DİQQƏT
İRƏVANA!
(I bölüm)
“İrəvan qədim şəhərlərdən
birisi hesab olunur. Bu şəhərin binası və təmiratı
Zəngi adlanan çayın sol kənarında vaqe olubdur.
Şəhərin bir hissəsi Zəngi çayının kənarında
ucalmış təpə üstündə, digər bir hissəsi
çuxurda düşübdür. Şimali-qərbi və
şimali-şərqi tərəflərdən şəhər
əhatə olunubdur uca təpələr ilə, amma cənub
və qərbi-cənub tərəfləri açıq və
düz yerlərdir ki, onda gözəl bağ, bağça və
məzrələri vardır. …Şəhri-İrəvan
keçmişdə mərkəzi-üləma, füzəla və
şüəra olub”, - İrəvan şəhərinin
coğrafiyası ilə bağlı bu tərif-təyin
görkəmli Azərbaycan ədəbiyyatşünası
Firidun bəy Köçərliyə aiddir.
İndi Ermənistan Respublikasının paytaxtı
olsa da, tarixdən bəlli olduğu kimi, ermənilər İrəvana
geniş surətdə 1828-ci il Türkmənçay
(Rusiya-Qacarlar) müqaviləsindən sonra, 1828-30–cu illərdə
köçürülüb. 1918-ci ildə isə yeni qurulan -
tarixdə ilk erməni dövlətinin - Ermənistan
Respublikasının paytaxtı olub. - Tarixdə başqa belə
fakt demək olar yoxdur, - yəni, bir şəhər 90 il
içində ora mərhələlərlə
köçürülmüş başqa bir xalqın
paytaxtı statusunu daşısın… Çünki:
-Orada ərazi üzərində öncədən əhalisi
olmayan bir şəhər deyil, mədəniyyətcə zəngin,
müsəlman-türk şəhəri mövcud idi;
-90 il öncə ora köçürülmüş
bir xalq, uluslararası siyasi proseslərdən yararlanaraq həmin
şəhəri özünün milli-siyasi paytaxtı elan etməyə
nail oldu;
-Bu, şəhər-mülkiyyət və kimlik
transformasiyasının dramatik, hüquqi baxımdan da
problematik bir örnəyidir.
İrəvanda: 1829-cu ildə 9889 nəfər azərbaycanlı,
2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı,
4484 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı,
7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı,
12529 erməni yaşayırdı.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci
il tarixli iclasında keçmiş SSRİ-nin ilk və son
Prezidenti Mixail Qorbaçov da vurğulayırdı ki, XX
yüzilliyin əvvəlində İrəvan şəhərinin
sakinlərinin 43 faizini azərbaycanlılar təşkil edirdi.
Artıq 1922-ci ildə bu qədim Azərbaycan şəhərində
5124 nəfər azərbaycanlı, 40396 erməni, 1926-cı
ildə isə 4968 nəfər azərbaycanlıya
qarşı 57295 erməni yaşamaqdaydı…
Şəhərin adı 1936-cı ilədək
Erivan/İrəvan adlansa da, 1936-cı ildə dəyişdirilib
rəsmən Yerevan qoyuldu...
Aydındır ki, şəhər əhalisi zorən dəyişən
dinamika nümayiş etdirdiyi kimi, onun siması, infrastrukturu və
s. də dəyişdirilirdi.
İrəvanda son yüzillikdə Ermənistan
hökumətinə aid strukturların yerləşdiyi binalar
azərbaycanlılara məxsus evlər, mülklər və hətta
qəbristanlıqlar sökülüb-dağıdılaraq
onların yerində tikilib. İndi Paşinyanın əyləşdiyi
Hökumət Evi, Ermənistan parlamentinin, Ermənistan
Prezidentinin, İrəvan meriyasının və b. binaları
bir vaxtlar o koordinatlarda mövcud olmuş, bizimkilərə xas
ev-eşik, mal-mülk, bağ-bağat və (artıq
vurğuladğımız kimi) hətta məzarlıqların
yerində alçaqlıqla “ucaldılıb”…
Belə tikililərin bəzisi İrəvanın
ünlü azərbaycanlılarından Məhəmməd
ağa Vəkilovun mülkünün yerində - onun tapulu
torpağında tikilib. Biz bu yazıda Vəkilovlara vurğu
etsək də, ümidvarıq, digər nəsillərin
nümayəndələri də öz səsini (bir daha)
ucaldacaq, daha konkret və azbilinən, unudulan bilgiləri
ictimaiyyətə çatdıracaqdır. Və indiyədək
bu planda iş görmüş, araşdırmalar
aparmış, əsərlər yazıb kitablar
bağlamış aydınlarımıza könül dolusu
salam-sayğılarımı yetirirəm!
