Prezident İlham
Əliyevin enerji diplomatiyası Azərbaycanı Avropanın
strateji tərəfdaşına çevirib
Artıq dünya bu reallığı təsdiqləyir
ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqtisadi
proseslərin mərkəzindədir. Prezident İlham
Əliyevin xarici ölkələrə, həmçinin digər
ölkələrin dövlət
başçılarının Azərbaycana səfərləri,
keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar
arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən
beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli
və beynəlxalq təşkilatlar çərçivəsində
əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə
öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan
bütün Avropa üçün strateji tərəfdaş
kimi qəbul edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Anar Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın enerji diplomatiyası bu
gün, sadəcə, bir ölkənin iqtisadi
maraqlarını deyil, bütöv bir qitənin enerji təhlükəsizliyini
təmin edən strateji sütuna çevrilib. Enerji sahəsində
Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə
ölkəmizin yaratdığı yeni reallıqları əks
etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik
məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi
məsələlərinin hər bir ölkə
üçün əhəmiyyəti daha da artıb. Bu
reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
4-cü iclaslarında bir daha vurğulandı.
“Bu iclaslar Azərbaycanın enerji sahəsində
qazandığı uğurlar baxımından mühüm əhəmiyyət
kəsb edir. Azərbaycan tərəfindən
başlanmış və Avropa Komissiyası tərəfindən
dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi
sahəsində yanaşmaların
formalaşdırılmasında, həmin məsələlərin
həllində və birgə səylərimizin əlaqələndirilməsində
mühüm rol oynayır. Dünyanın dəyişdiyi,
enerji təhlükəsizliyi məsələlərinin hər
bir ölkə üçün əhəmiyyətinin daha da
artdığı bir zamanda keçirilən bu tədbir
qarşıda dayanan yeni vəzifələri
açıqladı və səylərin birləşdirilməsinə
çağırışlar etdi. Həmçinin ənənəvi
keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin
təqdimatında əhəmiyyətli rol oynadı. Bu gün
Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi
və genişləndirilməsi istiqamətində yeni
marşrutların qurulması və yeni mənbələrin cəlb
olunması ən önəmli məsələlərdəndir.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq 5
ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük
infrastruktur layihələrindən biridir. Uzunluğu 3500
kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu
layihə enerji təhlükəsizliyi və əməkdaşlıq
layihəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan
qazının Avropaya təchizatının arealı ildən-ilə
genişlənir. Əgər layihənin ilkin mərhələsində
12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan
qazının istehlakçılarının sayı 16-ya
çatıb”, - deyə Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın
enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi
özünü ixrac coğrafiyasının sürətli
genişlənməsində göstərir. Hazırda boru kəmərləri
vasitəsilə qaz tədarük edilən ölkələrin
sayına görə Azərbaycanın dünyada ön
sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin
sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi
deməkdir. Almaniya və Avstriya kimi nəhəng
iqtisadiyyatların Azərbaycan qazını alan ölkələr
sırasına qoşulması ölkəmizin Avropa
bazarında mövqelərinin sarsılmaz olduğunu
nümayiş etdirir. İxracın şaxələndirilməsi
strategiyası çərçivəsində Suriyaya 1,5
milyard kubmetr həcmində qaz tədarükünün
başlanması Azərbaycanın yeni və fərqli bazarlara
çıxış imkanlarını genişləndirir. Bu
addım göstərir ki, Azərbaycan üçün
şaxələndirmə yalnız istehlakçılar
üçün deyil, bir istehsalçı kimi dövlətimizin
iqtisadi dayanıqlığının əsas elementidir.
“Hazırkı dövrün əsas
çağırışlarından biri bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasıdır. Tədbirdə
çıxış edən Prezident İlham Əliyev bir
çox mühüm mesajlar verərək dövlətimizin təkcə
ənənəvi enerji resursları sahəsində deyil, həm
də gələcəyin “yaşıl iqtisadiyyatı” üzrə
strateji vizyonunu dünyaya bəyan etdi. Prezident İlham
Əliyevin çıxışında ən mühüm
mesajlardan biri Azərbaycanın bərpaolunan enerji potensialı
ilə bağlı idi. Ölkəmiz artıq neft-qaz
ixracatçısı olan dövlətdən “yaşıl
enerji” ixracatçısına çevrilmə mərhələsinə
qədəm qoyub. Belə ki, Xəzər dənizinin nəhəng
külək enerjisi və işğaldan azad edilmiş ərazilərin
Günəş enerjisi potensialı Azərbaycanı
yaşıl enerji dəhlizlərinin mərkəzinə
çevirir.
Göründüyü kimi, Azərbaycan hər
dövrün çağırışlarını yüksək
səviyyədə cavablandırmaq üçün həm
siyasi iradəyə, həm də unikal təbii-intellektual
potensiala malikdir. Dövlətimizin həyata keçirdiyi enerji
diplomatiyası təkcə bu günümüz
üçün deyil, gələcək nəsillər
üçün daha firavan, dayanıqlı və təhlükəsiz
bir dünya naminə atılan ən böyük töhfədir”,
- deyən deputat fikirlərini yekunlaşdırıb.
Hərbi And .- 2026.- 6 mart (¹9).- S.5.