Cənub Qaz Dəhlizi
Türkiyənin Azərbaycanla strateji tərəfdaşlığını
daha da dərinləşdirir
Cənub Qaz Dəhlizi Azərbaycan-Türkiyə
strateji tərəfdaşlığının ən konkret və
uzunmüddətli nəticələrindən biri olmaqla
yanaşı, Türkiyənin regional enerji mərkəzinə
çevrilməsi strategiyasında müəyyənedici rol
oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq
münasibətlər üzrə türk ekspert Serkan
Gündoğdu bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs
yalnız boru kəməri layihəsi deyil, eyni zamanda,
çoxşaxəli geoiqtisadi və geosiyasi platforma kimi qiymətləndirilməlidir.
Layihənin əsas sütunlarından biri olan TANAP Azərbaycan
qazını Türkiyə üzərindən Avropaya
çatdırmaqla ölkəni, sadəcə, tranzit dövlət
statusundan çıxarıb enerji axınlarını yönləndirən
və şaxələndirən mühüm aktora çevirib.
S.Gündoğdu qeyd edib ki, Cənub Qaz Dəhlizinin
istismara verilməsi Türkiyənin həm enerji təchizatının
təhlükəsizliyini gücləndirib, həm də onu
Avropa bazarına uzanan strateji enerji körpüsünə
çevirib. Enerji mərkəzinin formalaşması
üçün əsas şərtlər mənbə
müxtəlifliyi, güclü ötürmə infrastrukturu və
geniş beynəlxalq əlaqələrdir. Cənub Qaz Dəhlizi
bu üç elementi eyni anda təmin edən nadir layihələrdən
biridir.
“Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru
kəmərləri ilə başlanan enerji əməkdaşlığı
Cənub Qaz Dəhlizi sayəsində daha geniş coğrafi və
strateji çərçivəyə daşınıb.
Xüsusilə TAP vasitəsilə qazın Cənubi Avropaya
çatdırılması Türkiyənin Avropanın enerji təhlükəsizliyi
sistemində mövqeyini daha da möhkəmləndirib. Avropa
İttifaqının enerji mənbələrinin şaxələndirilməsi
siyasəti çərçivəsində Azərbaycan
qazı Rusiya xaricində mühüm alternativlərdən biri
hesab olunur və bu marşrutun əsas tranzit ölkəsi
Türkiyədir. Bu layihə Türkiyə üçün
bir sıra strateji üstünlüklər yaradır. İlk
növbədə, Azərbaycan qazının uzunmüddətli
və sabit şəkildə təmin edilməsi Türkiyənin
enerji portfelinin şaxələndirilməsinə xidmət edir
və xarici asılılıq risklərini azaldır. Digər
tərəfdən, layihə Türkiyənin geosiyasi çəkisini
artıraraq onu Xəzər hövzəsi ilə Avropa
arasında əvəzolunmaz enerji bağlantı nöqtəsinə
çevirir”, - deyə ekspert bildirib.
O əlavə edib ki, layihə, eyni zamanda, Türkiyəyə
iqtisadi və ticari baxımdan da yeni imkanlar yaradır. Enerji
ticarət mərkəzinə çevrilmək strategiyası
çərçivəsində Türkiyə artıq
yalnız qazın keçdiyi ölkə deyil, həm də
qiymətin formalaşdığı və ticarətin həyata
keçirildiyi bazara çevrilmək istiqamətində irəliləyir.
Cənub Qaz Dəhlizi bu məqsəd üçün zəruri
həcm və etibarlılığı təmin edir.
S.Gündoğdu qeyd edib ki, Azərbaycan-Türkiyə
enerji əməkdaşlığı bu layihə sayəsində
“resurs–tranzit” modelindən daha geniş strateji tərəfdaşlıq
mərhələsinə keçib. Birgə investisiya, ortaq
idarəetmə və uzunmüddətli müqavilə mexanizmləri
iki ölkə arasında qarşılıqlı
asılılığı artıraraq münasibətləri
daha institusional səviyyəyə yüksəldir. Bu isə
siyasi əlaqələrin sabitliyinə də müsbət təsir
göstərir.
“Enerji sahəsində dərin inteqrasiya müdafiə,
nəqliyyat və ticarət kimi digər sahələrdə də
əməkdaşlığın genişlənməsinə
stimul verir. Gələcəkdə Cənub Qaz Dəhlizinin
ötürmə gücünün artırılması və
yeni mənbələrin xüsusilə Xəzər
regionundakı əlavə yataqların və potensial Mərkəzi
Asiya qazının sistemə qoşulması Türkiyənin
enerji mərkəzi olmaq iddiasını daha da gücləndirə
bilər. Bu proses Türkiyəni, sadəcə, tranzit ölkədən
qazın saxlanıldığı, yenidən ixrac olunduğu və
qiymətləndirildiyi regional enerji ticarət mərkəzinə
çevirə bilər. Belə bir inkişaf Ankaranın
Avropanın enerji təhlükəsizliyi sistemində yalnız
tamamlayıcı deyil, həm də qurucu aktorlardan birinə
çevrilməsinə şərait yarada bilər”, - deyə
S.Gündoğdu vurğulayıb.
Ekspert əlavə edib ki, Avropa İttifaqının
enerji strategiyalarında xüsusi yer tutan təchizatın
şaxələndirilməsi və alternativ mənbələrə
çıxış məqsədləri nəzərə
alındıqda, Türkiyənin Avropanın enerji təhlükəsizliyində
rolu yaxın illərdə daha da artacaq. Bu rolun logistika mərkəzindən
enerji ticarət mərkəzinə, alternativ marşrutdan
strateji enerji memarına və regional aktordan Avropa enerji təhlükəsizliyinin
əsas tərəfdaşlarından birinə doğru
inkişaf etməsi mümkündür.
S.Gündoğdu bildirib ki, Cənub Qaz Dəhlizi
Türkiyənin enerji strategiyasında dönüş nöqtəsi
hesab olunur. Layihə Türkiyənin geosiyasi mövqeyini
gücləndirir, Avropa ilə enerji sahəsində
qarşılıqlı asılılığı
artırır və Azərbaycanla strateji tərəfdaşlığı
daha da dərinləşdirir. Bütün bu amillər göstərir
ki, layihə gələcəkdə Türkiyənin regional
enerji mərkəzinə çevrilməsi üçün
ciddi potensial yaradır və Ankara-Bakı enerji əməkdaşlığını
daha yüksək və institusional səviyyəyə yüksəldir.
Hərbi And .- 2026.- 6 mart (¹9).- S.4.