Uzunmüddətli perspektivdə Cənub
Qaz Dəhlizinin strateji rolu daha da güclənəcək
Cənub Qaz Dəhlizi layihəsi son illərdə təkcə
Azərbaycanın enerji ixrac strategiyasının əsas istiqamətlərindən
biri kimi deyil, həm də regionda yeni enerji və geosiyasi balans
formalaşdıran mühüm platforma kimi qiymətləndirilir.
Bu layihə vasitəsilə Xəzər hövzəsinin enerji
resursları Türkiyə üzərindən Avropa bazarlarına
nəql olunur və Ankara regionun əsas enerji tranzit
qovşaqlarından birinə çevrilir. Eyni zamanda, Azərbaycan-Türkiyə
strateji tərəfdaşlığı enerji sahəsində
yeni mərhələyə qədəm qoyaraq regional əməkdaşlığın
daha geniş formatda inkişafına şərait yaradır.
Hazırda Azərbaycan qazının
istehlakçısı olan ölkələrin sayı 16-ya
çatıb və boru kəmərləri vasitəsilə
qaz tədarük etdiyi ölkələrin sayına görə
Azərbaycan dünyada birinci yerdədir. Qaz təchizatının
coğrafiyasının genişlənməsi, yeni bazarlara
çıxışın təmin olunması, həmçinin
“Azəri-Çıraq-Günəşli”, “Abşeron”,
“Ümid” və “Şahdəniz” yataqları üzrə
hasilatın artırılması planları Azərbaycanın
enerji ixrac imkanlarını daha da genişləndirir.
Mövzu ilə bağlı türk ekspert Engin Özer
AZƏRTAC-a açıqlamasında Cənub Qaz Dəhlizinin
regionun enerji təhlükəsizliyi, Türkiyənin enerji
tranzit mərkəzi kimi rolu və Azərbaycan–Türkiyə
strateji tərəfdaşlığının inkişafı
baxımından əhəmiyyətini dəyərləndirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin
əsas komponentlərindən biri olan TANAP layihəsi təkcə
regional enerji infrastrukturu deyil, həm də Türkiyənin
enerji təhlükəsizliyi strategiyasında mühüm
geosiyasi alət kimi çıxış edir.
Ekspert bildirib ki, Türkiyənin enerji təhlükəsizliyi
ilə bağlı əsas strategiyalarından biri
mümkün qədər çox sayda boru kəmərinin
ölkə ərazisindən keçməklə Avropaya
çatdırılmasıdır. Bu baxımdan TANAP layihəsi
xüsusilə Ukrayna müharibəsindən sonra daha da əhəmiyyətli
olub.
“Bu gün artıq bəzi layihələrin xüsusilə
“Türk axını” və “Mavi axın” kimi qaz kəmərlərinin
gələcəyi əvvəlki qədər aydın
görünmür. Avropanın qaz idxalı ilə
bağlı qəbul etdiyi yeni qərarlar və enerji siyasətində
baş verən dəyişikliklər bu layihələrin
populyarlığının azalmasına səbəb olur. Bu
şəraitdə TANAP yalnız Türkiyənin deyil, eyni
zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayır və Türkiyə
üçün Avropa ilə diplomatik münasibətlərdə
ciddi bir rıçaq kimi çıxış edir”, – deyə
E.Özer vurğulayıb.
O qeyd edib ki, Ukrayna müharibəsindən sonra Rusiyadan
qaz idxalının azaldılması Mərkəzi Asiya qaz
ehtiyatlarının strateji əhəmiyyətini daha da
artırıb. Bu baxımdan TANAP həm də regionda strateji əməkdaşlıq
platformasına çevrilib.
Ekspertin fikrincə, layihə yalnız enerji təhlükəsizliyi
ilə məhdudlaşmır: “TANAP vasitəsilə Mərkəzi
Asiya ölkələri ilə, xüsusilə Azərbaycanla hərbi
və siyasi əməkdaşlıq da genişlənir. Bu səbəbdən
layihəyə yalnız enerji layihəsi kimi baxmaq doğru
olmaz”.
E.Özer bildirib ki, uzunmüddətli perspektivdə
Avropanın artacaq qaz tələbatının Mərkəzi
Asiya, xüsusilə Türkmənistan qazı hesabına
ödənilməsi gözlənilir və bu qazın əsasən
Xəzər regionu vasitəsilə nəql olunması
TANAP-ın strateji rolunu daha da gücləndirəcək.
“Rusiya-Ukrayna müharibəsindən əvvəl bu qədər
açıq görünməyən bir proses indi daha aydın
şəkildə müşahidə olunur. TANAP layihəsi Orta
Asiyada bir sıra ölkələr arasında siyasi
yaxınlaşmanın və əməkdaşlığın
formalaşmasına da təsir göstərir və bu proses
getdikcə sürətlənir”, – deyə ekspert əlavə
edib.
Hərbi And .- 2026.- 6 mart (¹9).- S.4.