Əgər Hitler
öldürülsəydi, İkinci Dünya Müharibəsi
baş verərdimi?
Əgər Hitler öz soyqırım nəzəriyyələrini
həyata keçirməsəydi, antisemitizmin mövcud
olmasına baxmayaraq, Holokost zamanı milyonlarla yəhudi və
digər azlıqların qətliamı bəlkə də
baş verməzdi.
Əfsanəyə görə, 1918-ci ilin 28
sentyabrında, Fransa Markoinq şəhərindəki
döyüşdə cəsarətli hərəkətlərinə
görə Viktoriya Xaçı ilə təltif olunacaq
britaniyalı əsgər Henri Tendi yaralanmış əsgər
Adolf Hitleri nişangahda tutmuşdu.
Guya Tendi axsayan alman əsgərinə acıyaraq onu
vurmayıb. Hitler isə minnətdarlıqla başını
yelləyib və oradan uzaqlaşıb.
Tarixçilər bu hadisənin Hitlerin öz
uydurması olduğunu düşünsələr də, bu
uydurma əhvalat maraqlı bir sual ortaya qoyur: Birinci Dünya
Müharibəsinin mənasız qırğınları
fonunda tətik bir dəfə də çəkilsəydi,
dünya tarixi necə dəyişə bilərdi?
Yəni, İkinci Dünya Müharibəsi daha
böyük iqtisadi və siyasi səbəblərlə onsuz da
baş verəcəkdimi? Yoxsa bu müharibə yalnız
Hitlerin tarixi öz iradəsinə tabe etdirməsi nəticəsindəmi
baş verdi?
Nasistlər Hitlersiz hakimiyyətə gələ bilərdimi?
Nasist Partiyasının ilkin forması Alman Fəhlə
Partiyası (DAP) idi və onu çilingər Anton Dreksler
yaratmışdı. Əslində, Birinci Dünya Müharibəsindən
sonra Hitler Alman Ordusunun kəşfiyyat xidmətinin
tapşırığı ilə bu partiyaya sızmalı idi.
Lakin nəticədə o, bu ideologiyaya bağlandı və
1921-ci ildə partiyanın liderinə çevrildi.
Deməli, Almaniyada işçi sinfinə söykənən
sağçı bir partiyanın yaranması, iqtisadi
böhranlar və məğlubiyyət sonrası yaranan
qisasçıl əhval-ruhiyyə fonunda Hitlersiz də
mümkün idi. Çünki almanlar inanırdılar ki,
İmperiya ordusu əslində məğlub olmayıb, sadəcə
“arxadan bıçaqlanaraq” təslim olub.
Digər tərəfdən, nasistlərin hakimiyyətə
gəlməsi ilə bağlı bir sıra qeyri-adi şəraitin,
xüsusilə Hitlerin şəxsiyyəti ətrafında cərəyan
edən hadisələrin ciddi sübutları mövcuddur. Məsələn,
1932-ci ildə keçirilən seçkilərdə Hitler və
nasistlər cəmi 37 faiz səs toplaya bilmişdilər.
Əhalinin 53 faizi isə general və dövlət
xadimi Paul fon Hindenburqu prezident seçmişdi. Hindenburq nasistləri,
o cümlədən Hitleri şəxsən sevməsə də,
siyasi böhran fonunda koalisiya qura bilmədi və nəhayət,
təzyiqlərlə Hitleri kansler təyin etməyə
razı oldu. Ardınca Reyxstaq binasında təşkil
olunmuş yanğın hadisəsindən istifadə edən
Hitler Hindenburqu parlamenti buraxmağa və onu fövqəladə
səlahiyyətlərlə təmin etməyə
inandırdı.
Bu səbəbdən, nasistlərin hakimiyyətə gəlməsi
geniş xalq dəstəyindən deyil, müəyyən siyasi
manipulyasiyalardan qaynaqlanmışdı. Bu da göstərir ki,
Hitler olmasaydı, bu proseslər tam fərqli yöndə
inkişaf edə bilərdi.
Nasistlərsiz Almaniya Avropada hərbi kampaniyaya
başlaya bilərdimi?
Qısa müddətdə – yəqin ki, yox.
Şübhəsiz ki, Versal müqaviləsi almanlar tərəfindən
ədalətsiz hesab edilirdi (baxmayaraq ki, Almaniya bu müqavilə
ilə müəyyən edilən təzminatların yalnız
səkkizdə birini ödəyib və 1932-ci ildə qalan
borclar silindi). Ölkənin elitasının böyük bir
hissəsi isə Hitlerin ordunun gücləndirilməsinə
yönəlmiş siyasətini alqışlayırdı.
