Zəfər
günümüz mübarək, AZƏRBAYCAN!
Əziz xalqım, qəhrəman əsgər və
zabitlərimiz, igid qazilərimiz, müqəddəs şəhid
ailələri!
Biz hamımız bu gün qürurla, sevinclə, eyni
zamanda xatirələrlə dolu bir duyğu içindəyik.
8 Noyabr – Zəfər Günü! Bu tarix, Azərbaycanın
təkcə torpaqlarının deyil, həm də milli ruhunun,
milli qeyrətinin azad edildiyi gündür.
1992-ci ildən bu yana çox uzun, çox ağır
illər keçdi,o illərdə mən də gənc bir
qız olaraq hərbi xidmətə yollandım və bu xidmət
illərimdə nələr görmədim ki?..
O illərdə Qarabağdan gələn xəbərlər
hər evin qəlbini yandırırdı.
O torpaqlarda qalan daşların, dağılan evlərin,
şəhid olan oğulların, göz yaşlarını
içində gizlədən anaların acısı bizim
yaddaşımıza həkk olundu.
Bu illər ərzində nə qədər yaralı,
nə qədər şəhid gördüm...
Neçə ocağın sönməsinə,
neçə gəncin torpaq qucaqlamasına şahid oldum.
Amma bir xalq olaraq bütün bu ağrılara
baxmayaraq, heç bir zaman ümidimizi itirmədik.
İllərlə o torpaqların qoxusunu xəyallarda
duyduq, “Vətən” kəlməsini sinəmizdə yara kimi gəzdirdik.
Hər bir atanın duasında, hər bir ananın
göz yaşında o torpaqlara dönüş həsrəti
və üstümüzə ala bilmədiyimiz qara bir ləkə
vardı.
Və nəhayət, 2020-ci ilin payızında tarix
yenidən yazıldı və mənə də nəsib oldu o
tarixi döyüşlırdə içtirak etmək. Azərbaycan
Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində
30 illik həsrətə son qoydu. Bu, igidlərimizin qanı,
xalqımızın birliyi, şəhidlərimizin müqəddəs
canı bahasına qazanılmış bir ZƏFƏR idi.
Bu gün azad Qarabağda ucalan bayrağımız sadəcə
bir rəmz deyil — o, xalqımızın qürurunun, əzminin,
səbrinin simvoludur.
Şuşa səslənəndə, sanki hər bir azərbaycanlının
ürəyi eyni ritmlə döyünür. Çünki biz
o günü göz yaşlarımızla, dualarımızla,
inamımızla çağırmışdıq.
Zəfər Günü — bir xalqın
“mümkünsüz” deyilənə necə “bəli,
mümkündür” dediyinin sübutudur.
Bu gün şəhidlərimizin ruhu
qarşısında baş əyirik, qazilərimizə minnətdarlıqla,
ordumuza qürurla baxırıq. Çünki bu Zəfər təkcə
bir hərbi qələbə deyil — bu, mənəvi dirçəlişin,
bir millətin yenidən doğuluşunun tarixidir.
Qarabağ səssiz qaldı o illərdə,
Daşlar, dağlar belə yas tutdu.
Ana torpaq göz yaşını gizlətdi,
Oğullar Vətən deyib getdi.
Bu illər ərzində nə qədər yaralı,
Nə qədər şəhid gördüm mən...
Amma hər şəhidin ruhunda gördüm yenidən
doğulan Vətəni, milləti, səmanı.
İndi isə o torpaqlarda səslənir
Azan səsi də, nəğmə də,
uşaqların gülüşü də.
Şəhidlərimizin ruhu işıq kimi
dolaşır Qarabağın hər bir çiçəyində,
hər gülüşündə.
Bu gün səssizcə pıçıldayıram:
Qoy ucalardan uca bayrağımız heç zaman enməsin,
Qoy Vətən sevgisi nəsildən-nəslə
Ürək kimi döyünsün, heç sönməsin!
Bu gün qürur günümüzdür — 8 Noyabr Zəfər
Günü!
Bu zəfər, illərlə çəkilən
ağrıların, göz yaşlarının, duaların
cavabıdır. Qəhrəman oğullarımızın mərdliyi,
inamı və vətən sevgisi sayəsində bu torpaq yenidən
azad nəfəs aldı.
Şəhidlərimizin ruhu qarşısında baş
əyirəm, qazilərimizin qarşısında minnətlə
dayanır, xalqımıza “Zəfər Gününüz
mübarək olsun!” - deyirəm!
Qoy Vətən sevgisi heç zaman sönməsin, qoy
üçrəngli bayrağımız hər zaman ucalarda
dalğalansın!
Zəfərin mübarək Azərbaycan!
Roza Əliqızı
Hərbi And .-2025.- 7 noyabr (¹ 42).- S.15.