DÖYÜŞ
MEYDANINDA ŞƏHİD ƏMİMİN QİSASINI ALDIM
Sizinlə Azərbaycanımızın gözəl, bərəkətli
rayonlarından biri olan Cəlilabadın Xanəgah kəndində
sadə, halal zəhməti ilə dolanmış, öz
güzəranında firavan yaşamış bir ailənin həyat
hekayəsini paylaşmaq istəyirəm. Kiçik bir ev, isti
ocaq, süfrəsi ruzili ailə ata, ana və yeddi uşaqdan
ibarət idi. 1957-ci ildən əvvəlcə Bakının
Lökbatan qəsəbəsində, sonra isə Xırdalan
şəhərində məskunlaşıblar.
Ailə başçısı Bəybala Binyətov,
ömür-gün yoldaşı isə Şamayıl Binyətova
adlı nurüzlü bir xanım idi. Övladların
ayrı-ayrılıqda adlarını sadalamayacağam.
Əsas qəhrəmanımızı tanısaq, kifayət edər
- şəhid Binyətov İlyas Bəybala oğlu. Bəli,
şəhidlik zirvəsinə yüksəlmiş,
adını yaşatdığım əmimdən və Vətən
müharibəsi iştirakçısı kimi öz
döyüş yolumdan bəhs edəcəyəm.
İlyas Binyətov 12 fevral 1971-ci ildə dünyaya gəlib.
Qismətə bax ki, o, anası ilə eyni gündə və
ayda doğulub. İlyas Abşeron rayonunun Xırdalan şəhərindəki
2 və 3 saylı tam orta məktəblərdə, habelə 8
saylı texniki peşə məktəbində təhsil
alıb. Sonra Təmir-tikinti trestində işləyib. 1989-cu
ildə müddətli həqiqi hərbi xidmətə
çağırılıb. Rusiya Federasiyasının o
vaxtkı Kuybışev (indiki Samara) şəhərində
SSRİ DİN-in Daxili Qoşunlarının tərkibində
nümunəvi hərbi xidmət keçib. 1991-ci ilin iyun
ayında hərbi xidmətdən tərxis olunaraq, doğulub
boya-başa çatdığı Vətəninə
qayıdıb.
Həmin dövrdə ölkəmizin üzərini
qara buludlar bürümüşdü. Xalqımız Ermənistanın
torpaqlarımıza qarşı hərbi təcavüzü ilə
üz-üzə qalmışdı.
Əmim döyüşlərə qatılmaq
üçün dəfələrlə könüllü
olaraq hərbi komissarlığa müraciət edib. Nəhayət,
1992-ci ilin sentyabr ayının 20-də babam Bəybala kişi
onu müqəddəs kitabımız olan “Qurani-Kərim”in
altından keçirərək, Allahın himayəsinə
sığınmağı söyləyib və oğluna son dəfə
xeyir-dua verib. Ardınca o, Azərbaycan Respublikası DİN-in
Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə
yola salınıb.
İlyas şəxsi hərbi təcrübəsinə
və bacarığına güvənərək komandirlərin
əmr və tapşırıqlarını böyük
peşəkarlıqla yerinə yetirib. Həmişə əsgər
yoldaşlarına öz köməyini əsirgəməyib.
1992-ci ilin sentyabr-noyabr aylarında Ağdərə
rayonunun Dovşanlı, Heyvalı və Yayıcı kəndlərində
qaniçən düşmənə qarşı qətiyyətlə
vuruşub. Çıldıran kəndinin alınmasında cəsurluğu
ilə fərqlənib. Əlbəttə, ailəsi də daim
İlyasa və ordumuzun bütün vuruşan oğullarına
namaz üstə Tanrıya əl açaraq dualar edib.
Sanki Ana Vətən İlyası öz qoynuna, əbədi
cənnət qoxan beşiyinə
çağırırmış. Noyabrın 19-u İlyas
Sırxavənd döyüşündə düşmənin
üzərinə qorxmadan şığıyıb, amma
qaniçən, vəhşi yağı onu ürəyindən
nişan alıb. Əmim Sırxavənd kəndi uğrunda gedən
döyüşdə ilk şəhidimiz olub.
Üçrəngli bayrağımıza
bükülmüş cənazəsi gətiriləndən və
xəbəri bildiriləndən bir gün əvvəl
Şamayıl nənəm məhəlləyə gələrkən,
binanın qabağında gözünə mafa
görünüb. Bəybala babam isə həmin gecə
heç kimə danışmadığı, amma ona əyan
olan bir yuxu görüb. Hər iki valideyninə oğullarının
şəhadətə ucalması barədə Tanrı tərəfindən
ilk xəbər əyan olub.
