XTQ-nin
yaradılmasının 26-cı ildönümü qeyd olunub
Aprelin 30-da Müdafiə Nazirliyinin rəhbər heyəti
Xüsusi Təyinatlı Qüvvələrin
yaradılmasının 26-cı ildönümü münasibətilə
"N" hərbi hissəsində keçirilən mərasimdə
iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin
hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin
xatirəsinə ucaldılmış abidə kompleksinin
önünə gül dəstələri düzülüb.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov
xüsusi təyinatlılarla görüşüb.
Müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın diqqət və qayğısı sayəsində
hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması, qayğı və
problemlərinin həlli istiqamətində atılan
mühüm addımlardan danışıb.
44 günlük Vətən müharibəsində, eləcə
də digər əməliyyatlarda xüsusi təyinatlıların
göstərdiyi qəhrəmanlıq nümunələrini
qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən hər zaman
yüksək qiymətləndirildiyini xüsusi
vurğulayıb.
Nazir xüsusi təyinatlıları təbrik edib,
onlara gələcək xidmətlərində uğurlar
arzulayıb və müvafiq tövsiyələr verib.
Tədbirdə Azərbaycan Ordusunun digər hərbi
qulluqçuları kimi XTQ mənsublarının da
sarsılmaz əzmi və yüksək peşəkarlığının
ölkəmizin qürur nişanəsi olduğu diqqətə
çatdırılıb.
Xüsusi təyinatlılar adından
çıxış edən XTQ mənsubu göstərilən
diqqətə görə dövlət
başçısına və nazirliyin rəhbərliyinə
minnətdarlığını bildirib. Ali Baş Komandanın
istənilən əmr və tapşırıqlarına daim
hazır olduqlarını qeyd edib və xüsusi təyinatlıların
hər zaman olduğu kimi bundan sonra da Vətənə şərəflə
xidmət edəcəklərini və göstərilən
etimadı doğruldacaqlarını əminliklə
vurğulayıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup
hərbi qulluqçu mükafatlandırılıb.
Hərbi And .- 2025.- 2 may(№15).-S.3.