Hüseyn Xan
Naxçıvanski: Rus İmperator Ordusunun Yeganə Müsəlman
Generalı
Hüseyn xan Kəlbəli xan oğlu
Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda
anadan olub. O, Kəlbəli xan Naxçıvanskinin oğlu,
Ehsan xan Kəngərlinin nəvəsidir. Atası Çar
ordusunda general-mayor rütbəsində zabit olub. Ona görə
də oğlu - 15 yaşlı Hüseyn xanı Peterburqdakı
Paj korpusu məktəbinə oxumağa göndərib. 1881-ci
ildə oranı əla qiymətlərlə bitirərək,
çarın xüsusi süvari qoşununda xidmətə
başlayıb.
1885-ci ilin martından 1886-cı ilin mayına qədər
kiçik leytenant Hüseyn xan Naxçıvanski 43-cü Tver
Draqun alayına göndərilib, 30 avqust 1887-ci ildə isə
ona “leytenant” rütbəsi verilib. 26 iyul 1893-cü ildən 19
avqust 1894-cü ilədək leytenant Hüseyn xan
Naxçıvanski təlim qrupu alayını idarə edib. 17
aprel 1894-cü ildə ştabs-rotmistr vəzifəsinə
yüksəlib. Sonra müxtəlif vəzifələrdə
xidmət edən Hüseyn xan 1898-ci ildə rotmistr təyin
edilib. Daha sonra Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində
hərbi xidmət edən H.Naxçıvanskiyə 1903-cü
ildə “polkovnik” rütbəsi verilib. Rusiya-Yaponiya müharibəsində
(1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci
Dağıstan süvari alayına komandirlik edib. 1906-cı ildə
leybqvardiya polkunun komandiri olub, 1907-ci ildə “generel-mayor”
rütbəsinə layiq görülüb.
1912-ci ildə Naxçıvanski 1-ci Əlahiddə
süvari briqadasının komandiri olub. Birinci Dünya
müharibəsində 1-ci və 2-ci Süvari
Diviziyalarının komandiri olan H.Naxçıvanski alman cəbhəsinin
yarılmasında xüsusilə fərqlənib.
Birinci Dünya müharibəsi cəbhələrində
qazandığı qələbələrə və sərkərdəlik
məharətinə görə 1916-cı ildə Hüseyn xan
Naxçıvanskiyə tam süvari qoşunu generalı
rütbəsi verilib. Sonralar Cənubi Qafqaz cəbhəsinin
komandanı təyin edilib. 1917-ci ilin fevral inqilabından sonra hərbi
xidmətdən uzaqlaşıb.
Görkəmli hərbi xadim göstərdiyi igidliklərə,
misilsiz xidmətlərə, döyüşlərdə
qazandığı qələbələrə və yüksək
sərkərdəlik məharətinə görə
Rusiyanın və bir sıra xarici ölkələrin orden,
medal və qiymətli hədiyyələrinə layiq
görülüb. O, "Müqəddəs Stanislav"
ordeninin üç dərəcəsi ilə (1894-1910),
"Müqəddəs Anna" ordeninin üç dərəcəsi
ilə (1899-1913), "Müqəddəs Vladimir" ordeninin
üç dərəcəsi qılınc ilə (1905-1914),
"Cəsarətə görə" qızıl silahla
(1906), "Müqəddəs Georgi" ordeninin dörd dərəcəsi
ilə (1907-1914), Ali Lütf (1909), "Ağ Qartal" ordeni
qılıncla (1915), İranın "Aslan və Günəş"
ordeni (1890), Bolqarıstanın "Hərbi Fəxri ordeni"
(1904), "Döyüş xidmətlərinə görə",
"İgidliyə görə" və ikinci dərəcəli
"Müqəddəs Aleksandr", İranın almazla bəzədilmiş
ikinci və dördüncü dərəcəli
"Şire-Xurşid" (1890-1904), zabitlərə məxsus
"Rumın ulduzu" (1895), Avstriyanın "Dəmir
Xaç" (1897), ordeni, dördüncü dərəcəli,
bantlı, üstü yazılı qızıl silahla təltif
olunub. O, Rusiya ordusunda “general-adyutant” rütbəsinə layiq
görülən ilk və yeganə müsəlman idi.
Şərəfli bir nəslin yetirməsi olan
Hüseyn xan Naxçıvanski nəinki görkəmli bir sərkərdə,
həm də müdrik bir şəxsiyyət idi. İmperiya
hakimiyyəti dağıldıqdan sonra Hüseyn xan
Naxçıvanski müvəqqəti hökumətə tabe
olmaqdan qətiyyətlə imtina edib. Hətta II Nikolay
özü şəxsən Hüseyn xan Naxçıvanskiyə
müvəqqəti hökumətə tabe olmağı məsləhət
görsə də, o, öz əqidəsindən dönməyib.
Elə buna görə də H.Naxçıvanski 1919-cu ilin
yanvarında bolşeviklər tərəfindən həbs
olunub və ağır işgəncələrə məruz
qaldıqdan sonra güllələnib.
Tanınmış rus jurnalisti A.Kvitkanın
"Zabaykalye kazak zabitinin gündəliyi" əsərində
H.Naxçıvaskinin alayının döyüş rəşadətindən
bəhs olunub.
Rus yazıçısı A.Soljenitsin "14
avqust" romanında yazıb: "Peterburq zadəganlarının
say-seçmə üzvlərindən ibarət qvardiya
süvarilərinə general Hüseyn xan Naxçıvanski
komandanlıq edirdi".
Professor Rudolf İvanovun Hüseyn xan
Naxçıvanski haqqında yazdığı "Əlahəzrətin
general-adyutantı" kitabı 2006-cı ildə Moskvada
çapdan çıxıb.
Hərbi And .- 2025.- 16 may(¹17).- S.14.