İ.Binyətov 1992-ci il noyabrın 20-də Bakı
şəhərindəki Şəhidlər xiyabanında hərbi
ehtiramla, yaylım atəşi açılaraq torpağa
tapşırılıb.
Əmim şəhidlik zirvəsinə ucalandan sonra
Şamayıl nənəm ömrünün sonuna qədər
bir daha başına xına qoymadı, heç bir toyda, hətta
övlad toyu olsa belə, əlini qaldırıb oynamadı.
Bir əhdi vardı: “Oğlumun adını yaşadan nəvəm
İlyazın toyunda başıma xına qoyub, əl
qaldırıb oynayacağam” - deyərdi. Lakin toyumu görmək
nənəmə qismət olmadı.
Mən, İlyaz Binyətov əmimin şəhid
olmasından iki il sonra, 1994-cü il aprelin 16-da anadan
olmuşam. 2001-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki
1 saylı tam orta məktəbdə 1-ci sinfə
başladım. 2-ci sinifdən 11-ci sinfə qədər isə
Xırdalan şəhərindəki 2 saylı tam orta məktəbdə
təhsilimi davam etdirdim. 2012-ci ildən 2016-cı ilədək
Azərbaycan Dövlət İqtisad Universitetində statistika
ixtisası üzrə ali təhsil almışam.
2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi
xidmətə çağırıldım. Hərbi xidmətimi
Müdafiə Nazirliyinin Ağcabədi, Beyləqan və
Ağdam rayonlarında yerləşən “N” saylı hərbi
hissələrində keçdim. Manqa komandiri vəzifəsində
xidmətimi layiqincə yerinə yetirmişəm. Komandirim, o
vaxt “baş leytenant” hərbi rütbəsində olan Həmidağa
Dadaşovun sayəsində artilleriya sahəsini
bacardığım qədər mükəmməl öyrənməyə
çalışırdım. 2017-ci ildə ordu
sıralarından tərxis olundum.
2020-ci ilin sentyabr ayının əvvəllərində
komandirimlə Xırdalanda görüşdüm. Artıq o,
“kapitan” hərbi rütbəsini almışdı. Söhbət
əsnasında mənə bildirdi: “Hazırlıqlı ol,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda döyüşlər başlayarsa, sən də hərbidə
artilleriya ixtisasına yiyələndiyin üçün orduya
mütləq gərək olacaqsan”.
Təxminən 10 gün sonra - sentyabr ayının 28-dən
29-a keçən gecə, hardasa saat 2-3 radələrində
müharibə janrında olan “Ayla” adlı filmə
baxırdım. Həmin gecəni yaxşı
xatırlayıram. Kinonun sonunda gözlərimdən yaş
süzüldü və sonra yuxuya getdim. Sentyabrın 29-da səhər
saat 7 radələrində tanımadığım bir nömrədən
gələn zənglə yuxudan ayıldım. İlk sual isə
bu cümlə ilə başladı: “Salam, İlyaz Binyətovdur?”.
O an artıq hər şeyin fərqinə varmışdım.
Vətən torpaqları 28 il əvvəl ön cəbhəyə
gedən əmim kimi, indi də məni gözləyirdi…
Atam 28 il əvvəl babam Bəybala kişinin etdiyi
kimi, səbrli, soyuqqanlı və təmkinli şəkildə
məni müqəddəs kitabımız olan “Qurani-Kərim”in
altından keçirib, Allahın himayəsinə
tapşıraraq, bağrına basdı və dedi: “Sən
şəhid əmin İlyasın qisasını alıb,
torpaqlarımızı geri qaytaracaqsan”.
2020-ci il sentyabrın 29-da döyüşlərə
qatıldım. Əvvəlcə Mingəçevirdəki “N”
saylı hərbi hissəyə yola düşdüm. Həmin
hərbi hissədə komandirim kapitan H.Dadaşovla
görüşməyim məndə xoş bir əhval-ruhiyyə
yaratdı. O da mənimlə eyni istiqamətdə
döyüşlərə qatılacaqdı. Bu xoş təsadüf
hər ikimizin üzündə təbəssüm yaratdı,
eyni zamanda bir-birimizə bir daha bu taleyüklü haqq
savaşında daha da əzmli, güclü, iradəli olmaq
üçün doğmalıq hissini ötürdü.
