Yaxın Şərqdə gərginlik
fonunda Zəngəzur dəhlizi Avrasiyanın strateji nəqliyyat
marşrutlarından birinə çevrilə bilər
Yaxın Şərq regionunda son dövrlərdə
müşahidə olunan geosiyasi gərginlik və davam edən
münaqişələr beynəlxalq ticarət, enerji və nəqliyyat
marşrutlarının təhlükəsizliyi məsələsini
yenidən qlobal gündəliyin ön sırasına
çıxarıb. Bu şəraitdə regionlararası
iqtisadi əlaqələrin davamlılığını təmin
edən alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti
daha da artır. Belə layihələr arasında xüsusi yer
tutan Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz
üçün deyil, bütövlükdə Avrasiya məkanında
formalaşan yeni logistika xəritəsi baxımından
mühüm strateji əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında
Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin
idarə heyətinin üzvü, türkiyəli siyasi ekspert
Mehmet Seven bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə
baş verən hadisələr və regional
qarşıdurmalar bir daha göstərir ki, beynəlxalq ticarət
marşrutlarının şaxələndirilməsi və təhlükəsiz
logistika xətlərinin formalaşdırılması qlobal
iqtisadi sistem üçün həyati əhəmiyyət
daşıyır. Mövcud geosiyasi reallıqlar fonunda Cənubi
Qafqaz regionu Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzlərindən
birinə çevrilmək potensialına malikdir.
“Bu kontekstdə Zəngəzur dəhlizinin
açılması region ölkələri arasında iqtisadi
inteqrasiyanın genişlənməsinə və nəqliyyat əlaqələrinin
möhkəmlənməsinə mühüm töhfə verə
bilər. Layihə ilk növbədə Azərbaycan ilə
Türkiyə arasında birbaşa quru əlaqənin təmin
olunmasına imkan yaradacaq ki, bu da iki qardaş ölkə
arasında strateji tərəfdaşlığın daha da
güclənməsi baxımından xüsusi əhəmiyyət
daşıyır. Bu dəhlizin reallaşması yalnız iki
ölkə arasında əlaqələrin inkişafı ilə
məhdudlaşmır. Zəngəzur dəhlizi həm də
Türk dünyası ölkələri arasında nəqliyyat
və logistika əlaqələrinin genişlənməsinə,
ticarət dövriyyəsinin artmasına və regional iqtisadi əməkdaşlığın
dərinləşməsinə mühüm töhfə verə
bilər. Bu marşrut Orta Asiya ölkələrini Cənubi
Qafqaz vasitəsilə Anadolu və Avropa bazarları ilə birləşdirən
mühüm tranzit xəttinə çevrilmək
potensialına malikdir”, - deyə Mehmet Seven vurğulayıb.
Mehmet Sevenin fikrincə, Zəngəzur dəhlizi
Avrasiya məkanında formalaşan yeni iqtisadi və nəqliyyat
sisteminin vacib elementlərindən biri ola bilər. Bu layihə
yükdaşımaların daha qısa və səmərəli
marşrutlar vasitəsilə həyata keçirilməsinə
imkan verərək beynəlxalq ticarətin inkişafına da
müsbət təsir göstərə bilər. Eyni zamanda,
region dövlətlərinin logistika imkanlarının
genişlənməsi iqtisadi artımı sürətləndirə
və yeni investisiya layihələrinin həyata keçirilməsi
üçün əlverişli şərait yarada bilər.
Ekspert vurğulayıb ki, nəqliyyat və kommunikasiya
layihələri yalnız iqtisadi deyil, həm də siyasi və
strateji əhəmiyyətə malikdir. Belə layihələr
region dövlətləri arasında qarşılıqlı
etimadın möhkəmlənməsinə, əməkdaşlığın
genişlənməsinə və sabitliyin təmin
olunmasına töhfə verir.
“Bu baxımdan Zəngəzur dəhlizi regionda
uzunmüddətli sülh və inkişaf üçün
yeni imkanlar yarada biləcək mühüm təşəbbüslərdən
biri kimi qiymətləndirilir. Hazırkı mürəkkəb
beynəlxalq şəraitdə alternativ və təhlükəsiz
nəqliyyat marşrutlarının
formalaşdırılması xüsusilə vacibdir. Zəngəzur
dəhlizi bu baxımdan Avropa ilə Asiya arasında yeni
logistika körpüsü rolunu oynaya bilər və beynəlxalq
ticarət marşrutlarının şaxələndirilməsinə
ciddi töhfə verə bilər”,-deyə o bildirib.
Mehmet Seven qeyd edib ki, bu layihənin həyata
keçirilməsi Cənubi Qafqaz regionunun geoiqtisadi əhəmiyyətini
daha da artıracaq. Onun fikrincə, Zəngəzur dəhlizi yaxın
illərdə regionu qlobal nəqliyyat və logistika şəbəkəsinin
mühüm tranzit mərkəzlərindən birinə
çevirə və Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq
imkanlarının formalaşmasına təkan verə bilər.
Hərbi And .- 2026.- 13 mart (¹10).- S.11.