Haşiyə-1:
İRƏVAN VƏKİLOĞULLARI
Qazax-İrəvan-Şərur-Dərələyəzdə
(eləcə də, Tiflis və Dərbənddə) məskunlaşan
Vəkiloğulları - Vəkilovlar nəslinin bir hissəsi
İrəvan şəhərində yaşayıb. Onların
ulu babaları - Paşa bəy və Cəfər bəy Kərim
bəy oğulları buraya Qazaxdan köçüb.
Vəkilovlar İrəvanda artıb-şaxələnib,
həmin çağların bu türk-müsəlman şəhərində
mötəbər ailələrdən sayılıb. Köhnə
İrəvanda onların adını daşıyan
"Vekilovskaya ulitsa" olub. Nəslin nümayəndələrindən
Hacı Cəfər bəy İrəvanda məscid tikdirib.
Sonralar, bir çox digər küçələr (Pənah
Xan, Sultanlıq, Naxçıvan, Daşlı, Dəyirman,
Karvansaraylar, Təpəbaşı küçələri, Qəriblər
gecəsi, Məscid döngəsi və b) kimi həmin
küçənin də adı dəyişdirilib.
Vəkilovların İrəvanda Təlmə adlanan
bağları, dəyirmanları, çörək
dükanları olub. İndiki İrəvanda "Rossiya"
kinoteatrının qarşısından uzanan geniş ərazi
də onların olub.
İrəvan Vəkilovlarının kökündə
dayanan Paşa bəy Kərim bəy oğlunun İrəvana
XIX yüzilin ortalarında köçdüyü təxmin
edilir. Onun bu şəhərə gəlişinin səbəbi
tam bəlli deyil.
Paşa bəydən bir oğul - Kərim bəy
qaldığı güman edilir. Kərim bəyin də öz
növbəsində üç oğlu olub - Məhəmməd
bəy, Paşa bəy, Cəfər bəy (görünür,
Hacı Cəfər bəydən oğul davamçı
qalmadığından Kərim bəy əmisinin adını
oğluna qoyub).
MƏHƏMMƏD AĞA VƏKİLOV
(MƏHƏMMƏD BƏY KƏRİM BƏY OĞLU
VƏKİLOV)
Məhəmməd ağa şəhərin sayılan
adamlarından olub. Onun övladları bunlardır: Kərim bəy,
Qədim bəy, Yusif bəy, Hüseyn bəy, Səkinə
xanım, Sura xanım, Həbib bəy.
İrəvan şəhərində doğulmuş
ünlü Vəkilovlar:Pofessor Telman Hüseyn oğlu Vəkilov
- bir müddət Azərbaycan SSR Qazlaşdırma Komitəsinin
sədri, sonra (keçmiş) SSRİ-nin Neft-Qaz Sənayesi
nazirinin müavini işləyib;
Polkovnik Qədim bəy Vəkilov - II Dünya
müharibəsinin iştirakçısı olub, Berlinin azad
olunmasında iştirak edib, Berlinin rayonlarından birinin hərbi
komendantı olub;
Professor Vaqif Vəkilov - hazırda Tibb Universitetinində
çalışır;
Məhəmməd ağa Vəkilovun oğlu Kərim
bəy diplomatik fəaliyyətlə məşğul olub.
Böyük nəsil olan Vəkilovların İrəvan
qolunun nümayəndələrindən həyatda olanlar var və
onlar İrəvanda keçirdikləri günləri
yaxşı xatırlayır.
