Bəy köynəyi
Vətən bayrağı oldu
Niyaməddin Naxçıvan Muxtar Respublikasının
Sədərək rayonunda anadan olmuşdu. Sumqayıt şəhərində
böyümüşdü. Orta məktəbi də
Sumqayıt şəhərində bitirmişdi. İdmanla məşğul
olmağı çox sevərdi. Ən çox da futbol
oynayardı. O, futbol oynayanda qapıda dayanmaqdan çəkinirdilər
rəqib komandanın oyunçuları. Deyirdilər ki, Niyaməddinin
vurduğu topu tutmaq mümkün deyil. Dostları ilə
çox səmimi idi.
Həqiqi hərbi xidmətdən sonra ordu
sıralarında qaldı. Elə o vaxt hamının hörmətini
qazanmışdı. Komandirləri də, əsgərləri
də onu öz qardaşları kimi sevirdilər. 11 il gizir kimi
xidmət etdi ordu sıralarında. Xidmətə Ağdam
rayonunda başlamışdı. Tərtər, Naftalan, Beyləqan
rayonlarında xidmətini davam etdirmişdi. Kəşfiyyat
bölüyündə olduğu üçün Vətən
müharibəsi başlanmazdan iki ay öncə cəbhə
bölgəsinə göndərilmişdi. Həmin günlərdə
ona zəng vurub hal-əhval tutanda deyirdi ki, mən uzaqdayam,
döyüş bölgəsinə yaxın deyiləm. Bir
gün də söhbət edəndə soruşdum ki, oğul,
deyirlər, müharibə olacaq. Cavab verdi ki, ay ana, Ali Baş
Komandan əmr verdikdən sonra mən hazıram
döyüşə getməyə. Bu torpaq bizimdir. Özün də cəbhə
kəndində yaşamısan. Sədərəkdə
döyüş gedən günlərə şahid olmusan.
Bilirsən ki, bu düşməni sözlə başa salmaq
olmur. Döyüşüb torpağı azad etməyimizdən
başqa yol yoxdur. Hər birimiz bu Vətən
üçün döyüşməyə, şəhid
olmağa hazırıq.
Balam elə yaraşıqlı idi ki.
Yaraşığını Aydan, boyunu çinardan
almışdı sanki. Onu Allah mənə seçib
vermişdi. O, evdə olanda toy-bayram idi. Mənim 4
övladım var – iki qız, iki oğlan. Niyaməddin evin
üçüncü övladı idi. Qardaşının
balalarını qucağından yerə qoymazdı. Onlar nə
istəsə alardı. Gəzməyə aparardı, əzizləyərdi.
Əl qabiliyyəti də, danışıq qabiliyyəti də
çox gözəl idi. Ona görə də hara getsə, tez
özünə dost, yoldaş tapardı. Müharibə
beş ildir ki, bitib, amma mən hələ də inanmıram
onun əbədiyyən məndən ayrıldığına.
Qardaşı balaları tez-tez soruşurlar ki, əmim hara
gedib? Cavab verə bilmirəm. Bütün sevincimi apardı
oğlum. Atası ilə o qədər bir-birinə
bağlı idilər ki... Atası Niyaməddinin şəhid
olmasına dözə bilmədi. Dünyasını dəyişib
balasına qovuşdu. Müharibə bitəndən sonra xidmət
etdiyi hərbi hissəyə gedəndə döyüş
yoldaşları onun haqqında elə gözəl sözlər
danışırlar ki, qürurum daha da artır. Niyaməddin
toy libası geyinə bilməsə də, Vətən
bayrağı bəy köynəyi oldu.
Hərbi And .- 2025.- 16 may(№17).- S.13.