Bu gün Vətən
müharibəsi şəhidi Elfak Daşdəmirovun cənnətdəki
doğum günüdür
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında
başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı
həyata keçirərək işğal altındakı
torpaqlarımızı qısa müddətdə düşməndən
azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz
qətiyyəti, xalqımızın birliyi və şanlı
ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində
44 günlük müharibə Azərbaycanın tam qələbəsi
ilə başa çatdı. Və bütün dünya 10
noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin,
gücünün və qüdrətinin bir daha şahidi oldu.
İgid Vətən oğulları döyüşdə göstərdikləri
qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”,
“Qarabağ bizimdir!”. Bu gün hər bir Azərbaycan vətəndaşı
bizi 30 illik Vətən həsrətindən sonra
işğaldan azad olunmuş Qarabağımıza,
Şuşamıza, Xankəndimizə, Xocalımıza, eləcə
də digər tarixi yurd yerlərimizə qovuşduran Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə
minnətdardır. 44 günlük müharibədə
döyüş meydanında misilsiz igidlik nümunələri
göstərən qəhrəman ordumuz Müzəffər Ali
Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin
qisasını aldı, onların qanı yerdə qalmadı.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun
Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri
zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın
sayəsində Xankəndi və Xocalı şəhəri
separatçılardan təmizləndi, Azərbaycan dövləti
suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda,
Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad
olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan
Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan
xalqı işğaldan azad olunmuş şəhərlərin
azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd
edir. Artıq xalqımız ölkə
başçısının müvafiq sərəncamlarına
əsasən hər il sentyabrın 20-sini Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə şəhərləri
günü kimi də qeyd edəcəklər. Prezident,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli
ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin
sevincini hər bir azərbaycanlı bu gün də
böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan
qalib bir ölkə kimi bütün dünyaya səs
salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində
işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs
üçrəngli bayrağımız dalğalanırsa,
buna görə Ali Baş Komandana, canlarını fəda edən
şəhidlərimizə, sağlamlıqlarını itirən
qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə
minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda aparılan mübarizədə
əbədi zirvəyə ucalmış şəhidlərimizi
tanıtmaq və yad etmək vətəndaş olaraq hər
birimizin borcudur. İllər ötsə belə bizlərə
44 günlük haqq savaşında hər gün qələbə
sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər
və zabitləri, hərbçiləri,
sağlamlığını itirən qazilərimiz,
ruhları qarşısında bir ömür boyu baş əydiyimiz
şəhidlərimiz heç vaxt unudulmayacaq.
44 günlük Vətən müharibəsində
adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik
zirvəsinə ucalan igid oğullarımızdan biri də
şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur.
Bu gün ölümündən sonra 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni, “Vətən
uğrunda”, “Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin
cənnətdəki növbəti doğum günüdür.
Yaşasaydı igid Vətən oğlunun bu gün 29
yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə
sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz
xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində
iştirak edərək Qarabağ uğrunda şəhid
olmuş bütün şəhidlərimiz kimi, Elfak Daşdəmirov
da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan
xalqı var Elfak kimi oğullarımız daim qəlblərdə
yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi
igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq,
yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək
nəsillər hər zaman Elfak tək oğullardan örnək
götürəcək. Məkanın cənnət, ruhun
şad olsun igid Vətən oğlu! Ruhun qarşısında
baş əyirik Şəhidim!
Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə
Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur.
2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli
kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil
olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini
bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd
Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu
sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin
11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan
Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə
həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan
Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə
olmuşdur.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasında
qismən səfərbərlik elan edilməsi haqqında”
müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il
sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi
tərəfindən qismən hərbi səfərbərliyə
cəlb olunmuşdur. “N” saylı hərbi hissənin baş
atıcısı hərbi vəzifəli əsgər Elfak
Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl
bölgəsində torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci
il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında
izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazılan 44 günlük İkinci Qarabağ müharibəsində
minlərlə Vətən övladı doğma
torpaqlarımızın hər qarışı uğrunda son
damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq
nümunələri göstərdilər. Vətən naminə
canlarından keçən igid oğullarımızın
döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar
ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilərək onlar orden və
medallara layiq görüldülər. Bütün şəhidlərimiz
kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır.
O, ölümündən sonra cənab Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
“Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən “Döyüşdə fərqlənməyə
görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
"Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr
2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
olunmuşdur. 2021-ci ilin 26 avqustunda Qazaxın Bakı istiqamətindən
girişində (Obeliskin yanı) igid Vətən oğlunun
adını əbədiləşdirən bulağın
açılışı olub.
Qazax Rayon İcra Hakimiyyəti
başçısının “Şəhid adlarının əbədiləşdirilməsi
məqsədilə Qazax şəhərində mövcud olan
adsız küçələrə şəhid olmuş
şəxslərin adlarının verilməsi haqqında” 31
mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına
əsasən şəhər ərazisində adsız olan
küçələrdən birinə 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordenli şəhidimizin
adı verilib.
Hərbi And .- 2025.- 2 may(¹15).-S.16.