“Bu torpaqda
doğuldum, burada da vuruşuram”
Aqarunovun əbədi
andı
Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən
və milli mənsubiyyətindən asılı olmayaraq burada
yaşayan bütün xalqların doğma Vətənidir.
İstər Birinci Qarabağ və 44 günlük Vətən
müharibələri, istərsə də antiterror tədbirləri
zamanı burada yaşayan bütün xalqların nümayəndələri
dəmir yumruq tək birləşərək, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü uğrunda
işğalçı düşmənə qarşı
canları bahasına mərdliklə vuruşmuş və
Böyük Zəfərin qazanılmasında öz layiqli
töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında səylərini əsirgəmirlər.
Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı
olmasından qürur duymuş, şəhidlik məqamına
yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və
əməkdaşlığımızın möhkəmləndirilməsinin
rəmzinə çevrilmiş Milli Qəhrəmanımız,
əfsanəvi tankçı Albert Aqarunovun Vətən
uğrunda xidmətlərini qeyd etmək istərdim.
Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də
Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində
anadan olub. Səkkiz qardaşı və iki bacısı olan
Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi
olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən
idilər, Əmircana isə sonradan
köçmüşdülər. Albertin atası Aqarun
Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində
çalışıb. On bir uşaq böyüdüb tərbiyə
edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən
“Qəhrəman Ana” adına layiq görülüb.
Uşaq yaşlarından musiqiyə böyük maraq
göstərən Albert, musiqi məktəbində nəfəs
aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154
saylı tam orta məktəbin səkkizinci sinfini başa
vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində
sürücü-mexanik peşəsinə yiyələnib.
Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki
rayonunda hərbi xidmət keçib. Həmin dövrdə
starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində
xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis
olunduqdan sonra, bir müddət Suraxanı
Maşınqayırma Zavodunda işləyib.
Mənfur qonşumuz olan Ermənistanın təcavüzü
nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin
ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən
övladı kimi Albert də könüllü olaraq cəbhəyə
yollanıb. O dövrdə ailə üzvləri və yəhudi
millətindən olan bir çox vətəndaşımız
İsrailə, eləcə də digər xarici ölkələrə
köçüb getsə də, Albert doğulub boya
çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda
qalmağı, son nəfəsinədək onun uğrunda
savaşmağı üstün tutub. Cəbhə bölgəsində
olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində
əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı
xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri
Azərbaycan torpağını qorumağa nə məcbur
edir?” və “bir vətəndaş kimi öz borcunu nədə
görürsən?” suallarını cavablandıran cəsur
döyüşçü; “Mən bu torpaqda yaşayıram.
Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç
nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin
verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?”
sualına isə Vətənimizin qəhrəman oğlu;
“Müharibənin axırına kimi” cavabını verməklə
qəti mövqeyini bildirmişdi…
O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək
ixtisaslı peşəkar hərbçilərə, o cümlədən
tankçılara böyük ehtiyacı vardı. Albert tank
komandiri təyin edilərək, qanlı döyüşlərin
getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank
ekipajı tezliklə bütün cəbhə xəttində
böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur
tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində
düşməni dəfələrlə pərən-pərən
salır, onlarla canlı qüvvəsini və xeyli hərbi
texnikasını məhv edir. Dövri mətbuatda cəsur
tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə
onun erməni işğalçılarına məxsus iki
tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv
etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən
“yəhudi buterbrodu” adını aldığı göstərilib.
8 may 1992-ci il. Şuşa uğrunda gedən qanlı
döyüşlər Albertin son döyüşü oldu...
Mühüm hərbi-strateji və coğrafi mövqeyinə
görə Şuşanı ələ keçirmək erməni
işğalçılarının ən böyük arzusu
idi. Hələ may ayının 7-də şəhərin
müdafiəsində dayanan azərbaycanlı
döyüşçülərin böyük bir qismi
buranı tərk etmişdi və düşmən qüvvələri
gecə saatlarından etibarən Şuşaya hücum etməyə
başlamışdı. Albert son anadək Şuşanın
müdafiəsində dayanan azsaylı
döyüşçülərimizdən biri idi. Gün ərzində
şəhərin müxtəlif istiqamətlərində
şiddətli döyüşlər gedirdi. Erməni tank
komandiri Qaqik Avşaryan öz T-72 tankını
Şuşanın şimal girişinə gedən yolla
sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər
iki tank 350 metr məsafədən bir-birinə atəş
açır. Üç dəqiq zərbədən sonra
düşmən tankı alışmağa başlayır.
Avşaryan yaralı halda tankın lükünü
açıb qaçmağa müvəffəq olsa da, lakin
sürücüsü və atıcısı yanaraq cəhənnəmə
vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq
nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin
ilk tank döyüşü kimi də tarixə
düşür. Müharibədən sonra ermənilər
Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək
onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə
kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan
Silahlı Qüvvələrinin Qarabağda apardığı
birgünlük uğurlu antiterror tədbirindən sonra həmin
“abidə” oradan
yığışdırılmışdır. Albertin
vurduğu tank isə Bakı şəhərinə gətirilmiş
və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər
Parkında nümayiş etdirilməkdədir.
A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna
doğru irəliləyir. Cəsur döyüşçü
burada, tankının sürücüsünə həlak
olmuş azərbaycanlı əsgərlərin və mülki
vətəndaşların cəsədlərinin üstündən
keçməməyi tapşırır və ona yol göstərmək
üçün tankdan enməli olur. Bu zaman o, erməni
snayperinin açdığı atəş nəticəsində
gözlərini əbədi yumaraq əbədi
ölümsüzlüyə - şəhidlik zirvəsinə
yüksəlir. Qəhrəman döyüşçü
mayın 11-də Bakıdakı Şəhidlər
xiyabanında dəfn edilib. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il
tarixli müvafiq fərmanı ilə Aqarunov Albert
Aqarunoviç ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülüb. Medal
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən
Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib.
Bundan əlavə, vaxtilə təhsil aldığı 154
saylı məktəb onun adını daşıyır və
məktəbin önündə büstü qoyulub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı
ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun
küçələrindən birinə Albert Aqarunovun adı
verilib və həmin küçədə onun möhtəşəm
heykəli ucaldılıb. Milli Qəhrəmanımız
haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə
“Yaşadığım torpaq” sənədli filmi və
2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı
qısametrajlı filmi çəkilib.
Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad
və suverenliyini bərpa etmiş xalqımızın
bütün şəhidləri kimi, Azərbaycanın yəhudi
əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu
şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin
döyüş yolu yeniyetmə və gənclərimizə
örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan
və İsrail dövlətlərinin, onların
xalqlarının dostluq və qardaşlığının
daha da möhkəmlənməsi yolunda öz töhfəsini
verir. Necə ki, 44 günlük Vətən müharibəsi
zamanı bizi dəstəkləyən, bizimlə həmrəy
olan ölkə və xalqlar arasında elə məhz dost
İsraili və qardaş yəhudi xalqını da
gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi
və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman
unutmayacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mayor Anar Əhmədov,
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin
redaktoru
Ordu.az
Hərbi And .- 2025.- 9 may(¹16).- S.13.