soydaşlarımızın əziz xatirəsi
xalqımızın qəlbində əbədi yaşayacaq. Qəhrəman
həmyerlilərimizin Vətəndən uzaqlarda göstərdikləri
fədakarlıqlar unudulmur, onların keçdiyi şərəfli
ömür yolu gənclərimizə həqiqi örnəkdir.
Lalə Hüseynova
Hərbi And .- 2025.- 18 aprel(№13).-S.14.