Son proseslər
sübut etdi ki, Azərbaycan Avropa üçün ən
güvənli enerji təminatçısıdır
Geosiyasi gərginliklər və Yaxın Şərqdə
artan qeyri-sabitlik qlobal enerji təhlükəsizliyi
arxitekturasına ciddi təsir göstərib. Rusiya-Ukrayna
müharibəsi, ABŞ-İsrail tandemi ilə İran
arasındakı savaş qlobal enerji bazarlarında gərginliyə
yol açıb. Son bir ay ərzində dünya bazarlarında
neft və qazın qiymətində ciddi artım müşahidə
olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat
Şurası İdarə Heyətinin üzvü, media eksperti
Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, mövcud problem yalnız enerji
daşıyıcılarının qiymətinin artmasında
deyil. Nəql və təminat məsələsində fasilələrin
yaranması da vəziyyəti mürəkkəbləşdirir.
Təchizat marşrutlarının təhlükəsizliyi, nəql
sabitliyi, enerji infrastrukturunun davamlılığı aktual
problem kimi yenidən ortaya çıxıb. Enerji
istehsalçısı olan bəzi dövlətlərin enerji
resurslarından siyasi alət kimi istifadə etməsi vəziyyəti
daha da gərginləşdirir. Bu mənada enerji təchizatının
şaxələndirilməsi və etibarlı tərəfdaşların
müəyyən edilməsi həm Avropa İttifaqı, həm
də digər regionlar üçün strateji prioritetə
çevrilib. Avropanın öz ənənəvi enerji siyasətini
dəyişərək, diqqətini Azərbaycan, Norveç, Qətər
üzərində cəmləşdirdiyi müşahidə
olunur.
“Son proseslər isbat edir ki, geosiyasi gərginliklər və
enerji bazarlarındakı qeyri-müəyyənlik fonunda Azərbaycan
Avropa üçün ən strateji enerji tərəfdaşına
çevrilib. Enerji resurslarından siyasi alət kimi istifadə
edən ölkələrdən uzaqlaşan Avropa
İttifaqı siyasi risklərdən uzaq, sabit və
etibarlı tərəfdaş qismində Azərbaycana üz
tutur. Bu kontekstdə yanaşsaq, bu ilin mart ayının 3-də
Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin
4-cü iclaslarının keçirilməsi həm Azərbaycan,
həm də Avropa dövlətləri üçün
mühüm əhəmiyyət daşıyır.
Azərbaycan qazı Avropaya əsasən Cənub Qaz Dəhlizi
vasitəsilə çatdırılır. Trans-Anadolu Təbii
Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri ilə
Türkiyə ərazisindən Avropaya yönələn enerji
marşrutu Avropa üçün Rusiya və Yaxın Şərqin
riskli bölgələrindən yan keçməklə qurulan
nadir alternativ xətdir.
Statistik rəqəmlər göstərir ki, Azərbaycan
bu marşrutlardan istifadə edərək, özünün enerji
təminatçısı rolunu layiqincə yerinə yetirir.
2021-ci ildə Azərbaycandan Avropaya qaz ixracı təxminən
8 milyard kubmetr olmuşdusa, 2023–2024-cü illərdə bu rəqəm
12 milyard kubmetri ötüb. Bakı ümumilikdə Xəzər
regionu ilə Avropa arasında etibarlı və sabit enerji
körpüsünə çevrilib. Bu səbəbdəndir
ki, Avropanın siyasi mərkəzi sayılan Brüssel Bakı
ilə enerji əməkdaşlığını strateji tərəfdaşlıq
kimi qiymətləndirir”, - deyə M.Ələsgərli
vurğulayıb.
Ekspert əlavə edib ki, ölkəmizdəki sabitlik,
yüksək təhlükəsizlik vəziyyəti, həmçinin
dövlətimizin etibarlı tərəfdaş imici Azərbaycanı
dünya üçün cəlbedici müttəfiqə
çevirir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurasına göstərilən yüksək qiymət bu
fikri bir daha təsdiq edir. Təsadüfi deyil ki, Bakı Konqres
Mərkəzində təşkil olunan toplantıya 27 ölkə,
11 beynəlxalq maliyyə institutu, eləcə də 49 enerji
şirkəti nümayəndə göndərərək Azərbaycanla
enerji dialoquna qatıldı.
Hərbi And .- 2026.- 13 mart (¹10).- S.5.