Vətən
bağı al-əlvandır, var içində Xarı
bülbül
Naxçıvanın elə bir bölgəsi yoxdur ki,
orada hərbə könül verən olmasın. Hərb
peşəsi çətin olsa da, doğmalarından ayrı
salsa da, bu peşənin öz aşiqləri, fatehləri var.
Bu sevgi idi onları eyni amal, eyni məqsəd uğrunda birləşdirən.
O torpaqlara bələd olmasalar da, erməni məkrinə, Azərbaycan
torpaqları hesabına illərdir davam edən
"böyük Ermənistan" yaratmaq xülyasına bələd
idilər. Xocalı ürəyimizə saplanmış xəncər
idi, 20 Yanvar faciə tariximiz...
Bu dəfə yolumuz Babək rayonunun Nehrəm qəsəbəsinədir.
Nehrəm muxtar respublikanın iri yaşayış məntəqələrindəndir.
Tarixən yetişdirdiyi ziyalıları, alimləri, həkimləri
ilə tanınır. 44 günlük müharibə isə bu
torpağın həm də necə bir vətənpərvər,
igid övladlara sahib olduğunu göstərdi. Nehrəmlilər
istər Birinci Qarabağ müharibəsində, istərsə
də İkinci Qarabağ müharibəsində öz
şücaətlərini göstərmişlər. Bu gün
kənd məzarlığında 13 şəhid uyuyur.
Müşkünaz ana ilə
görüşürük. Bizi Elvinin şəkilləri və
şəxsi əşyaları ilə bəzədilmiş
otağı ilə tanış edir. Rəfə sıra ilə
düzülmüş medallar diqqətimi cəlb edir: "Vətən
uğrunda", "Hərbi xidmətlərə görə",
3-cü dərəcəli "Vətənə xidmətə
görə", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə".
Tale elə gətirib ki, Müşkünaz xanım iki
oğul övladını təkbaşına böyütməli
olub. Kiçik oğlu Elvin Teymurov hərbi xidmət
dövründə nümunəvi xidməti ilə fərqlənib.
Xidmətini başa vursa da, yenidən davam etdirmək arzusunda
olub. Elə bu arzu ilə də formanı yenidən əyninə
geyinib. Vətən çağıranda isə əlinə
silah alıb döyüşlərə qatılıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi
təyinatlısı kimi döyüş yolu Füzulidən
başlayıb.
"Elvinin hərbə marağı çox idi. Forması
ilə həmişə qürurlanardı. Oktyabr ayı idi.
Şiddətli döyüşlər gedirdi. Gəldi evə,
hazırlaşdı, çıxandan sonra mənə zəng
etdi, dedi ki, nigaran qalma, Bakıya gedirik. Bu gediş son gediş
oldu".
Müşkünaz ana danışdıqca
yaddaşı təzələnir, birlikdə keçirdikləri
günləri xatırlayır, üzünə gah kədər,
gah da təbəssüm qonur. Amma baxışları
qürurludur. Min bir əziyyətlə böyütdüyü
övladı ilə fəxr edir. "Elvin gözəl yaz
günlərinin birində 1999-cu il mayın 20-də anadan
olmuşdu. Çox istiqanlı, həssas qəlbli idi.
Xalqımızın başına gətirilən faciələri,
torpaq itkisini heç cürə qəbul edə bilmirdi. Həmişə
deyirdi ki, ana, şəhidlərimizin ruhu o torpaqlar azad olanda
dinclik tapacaq. Bax, o vaxt biz alnıaçıq, xoşbəxt gəzə
biləcəyik. Bu hisslər idi oğluma döyüş
meydanında ruh verən, şücaət göstərməsinə
səbəb olan. Oktyabrın 22-si Hadrutda şəhid oldu.
Çox sevdiyi müqəddəs bayrağımızla öz
doğulduğu torpağına geri döndü. Özü hərbi
təhsil ala bilməsə də, qardaşım oğlunu Heydər
Əliyev adına Hərbi Liseyə yönləndirmişdi.
İndi Nurlan Ələkbərov Heydər Əliyev adına Hərbi
İnstitutun kursantıdır. Gələn il təhsilini
bitirib xidmətinə başlayacaq. İnanıram ki, o da Elvin
kimi bu Vətənə canla-başla xidmət edəcək".
Fotoalbomunu vərəqləyirik. Şəkillərinə
baxdıqca düşünürük ki, Elvinin ruhu
şaddır. Axı onun da döyüş yoldaşları
kimi amalı torpaqlarımızı azad etmək idi. Rahat uyu
şəhidim, qanınızın axdığı torpaqlarda
güllər bitib, keçdiyiniz düzlərdə lalələr
açıb, aşdığınız dağlar ala,
yaşıla bürünüb.
İndi Vətən bağı al-əlvandır, var
içində Xarı bülbül!
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin
məsul katibi
Hərbi And .- 2025.- 16 may(№17).- S.13.