Azərbaycan və Çin münasibətlərində
açılan yeni səhifə hər iki ölkənin
strateji maraqlarına uyğun inkişaf edir
Azərbaycan və Çin arasında münasibətlər
tarixən dostluq və qarşılıqlı hörmətə
əsaslanıb, hər iki ölkə özünün milli
maraqlarını müdafiə etmək və dünya
iqtisadiyyatında daha fəal mövqe tutmaq məqsədilə
sıx əməkdaşlıq edib. Son dövrlərdə,
xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən
bu əlaqələrdə yeni bir mərhələ
başlayıb.
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə
müdiri Aqil Əsədovun AZƏRTAC-a şərhində
bildirib ki, Azərbaycan-Çin tərəfdaşlığının
əsasında dövlət başçılarının
dostluq münasibətləri, bir-birilərinə olan
etimadı, qarşılıqlı səfərlər, rəsmi
şəxslərin və biznes nümayəndələrinin
görüşləri dayanır.
“Prezident İlham Əliyevin Çin Xalq
Respublikasına növbəti dövlət səfəri ikitərəfli
münasibətlərin inkişafı istiqamətində
növbəti bir addımdır. Dövlət
başçısının səfərləri ölkələr
arasında inteqrasiyanın daha da güclənməsinə və
yeni-yeni əməkdaşlıq imkanlarının
yaranmasına öz töhfəsini verərək uzunmüddətli
perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng
istehsal mərkəzi kimi dünyanın ikinci ən
böyük iqtisadiyyatına malik fövqəldövləti ilə
genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına
dair çoxsaylı razılaşmalar mövcuddur”,- deyə o
qeyd edib.
Aqil Əsədovun sözlərinə görə,
Çin kimi qüdrətli dövlətlə əməkdaşlıq
etmək, müxtəlif sahələrdə yaxın münasibətlər
qurmaq bir çox ölkələrin hələ də
reallaşmayan arzularıdır: “Lakin Azərbaycan və
Çinin inkişaf fəlsəfəsindəki
oxşarlıqlar, hər iki ölkə liderinin etibarlı tərəfdaş
olması, qlobal çağırışlara və beynəlxalq
hüquqa həssas yanaşması Azərbaycanı Çin
üçün, Çini də Azərbaycan
üçün əhəmiyyətli edir. Coğrafi-strateji
üstünlükləri daha da möhkəmləndirən
düşünülmüş siyasət, zamanında
verilmiş doğru qərarlar, proqram təminatlı dövlət
idarəetməsi, hələ 25 il əvvəldən start
götürən genişmiqyaslı infrastruktur quruculuğu Azərbaycanı
regionun liderinə, qlobal əhəmiyyətli etibarlı tərəfdaşa
çevirib. Artıq, bütün dünya təsdiq və qəbul
edir ki, “...dediyini edən və etdiyini deyən” Azərbaycanın
dövlət başçsı etibarlı tərəfdaş
kimi hər zaman sülhü, təhlükəsizliyi, əməkdaşlığı
dəstəkləyir. Azərbaycan beynəlxalq hüquqa
hörmətlə yanaşan bütün dövlətlərlə
hər bir layihədə rəqabətə deyil, əməkdaşlığa
üstünlük verir.
Prezident İlham Əliyevin Çinə səfəri
çərçivəsində istehsal, investisiya, ticarət,
nəqliyyat, enerji, təhsil, əqli mülkiyyət, ədliyyə
və s. istiqamətlərdə Azərbaycan-Çin əməkdaşlığını
nəzərdə tutan 20-yə yaxın mühüm sənəd,
hərtərəfli strateji tərəfdaşlıqla
bağlı Birgə Bəyanat imzalanıb. Bütün bunlar dünyanın
ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti
ilə münasibətlərdə yeni səhifənin – daha
yaxın əməkdaşlıq, daha böyük ticarət
dövriyyəsi, daha intensiv daşınmalar, tranzitdən daha
çox gəlir əldə etmək, irihəcmli və
genişmiqyaslı qarşılıqlı investisiya
qoyuluşları, kosmik, elmi-texniki, rəqəmsallaşma
istiqamətlərində əməkdaşlıq, vizaların
ləğvi, “Kəmər, yol” üzrə əməkdaşlıqların
daha da dərinləşdirilməsi və s. kimi perspektivlərin
yer aldığı səhifənin
başlanğıcıdır”.
İİTKM-in şöbə müdiri bildirib ki, Azərbaycan
özünün aqrar məhsullarını, xam neft və
qazını Çin bazarlarına ixrac etməkdə
maraqlıdır.
“Çin isə Azərbaycanda infrastruktur layihələrinə
və texnoloji sahələrə investisiyalar yatırmaqla burada
uzunmüddətli iqtisadi əlaqələr qurmağı hədəfləyir.
İki ölkə arasında əlaqələr yalnız
iqtisadi deyil, həm də strateji əməkdaşlığın
inkişafına xidmət edir. Azərbaycan Çinlə olan
siyasi əlaqələri gücləndirməklə, həm də
özünün beynəlxalq arenadakı mövqeyini daha da
möhkəmləndirir. İmzalanan sənədlərə əsasən,
iki ölkə arasında elm-təhsil əlaqələri də
inkişaf edəcək, hər iki tərəf təhsil sahəsində
qarşılıqlı layihələrə dəstək verəcək
ki, bu da universitetlər, məktəblər arasında əməkdaşlığa
təkan olacaq. Nəticədə azərbaycanlı gənclərin
yeni texnologiyalara çıxışı, bu sahədə
bilik əldə etmək imkanları asanlaşacaq. Nəzərə
alaq ki, dünyanın nəhəng istehsal mərkəzi olan
Çin, həm də əhalisinin sayına görə
Hindistandan sonra dünyada ikinci yerdədir. Bu isə o deməkdir
ki, dünya əhalisinin 20 faizə yaxını və ya 1,5
milyarddan çox insan Çin dilində danışır.
