Cənub Qaz Dəhlizi yalnız
iqtisadi layihə deyil, geosiyasi sabitliyə xidmət edən
strateji platformadır
Bakı şəhərində keçirilən Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
4-cü iclasları Azərbaycanın qlobal enerji sistemində
artan əhəmiyyətini bir daha nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev
bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə
dünya enerji bazarlarında müşahidə olunan
qeyri-sabitlik, geosiyasi qarşıdurmalar və enerji
resurslarının alətə çevrilməsi cəhdləri
etibarlı və məsuliyyətli tərəfdaşlara olan
ehtiyacı daha da artırır.
“Azərbaycan uzunmüddətli və
düşünülmüş enerji strategiyası həyata
keçirərək həm regionun, həm də Avropanın
enerji təhlükəsizliyinə mühüm töhfə
verir. Cənub Qaz Dəhlizi bu baxımdan yalnız iqtisadi layihə
deyil, eyni zamanda, geosiyasi sabitliyə xidmət edən strateji
platformadır. Azərbaycan qazının Avropa bazarlarına nəqli
enerji mənbələrinin şaxələndirilməsi siyasətində
mühüm yer tutur. Nazirlərin 12-ci iclasında
ötürücülük gücünün
artırılması, yeni tərəfdaşların cəlb
edilməsi və uzunmüddətli müqavilə mexanizmlərinin
genişləndirilməsi məsələlərinin müzakirəsi
Azərbaycanın enerji təchizatında davamlılıq
prinsipinə sadiqliyini göstərir. Ölkəmiz üzərinə
götürdüyü bütün öhdəlikləri
vaxtında və tam yerinə yetirir. Bu isə Azərbaycanın
beynəlxalq imicini daha da gücləndirir”, – deyə deputat əlavə
edib.
Komitə sədri bildirib ki, paralel olaraq Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində
keçirilən 4-cü iclas Azərbaycanın enerji siyasətində
keyfiyyətcə yeni mərhələnin
başlanğıcını simvolizə edir. Onun sözlərinə
görə, bərpaolunan enerji mənbələrinin
inkişafı, xüsusilə külək və günəş
enerjisi sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi Azərbaycanın uzunmüddətli
dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir:
“Bu gün Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə
deyil, həm də yaşıl enerji potensialı ilə diqqət
mərkəzindədir. Xəzər dənizinin böyük
külək ehtiyatları, eləcə də işğaldan
azad olunmuş ərazilərdə həyata keçirilən
“yaşıl enerji zonası” konsepsiyası ölkəmizin gələcək
enerji xəritəsində mühüm yer tutur. Bu istiqamətdə
xarici investorlarla əməkdaşlıq və ixrac
imkanlarının yaradılması enerji portfelimizin şaxələndirilməsinə
xidmət edir. Təhlükəsiz, fasiləsiz və
dayanıqlı enerji təchizatının təmin edilməsi
yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik
məsələsidir. Azərbaycanın həyata keçirdiyi
balanslaşdırılmış və çoxşaxəli
enerji siyasəti ölkəmizi regionda sabitləşdirici
gücə çevirir. Həm ənənəvi, həm də
alternativ enerji sahəsində atılan addımlar Azərbaycanın
beynəlxalq enerji təhlükəsizliyinin təminatçılarından
biri kimi mövqeyini daha da möhkəmləndirir”.
Hərbi And .- 2026.- 6 mart (¹9).- S.5.