Xüsusilə ordu rəhbərliyi Almaniyanın yenidən
böyük gücə çevrilməli olduğunu
düşünürdü və daha militarist, avtoritar cəmiyyətin
qurulmasını dəstəkləyirdi. Versal müqaviləsinə
əsasən qadağan olunmuş tank, gəmi və təyyarələrin
hazırlanması isə 1920-ci illərdə – Hitlerin hakimiyyətə
gəlməsindən əvvəl – məxfi şəkildə
davam etdirilirdi (ironik olaraq, bu işdə SSRİ də almanlara
kömək edirdi).
Bununla belə, Vermaxtın yüksək rütbəli
zabitləri Hitlerin başladığı müharibələri
düşünülməmiş sayırdılar, hətta bəziləri
çevriliş planları hazırlayırdı. Onlar əsasən
müharibə ideyasına qarşı deyildilər, sadəcə
Almaniyanın belə bir müharibəyə hazır olması
üçün 6-10 il daha lazım olduğunu
düşünürdülər.
Deməli, Almaniya Hitlersiz də yenidən hərbi
güc kimi meydana çıxa bilərdi, amma nasistlərin təzyiqi
ilə olduğu qədər sürətli və aqressiv şəkildə
yox. Almaniya, həmçinin militarist millətçiliyə
meyillənə bilərdi. Çexoslovakiyadakı Sudet əraziləri
və Polşa dəhlizi kimi mübahisəli sərhəd
bölgələri hələ də gərginlik ocağı
olaraq qalacaqdı. Lakin siyasi proseslər nasist ideologiyası
olmadan daha az dağıdıcı bir istiqamətdə də
inkişaf edə bilərdi.
İkinci Dünya Müharibəsini Stalin
başladı?
Fransa və Britaniyanın Hitlerin hərəkətlərinə
reaksiyası böyük ölçüdə Stalin rəhbərliyindəki
Sovet İttifaqının yaratdığı təhlükə
ilə məşğul olmaları səbəbindən
qeyri-müəyyən idi. Hətta 1938-ci ildəki Münhen
böhranı zamanı belə, Paris və London Moskvadan gələn
ittifaq təklifini rədd etdilər, çünki nasistlərdən
çox, sovetlərdən qorxurdular.
Həqiqətən də, bəzi tarixçilər
mübahisəli şəkildə iddia edirlər ki, Sovet
İttifaqı Almaniyaya hücum etmək niyyətində idi.
Stalin təcavüzkar işğallardan çəkinmirdi.
1939-cu ildə Hitlerlə birlikdə Polşanı
bölüşdürdü, həmin ilin qışında
Finlandiyaya hücum etdi, sonra Baltikyanı ölkələri və
Rumıniyanın Bessarabiya bölgəsini işğal etdi.
Lakin Stalin zəif, müttəfiqsiz ölkələrə
hücum etməyi üstün tuturdu. Müharibədən əvvəlki
Qızıl Ordunun vəziyyətini nəzərə alsaq, onun
nasist Almaniyası ilə eyni səviyyədə təhlükə
yaratdığına inanmaq çətindir. 1939-cu ildə
Sovetlərin Finlandiya ilə apardığı “Qış
Müharibəsi”ndə yarım milyondan çox sovet əsgəri
və minlərlə texnika, nisbətən zəif və yüngül
silahlanmış finlilərlə mübarizədə ciddi
çətinliklərlə üzləşdi və 300 mindən
çox itki verdi. Bu zəif çıxış, Stalinə
Qızıl Ordunun Qərbi Avropa ilə qarşıdurmaya
hazır olmadığını yaxşı bildirdiyini
göstərir.
Bununla belə, Hitlerin təcavüzkarlığı Qərbi
Avropa ilə Moskva arasında mümkün strateji
qarşıdurmanın qarşısını aldı. Hitler
olmasaydı, bəlkə də erkən bir Soyuq Müharibə
başlayacaqdı.
Bəs Çin və Yaponiya nə olacaqdı?
Dünyanın altıda biri üçün İkinci
Dünya Müharibəsi 1939-cu ilin sentyabrında deyil, 1937-ci
ilin iyulunda başlayıb. Həmin vaxt İmperial Yaponiya,
Çinə qarşı əvvəlki 1933-cü il
kampaniyasından sonra daha böyük miqyaslı işğala
start verdi.
Həmin dövrdə Yaponiyada hökm sürən
militarist millətçilik əhval-ruhiyyəsi, əsasən,
Avropa müstəmləkəçiliyinə qarşı
reaksiyadan doğmuşdu, nasist ideologiyası ilə əlaqəli
deyildi. Buna görə də Yaponiya Çini hər halda
işğal edəcəkdi. Bu isə ABŞ-nin Yaponiyaya
qarşı neft embarqosu tətbiq etməsinə səbəb
olacaqdı ki, nəticədə Tokio Perl Harbor hücumunu
planladı.