Elm-təhsil, mədəniyyət, turizm və s. sahələrdə
inteqrasiyanın bir üstünlüyü də odur ki,
Çin dilini mənimsəyən azərbaycanlıların
sayı artacaq. Bu isə Çində tətbiq edilən
“nou-hau”ların, innovasiyaların daha yaxşı mənimsənilməsinə,
qlobal çağırışlara uyğun mütəxəssislərin
formalaşmasına öz töhfəsini verəcək”, - deyə
şöbə müdiri bildirib.
Aqil Əsədovun sözlərinə görə, səfərin
daha bir mühüm nəticəsi iki ölkə arasında
viza rejiminin ləğv edilməsidir: “Çin dünyanın ən
böyük turist bazarlarından biri olmaqla yanaşı, Azərbaycanın
unikal təbiəti, tarixi abidələri və mədəniyyəti
ilə maraqlanır. Artıq 1,5 milyarddan çox əhalisi
olan Çindən ölkəmizə yaxın zamanda minlərlə
turistin gəlməsi reallıqdır və turizm sektorunun buna
hazır olması vacibdir. Eyni zamanda, Azərbaycan və
Çin arasında uçuşların artırılması,
Çində fəaliyyət göstərən Azərbaycan
Ticarət evlərinin də imkanlarından istifadə edərək
turizm sahəsində təbliğat işlərinin
aparılması ikitərəfli münasibətləri
gücləndirmək baxımından əhəmiyyətli ola
bilər və iki ölkə arasında turizm sənayesinin
inkişafına müsbət təsir göstərər.
İmzalanan sənədlər yaşıl enerji
zonası elan edilmiş ərazilərə, enerji sektoruna
Çin investisiyalarının cəlb edilməsinə imkan
yaradacaq ki, nəticədə həm də Çinin Azərbaycanın
enerji sahəsindəki əsas tərəfdaşlarından
biri olmağa davam edəcəyi gözlənilir. Azərbaycanın
Çinin “Bir kəmər, bir yol” layihəsindəki
mühüm rolu da bu ölkənin regional və qlobal güc mərkəzlərində
daha da möhkəmlənməsinə şərait yaradacaq.
Ölkəmizin əlverişli nəqliyyat-tranzit
imkanları Çin məhsullarının Avropa, Ərəb
körfəzi, Afrika ölkələrinin bazarlarına
çıxışı üçün cəlbedicidir.
Birbaşa Çin lideri Si Cinpin ideyası kimi “regional əlaqələri
gücləndirmək və daha parlaq gələcəyi əhatə
etmək üçün bir cəhd” adlandırılan “Bir kəmər,
bir yol” layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının
adıçəkilən bazarlara daha çevik
çıxışını təmin etməkdir. Bu mənada
ölkələrimiz arasında “Bir kəmər, bir yol” təşəbbüsünün
birgə təşviqi üzrə Əməkdaşlıq
Planının, beynəlxalq multimodal daşımalar
haqqında sazişin imzalanması, nəqliyyat əlaqələrinin
təkmilləşdirilməsi xüsusilə diqqəti cəlb
edir. Nəzərə alsaq ki, Azərbaycanın infrastruktur təminatı
illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə
malikdir və Zəngəzur dəhlizinin açılması
isə bu həcmi 35 milyon tona qədər artırmağa imkan
verəcək, eləcə də ölkəmizdən keçən
daşıma marşrutları daha qısadır, onda Çin
məhsullarının hədəf bazarlarına
çıxarılmasında Azərbaycanın əhəmiyyəti
aydın olar. Bu mənada nəqliyyat-tranzit əlaqələrinə
iki ölkə arasında münasibətlərin mühüm
istiqaməti kimi yanaşılması zəruridir”.
İİTKM-in şöbə müdiri əlavə
edib ki, Azərbaycan-Çin münasibətləri, yalnız
iqtisadi və siyasi əlaqələrin inkişafı ilə məhdudlaşmır,
həm də regional və qlobal məsələlərdə əməkdaşlığın
dərinləşməsi ilə əhatə olunur.
“Hər iki ölkə, beynəlxalq müstəvidə
bir-birinin mövqelərini dəstəkləyir və
qarşılıqlı faydalı əməkdaşlıq
istiqamətində addımlar atır. Azərbaycan və
Çin arasında münasibətlərdə açılan
yeni səhifə hər iki ölkənin strateji maraqlarına
uyğun şəkildə inkişaf etməkdədir. Bu əməkdaşlıq,
yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəni
və sosial sahələrdə geniş imkanlar təqdim edir.
Dövlət başçılarının birlikdə
müzakirə etdiyi məsələlər, imzalanan sənədlər,
rəsmi şəxslərlə, iş dünyasının
nümayəndələri ilə keçirilən
görüşlər əsasında Azərbaycanın
Çinlə olan əlaqələrinin gələcəkdə
daha da möhkəmlənəcəyi və bu tərəfdaşlığın
həm regional, həm də qlobal səviyyədə daha əhəmiyyətli
olacağı şübhəsizdir. Bütün bunlar Azərbaycan
və Çinin strateji hədəflərə doğru birgə
addımlayacağını özündə tövsif edir”,-
deyə A.Əsədov vurğulayıb.
Hərbi And .- 2025.- 2 may(¹15).-S.13.