Özbəkistanlı ekspert: Orta Dəhliz
bu gün Avrasiya ticarəti üçün ən sabit və
təhlükəsiz xətdir
Yaxın Şərqdə baş verən son hadisələr
təkcə regional böhran deyil, həm də qlobal ticarət
sisteminin arxitekturası üçün ciddi
çağırış kimi qiymətləndirilməlidir.
Artan gərginlik fonunda ənənəvi dəniz ticarət
marşrutlarının təhlükəsizliyi məsələsi
yenidən müzakirə mövzusuna çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında
Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar
İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin
rəhbəri Xayotjon İbrahimov bildirib.
Onun sözlərinə görə, Süveyş
kanalı və Hörmüz boğazı kimi qlobal ticarətin
əsas arteriyalarında təhlükəsizlik risklərinin
artması beynəlxalq bazarları daha sabit və etibarlı
logistik marşrutlar axtarmağa məcbur edir. “Belə bir şəraitdə
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni
Orta Dəhliz artıq sadəcə perspektivli layihə deyil,
bütün Avrasiya üçün strateji zərurətə
çevrilir”, – deyə Xayotjon İbrahimov vurğulayıb.
Ekspert hesab edir ki, Orta Dəhlizin əsas
üstünlüklərindən biri onun geosiyasi baxımdan
daha dayanıqlı marşrut olmasıdır. Dünya
okeanları üzərindən keçən dəniz marşrutları
piratlıq, regional münaqişələr və dar
boğazlarda baş verən geosiyasi qarşıdurmalar
qarşısında daha həssasdır. Orta Dəhliz isə
Avrasiyanın daxili regionlarından keçdiyi
üçün müəyyən mənada coğrafiyanın
özü tərəfindən qorunan marşrut hesab olunur. Bu
da onu müasir geosiyasi şəraitdə daha etibarlı və
sabit logistik xəttə çevirir.
X.İbrahimov qeyd edib ki, Orta Dəhlizin inkişafı
xüsusilə dənizə birbaşa
çıxışı olmayan ölkələr
üçün böyük əhəmiyyət
daşıyır. Bu baxımdan Özbəkistan
üçün bu marşrutun inkişafı təkcə
logistika məsələsi deyil, həm də iqtisadi suverenlik məsələsidir.
Özbəkistan bu sistemə fəal şəkildə
inteqrasiya olunaraq “Çin-Qırğızıstan-Özbəkistan”
dəmir yolu layihəsinin həyata keçirilməsini təşviq
edir. Layihə faktiki olaraq Orta Dəhlizə daxil olan əsas
giriş qapılarından birinə çevrilə bilər.
Bu layihə Mərkəzi Asiyanı tranzit regiondan güclü
logistika və paylama mərkəzinə çevirmək
potensialına malikdir. Eyni zamanda, bu marşrut Özbəkistan
məhsullarının Xəzər və Qara dəniz
limanlarına daha qısa və təhlükəsiz yolla
çıxmasına imkan yaradır.
“Bu proses region ölkələrinin beynəlxalq
münasibətlər sistemində rolunu da gücləndirir. Azərbaycan,
Özbəkistan və digər region dövlətləri
artıq yalnız tranzit vasitəçi deyil, qlobal enerji və
logistika təhlükəsizliyinin təminində mühüm
rol oynayan aktorlar kimi çıxış edirlər”, - deyə
ekspert bildirib.
Onun fikrincə, Xəzər dənizi üzərindən
yükdaşımaların artması regionda infrastruktur layihələrinə
investisiyaların cəlb olunmasını, gömrük
prosedurlarının rəqəmsallaşdırılmasını
və liman imkanlarının genişləndirilməsini
sürətləndirir. Bu isə uzunmüddətli iqtisadi
inkişaf üçün möhkəm zəmin yaradır.
“Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi
sabitlik baxımından mühüm əhəmiyyət
daşıyır. Ölkələr ortaq tranzit gəlirləri
və iqtisadi maraqlarla bir-birinə bağlı olduqda, onlar
regional sabitliyin qorunmasında və mübahisələrin
diplomatik yollarla həllində daha çox maraqlı olurlar.
Qlobal geosiyasi qeyri-sabitlik şəraitində Orta Dəhliz
Özbəkistan, Azərbaycan və regionun digər ölkələri
üçün həm riskləri azaltmağa, həm də
dünya ticarət sistemində mühüm strateji mövqe
qazanmağa imkan yaradan sabitlik platformasına çevrilir”, -
deyə Xayotjon İbrahimov vurğulayıb.
Hərbi And .- 2026.- 13 mart (¹10).- S.11.