Amma tarixdə bu embarqonun əsas səbəbi
Yaponiyanın fransız İndoçinasına (bu günkü
Vyetnam, Laos və Kamboca) müdaxiləsi olmuşdu, halbuki həmin
bölgə Almaniya Fransanı işğal etdikdən sonra zəif
düşmüşdü. Əgər Avropada müharibə
olmasaydı, Fransa hələ də güclü bir müstəmləkəçi
güc kimi qalardı və Yaponiya bu qədər irəliləməyə
cəsarət etməzdi.
Əslində, 1940-41-ci illərdə Yaponiyanın
strateji hesablamaları Avropadakı müharibəyə görə
tamamilə fərqli idi. Perl Harbor hücumu, Yaponiyanın
Asiyada, xüsusilə də Hollandiya Şərqi
Hindistanındakı (indiki İndoneziya) neft yataqlarını ələ
keçirmək üçün zaman qazanmaq məqsədi
daşıyırdı.
Əgər Tokio eyni anda həm Britaniyaya, həm də
ABŞ-yə qarşı müharibə aparmağın
çətinliyini qəbul etsəydi, bəlkə də
Çində daha dərindən möhkəmlənər və
planlaşdırdığı “Böyük Asiya Həmrəylik
Bölgəsi” (Greater East Asia Co-Prosperity Sphere) iqtisadi blokunu
qurmağa çalışardı. Bu isə Koreya və
Çinin işğal altında qalan hissələrinin daha
uzun müddət Yaponiyanın nəzarətində
qalmasına, Tailand və Hindistandakı millətçilərlə
sıx əməkdaşlığa səbəb ola bilərdi.
Fərqli Bir Dünya
İkinci Dünya Müharibəsinin əvvəlində
altı böyük güc vardı – Birləşmiş
Krallıq və Fransa (Afrika və Asiyada müstəmləkə
imperiyaları ilə), Mərkəzi Avropada dominant olan Almaniya,
Asiya və Sakit okeanda genişlənən Yaponiya, Avropa və
Orta Asiyada təsiri olan Sovet İttifaqı və Latın
Amerikası ilə Filippin kimi yerlərdən geri çəkilən
ABŞ.
Müharibə nəticəsində Almaniya və
Yaponiya böyük güc statuslarını itirdi. Birləşmiş
Krallıq və Fransa isə zəifləymiş vəziyyətdə
qaldı. Əvəzində ABŞ və SSRİ hərbi və
siyasi cəhətdən dünya miqyasında yüksəldi.
Bu nəhəng qlobal dəyişiklik nəticəsində
Birləşmiş Millətlər Təşkilatı,
İsrail dövləti, NATO və Varşava Paktı
yarandı, Avropa müstəmləkə imperiyaları müstəqil
dövlətlərə çevrildi və Koreya
yarımadası iki yerə parçalandı.
Əgər İkinci Dünya Müharibəsi baş
verməsəydi, kimyaterapiyadan raket texnologiyasına, atom
bombasına qədər bir çox dünya dəyişdirən
texnologiya fərqli vaxtlarda və yerlərdə inkişaf edəcəkdi.
Müharibənin yaratdığı sosial dəyişikliklərin
təsiri ilə meydana çıxan vətəndaş
haqları hərəkatı və Hindistanın müstəqilliyi
kimi proseslər də fərqli bir yol izləyə bilərdi.
Əgər Hitler öz soyqırım nəzəriyyələrini
həyata keçirməsəydi, milyonlarla yəhudi və digər
azlıqların qətlə yetirilməsi, yəqin ki, baş
verməzdi. Bəlkə də Veymar Respublikası nasistlərin
militarizm və avtoritarizm yoluna düşməsindən qurtula
bilərdi.
Amma dünya yenə də böyük münaqişələr
yaşamalı olacaqdı – sadəcə, fərqli yerlərdə
və fərqli zamanlarda. Kapitalizm və kommunizm, müstəmləkəçilik
və milli müstəqillik, millətçilik və beynəlmiləlçilik
kimi gərginliklər hələ də mövcud olacaqdı.
Bu münaqişələrin necə baş verəcəyini
yalnız təxmin edə bilərik, lakin bir şey
aydındır: alternativ tarixdə yazılan “Biz Alovu
Başlatmadıq” (“We Didn’t Start the Fire”) mahnısı da
söz baxımından yetərincə zəngin olardı.
Hərbi And .- 2025.- 9 may(¹16).- S.15.