(Haşiyənin sonu)
İrəvanda “Âåêèëîâñêàÿ óëèöà” - Vəkilov küçəsi
(Վեկիլով փողոց;
خیابان وکیلوف
(Xiyaban-e Vəkilov); Vakilov Street) mövcud olması, onların
şəhərsalma və inzibati mühitdə
tanınmış hüquqi subyekt olduqlarının göstəricisidir.
O dönəmin gerçəklərini, dövrün iqtisadi
intonasiyasını nəzərə alsaq, deməli, Vəkilovlar
ticarət obyektləri (dəyirman, çörək
dükanı və s.) – daşınmaz əmlak üzərində
hüquqi mülkiyyət haqqını sübut edən iqtisadi
göstəricilərə malik olub.
Ayrıca, “Təlmə/Dəlmə” adlanan bağlar və
torpaq sahələri və s. – özəl torpaq mülkiyyətçiliyi
hüququnun tarixi izidir.
Vəkilovlardan Hacı Cəfər bəyin tikdirdiyi məscid
– yalnız ictimai nüfuz deyil, həm də mülki və
dini hüquq əsaslı tanıqbəlgəsi (şəhadətnamə)
kimi səciyyələndirilə bilər.
1924-cü ildə şəhərşünas-memar
Aleksandr Tamanyanın (04.05.1878, Yekaterinodar (Krasnodar), Rusiya
İmperiyası - 20.02.1936, İrəvan, Ermənistan SSR)
işlədiyi baş plana əsasən İrəvanın mərkəzində
Lenin (indiki Respublika) meydanı yaradılırdı. Burada əsas
məqsəd Ermənistan SSR hökumətinin yerləşməsi
üçün monumental bina tikmək, bununla da, İrəvanın
klassik Azərbaycan (Türk-İslam) şəhəri imicini
“Sovet Ermənistanının paytaxtı” imici ilə dəyişmək
- şəhərə yeni obraz vermək olub.
Aydındır ki, İrəvanın simasını
köklü şəkildə dəyişim planı yalnız
bir tikili və bir küçə, bir meydanla
ölçülmürdü. Bu plan içrə, Vəkilovların,
eləcə də digər İrəvan azərbaycanlılarının
torpaqları müsadirə olunub, mülkiyyət
hüquqları pozulub, varidatları dağıdılıb.
Alternativ (və daha simvolik) məkan olan İrəvan
Xan Sarayının ərazisi mərkəzi icra hakimiyyəti
orqanları üçün məqsədli şəkildə
seçilməyib (Hökumət Evi “Xan Sarayı”
assosiasiyasında - paralel adında qalmasın deyə)… Saray isə
sonradan yerlə bir edilib...
Hökumət Evi və çevrəsindəki yeni
tikililərin memarlıq və ideoloji göstəricilərinə
gəldikdə, onlar neoklassik və “erməni milli üslubu”nda
tikilib, monumental görüntü yaradılıb. Müvafiq meydan
və bina başda olmaqla, yeni tikililərlə “erməni
dövlətçiliyi”nin simvolunu yaratmağa cəhd olunub
(Respublika Meydanı, Hökumət Evi 1, 0010 İrəvan, Ermənistan;
ətraf İnfrastruktur: Ermənistan Tarix Muzeyi, Milli Qalereya və
s.)
Bütün bu vurğuladığımız məqamlar
Sovet hakimiyyətinin İrəvanda öncəki mədəniyyət
qatlarını yox etmək siyasəti ilə tam üst-üstə
düşür...
Başqa vacib vurğular:
-Dövlət binaları tikilərkən
yaxınlıqda sökülmüş binaların – o cümlədən
Vəkilovlar mülkünün yararlı daş, ağac və
s. materiallarından da istifadə edilib;
-Respublika Meydanı – sonradan Ermənistanın siyasi rəmzinə
çevrilib və burada kütləvi siyasi aksiyalar, dövlət
tədbirləri keçirilib. - O cümlədən şəhərin
əsl sakinlərinin, Azərbaycanın, Türk-İslam aləminin
əleyhinə çıxışlar edilib, Azərbaycanın,
Türkiyənin bayraqları o meydanda qorxaqcasına
ayaqlanıb, alçaqcasına yandırılıb…
(Davamı var)
Əkbər Qoşalı
Hərbi And .- 2025.- 2 may(¹15).-S.15.