Cəfərqulu ağa Bakıxanov:
Azərbaycanın Qəhrəman Generalı və Hərb
Tarixinin İkonası
Cəfərqulu
ağa Bakıxanov 6 fevral 1793-cü ildə (bəzi mənbələrdə
1796 və ya 1799-cu ildə Bakının Əmircan kəndində
doğulduğu bildirilir) Qubada Mirzə Məhəmməd
xanın (anası Sofiya xanım) ailəsində doğulub. O,
görkəmli mütəfəkkir, tarixçi, alim, şair,
yazıçı Abbasqulu ağa Bakıxanovun və general
Abdulla ağa Bakıxanovun qardaşı idi.
Cəfərqulu
ağa təhsilini əvvəlcə Dərbənddə, sonra
isə Peterburqda alıb. Sonra o, Rusiya ordusunda hərbi xidmətə
başlayıb. İkinci Rusiya-İran müharibəsində (1826-1828-ci
illərdə) iştirakı onun ilk hərbi təcrübəsi
olub. Ardınca Rusiya-Osmanlı müharibəsində
(1828-1829-cu illərdə) isə Ərzurum və Mil
döyüşündə iştirak edib. Hasankale və
Ərzurumun tutulmasından sonra “podporuçik” rütbəsi
alıb. Rusiya-İran müharibəsində göstərdiyi qəhrəmanlığa
görə 1829-cu ildə üçüncü dərəcəli
"Müqəddəs Anna" ordeni ilə təltif olunub.
O,
1827-ci ildə Müşkür, 1830-cu illərdə Şabran
mahallarının naibi titulunu alıb. Həmçinin Buduqun
da naibi olub.
Cəfərqulu
ağa Bakıxanov 1838-ci ildə poruçik rütbəsi
alıb və Zaqafqaziya süvari-müsəlman polkuna
keçirilib. 1840-cı ildə o, “ştabs-kapitan”, bir il sonra
isə Qafqaz müharibəsi dövründə “kapitan”
rütbəsinə yüksəlib. 1842-1843-cü illərdə
Bakıxanova Samur bölgəsində və Dağıstanda
dağlılarla döyüşlərdə xüsusi fərqləndiyi
üçün “ştabs-rotmistr” rütbəsi verilib və
sonradan Qafqaz Korpusuna təyin edilib. Növbəti il
qvardiyanın rotmistri təyin edilib. 1844-1848-ci illərdə
Dağıstanda olub, Salta və Gergebil döyüşlərində
də iştirak edib. 1848-ci ildə Axtaya (istehkam kəndi) edilən
son hücum zamanı xüsusilə fərqlənib. Xidmətində
fərqləndiyinə görə 1848-ci ildə “polkovnik”
rütbəsinə layiq görülüb və
"İgidliyə görə" yazısı olan
qızıl qılıncla təltif edilib.
Polkovnik
Cəfərqulu ağa Bakıxanov 25 illik xidmətdən sonra
26 noyabr 1850-ci ildə “general-mayor” rütbəsinə yüksəlməklə
yanaşı, dördüncü dərəcəli
"Müqəddəs Georgi" ordeni ilə təltif edilib.
7 sentyabr 1856-cı ildə Dərbənd nümayəndə
heyətini təmsil edərək II Aleksandrın Moskvada
tacqoyma mərasimində iştirak edib. 1857-ci ildən sonra
Qafqaz Ordusu sıralarına göndərilib. 1864-cü il
oktyabrın 18-də “general-leytenant” rütbəsinə
yüksəldikdən sonra vəzifə maaşına uyğun
olaraq təqaüd verilməklə (siyasi səbəblərə
görə) xidmətdən tərxis olunub. 1866-cı il 19 aprel
tarixində isə yenidən xidmətə
çağrılıb.
Cəfərqulu
ağa orduda nümunəvi xidmətinə və bütün
döyüşlərdə fərqləndiyinə görə
bir sıra ordenlərə - dördüncü dərəcəli
"Müqəddəs Vladimir" (1830), ikinci dərəcəli
"Müqəddəs Stanislav" (1842), ikinci dərəcəli
"Müqəddəs Anna" (1847), üçüncü dərəcəli
"Müqəddəs Vladimir" (1849), birinci dərəcəli
"Müqəddəs Stanislav" (1851), birinci dərəcəli
"Müqəddəs Anna" (1861) layiq görülüb.
Bakıxanov
sadalanan mükafatlardan başqa, Türkiyə və İranla
müharibədə iştirakına görə
gümüş medallarla, həmçinin Qafqazdakı xidmətlərinə
görə qızıl xaçla da
mükafatlandırılıb.
Cəfərqulu
ağa Xanbutay bəy Yarqunvinin qızı Çimnaz
xanımla evli olub. Bu evlilikdən onların iki oğlu -
Əhməd ağa Bakıxanov, Həsən ağa
Bakıxanov və iki qızı - Nurcahan xanım və Ayna
xanım olub.
Onun
oğulları Əhməd ağa və Həsən ağa da
Rusiya İmperiyasının ordusunda xidmət ediblər.
Əhməd ağa Kazak polkunun leyb-qvardiyasının
polkovniki, Həsən ağa isə general-mayor olub.
General-leytenant
Cəfərqulu ağa Bakıxanov 12 oktyabr 1867-ci ildə Qubada
vəfat edib. Onun nəşi xüsusi təmtəraqla
Bakıya gətirilib və Bibiheybət məscidi
yaxınlığındakı qəbiristanlıqda dəfn
edilib.
Sonda
bir maraqlı faktı da qeyd edək ki, Bakıxanovlar nəslində
on yeddi hərbçi yetişib. Onların arasında Həsən
ağa Bakıxanov, Abdulla ağa Bakıxanov “general” rütbəsinə
layiq görülüblər. Cəfərqulu ağa isə
“general-leytenant” rütbəsinə qədər yüksəlib.
Hərbi And .- 2025.- 16 may(¹17).- S.14