Azərbaycan regionda geosiyasi və
iqtisadi körpü rolunu oynayır
Hazırda dünyada mürəkkəb proseslər
baş verir. Yeni geostrateji şəraitdə dövlətlərin
beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz
həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən
asılıdır. Praqmatik xarici siyasət kursu milli
maraqları təmin etməklə yanaşı, ölkələrin
qarşısında yeni perspektivlərin yaranmasını da
şərtləndirir. Bu kontekstdə Cənubi Qafqaz regionunun
lider dövləti olan Azərbaycan nəinki regionda,
bütün dünyada nüfuzlu dövlət kimi qəbul
olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, torpaqlarını işğaldan azad
etdikdən sonra Azərbaycanın nəinki regionda,
bütövlükdə, beynəlxalq müstəvidə
mövqeləri əhəmiyyətli dərəcədə
güclənib. Ölkənin xarici siyasəti isə beynəlxalq
hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq,
qarşılıqlı hörmət və humanizm prinsiplərinə
söykənən uğurlu bir xətdir. Regionda sabitliyin təmin
olunması, münaqişələrin dinc yolla həlli və
humanitar siyasəti bu kursun əsasını təşkil edir.
Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici
körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri
ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir.
Onun sözlərinə görə, müasir beynəlxalq
münasibətlər sistemində artan geosiyasi gərginliklər
dövlətlər üçün
düşünülmüş siyasət yürütməyi
tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət
həyata keçirir. Azərbaycan beynəlxalq güclərlə
əməkdaşlıq məsələlərində məhz
balansı qoruyur və qarşıdurmalardan uzaq siyasət
yürüdür. Bununla belə yaxın regionlarda qonşu
dövlətlərin ərazilərində baş verən hərbi
toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, Yaxın
Şərqdə alovlanan münaqişə bütün region
üçün təhlükədir. Azərbaycan da
yaranmış vəziyyətdən narahatdır.
Çünki İran Azərbaycanın yaxın qonşusudur,
bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.
Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərilməsi
isə dövlətimizin humanizm siyasətinin göstəricisidir.
“Son vaxtlar İran ətrafında baş verən
proseslərlə bağlı müxtəlif ölkələrin
Azərbaycanla sıx təmaslar qurması da ölkəmizin
beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfi
deyil ki, bir sıra ölkələrin liderləri Prezident
İlham Əliyevə zəng edərək Azərbaycana dəstəyini
ifadə edir, eləcə də vətəndaşlarının
ölkəmiz vasitəsilə təxliyəsinə görə
təşəkkürlərini ifadə edirlər. İran ətrafında
münaqişənin alovlanmasından sonra bu ölkədəki
xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi
vasitəsilə təxliyəsi hələ də davam etməkdədir.
Məlumdur ki, Azərbaycan müxtəlif ölkələrə
humanitar yardımlar göstərir, ekoloji və təbii fəlakətlər
zamanı dəstək nümayiş etdirir. Bu siyasət Azərbaycanın
beynəlxalq nüfuzunun artmasına və regionda sülh və
əmin-amanlığın bərqərar olmasına xidmət
edir. Beləliklə, Azərbaycanın xarici siyasəti milli
maraqlarımıza əsaslanmaqla yanaşı, dünyada, o
cümlədən regionumuzda sülhün və təhlükəsizliyin
təmin olunmasında mühüm rol oynayır”, - deyə
deputat vurğulayıb.
Hərbi And .- 2026.- 13 mart (№10).- S.5.