Kapitan H.Dadaşov “N” saylı hərbi his-sənin
minaatan batareyasının komandiri idi, mən isə həmin
batareyanın 6-cı manqasının komandiri. Bu, Allahın mənə
bəxş etdiyi, heç vaxt unutmayacağım qismət ii.
Füzuli, Cəbrayıl və Zəngilan
rayonlarının işğaldan azad olunması uğrunda gedən
döyüşlərdə layiqincə iştirak etdim.
Noyabrın 5-də Zəngilanda düşmənin üzərinə
xeyli sayda mərmi yağdırdım, o anlar heç vaxt
yadımdan çıxmaz.
Əmimin ruhu hər zaman mənimləydi, məni mənfur
düşmənin mərmisindən və gülləsindən
qoruyurdu. Müharibədə hamımız eyni məqsəd
üçün vuruşurdıq: işğal olunmuş
torpaqlarımızı geri qaytarmaq və şəhidlərimizin
qisasını almaq. Biz buna nail olduq. Haqq
savaşımızı qələbə ilə sona
çatdırdıq.
Mən ön cəbhəyə getdiyim ilk gün şəhid
qanı ilə yoğrulmuş bir ovuc torpağı əmimin məzarına
qatacağımı əhd etmişdim. Müharibədən
dönəndən sonra Şəhidlər xiyabanında əmimin
qəbrini ziyarət edərək, şəklini öpdüm,
ona qələbə xəbərini çatdırdım. Hiss
edirdim ki, əmimin ruhu bu görüşü gözləyirmiş.
Daha sonra cibimdəki şəhid qanı ilə qarışan
bir ovuc torpaq payımı çıxardıb, əmimin sinə
daşının ətrafında olan güllərlə
örtülmüş torpaq sahəsinə
qarışdırdım. Həmin an çox kövrəlmişdim,
gözlərimdən bir neçə damla yaş axaraq həmin
torpağa töküldü. Bu, əlbəttə ki, sevinc
göz yaşları idi. Çünki hər insana
adını yaşatdığı şəxsin
qisasını alıb, onun ruhunu şad etmək nəsib olmur.
Müharibədən sonra ilk ziyarət etdiyim ocaq
babamın evi oldu. Babam 2014-cü ildə dünyasını dəyişib.
2021-ci ilin yanvar ayında şəhid anası, Şamayıl nənəmlə
görüşməyə yollandım. İçimdə
böyük bir qürur hissi vardı, həyəcanlı idim,
çünki şəhid anasını sevindirəcəkdim,
axı onun oğlunun qisasını almışdım. Nənəmin
qabarmış əllərini öpüb, uca dağların
qarla örtülmüş zirvələrini xatırladan
ağ saçlarını oxşadım. Onun gözlərindən
yaşlar süzülürdü. Məni qucaqlayaraq təşəkkürünü
bildirdi, şəhid oğlu İlyasın qisasını
alıb, adını daim uca tutduğum üçün dualar
etdi. O, 2024-cü ildə dünyasını dəyişib.
Əminəm ki, şəhid oğlu ilə birlikdə cənnətdə
əbədi qovuşublar.
Bu müqəddəs savaşdan danışmağa
xeyli xatirəm var. “Cəbrayılın azad olunmasına
görə” və “Vətən müharibəsi
iştirakçısı” medalları ilə təltif
edilmişəm. Həmçinin Cəbrayıl və Zəngilan
rayonlarının işğaldan azad olunması uğrunda gedən
döyüşlərdə vəzifə borcumu layiqincə
yerinə yetirdiyimə görə fəxri fərmanla
mükafatlandırılmışam.
Müharibədən sonrakı hər il əmimin və
digər şəhidlərimizin məzarlarını ziyarət
edərkən, onların ruhlarının rahatlıq
tapdıqlarını qəlbimin dərinliyində hiss edirəm.
Şəhidlik ən ali zirvədir. Uşaqlıqdan
bizə öyrədiblər ki, şəhidlər bu dünyaya
bizlərə xoş, firavan və əmin-amanlıqla dolu həyat
bəxş etmək üçün Tanrı tərəfindən
göndərilmiş mələklərdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
İlyaz Binyətov
Vətən müharibəsi
iştirakçısı
Hərbi And .- 2025.- 26 dekabr(¹49).-S.12.