Zəngəzur dəhlizi Orta Dəhlizin
ən mühüm və strateji halqalarından biridir
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya
kanallarına verdiyi müsahibələrdə
vurğuladığı kimi, Zəngəzur dəhlizi Orta Dəhlizin
ən mühüm və strateji halqalarından biridir. Bu dəhliz
təkcə regional deyil, həm də qlobal nəqliyyat və
logistika xəritəsində mühüm yer tutur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın
44 günlük Vətən müharibəsində
qazandığı tarixi Zəfər Cənubi Qafqazda tamamilə
yeni geosiyasi və geoiqtisadi reallıq formalaşdırıb.
“Həmin reallığın əsas
sütunlarından biri məhz Zəngəzur dəhlizidir. Bu
gün beynəlxalq müzakirələrdə “Tramp yolu” – “Beynəlxalq
Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi də
qeyd olunan bu marşrut aparıcı dünya siyasətçilərinin
və iqtisadçılarının diqqət mərkəzindədir.
Azərbaycan şərq ilə qərb, şimal ilə cənub
arasında unikal tranzit mövqeyə malik ölkədir. Nəqliyyat-logistika
potensialının genişləndirilməsi istiqamətində
atılan ən mühüm addımlardan biri də Zəngəzur
dəhlizidir. Artıq dəhlizin Azərbaycan ərazisindən
keçən hissəsində – Ağbəndə qədər
– bütün zəruri infrastruktur tam hazırdır. Paralel
olaraq, Naxçıvan istiqamətində təxminən 190
kilometr uzunluğunda dəmir yolunun bərpası sürətlə
həyata keçirilir. Zəngəzur dəhlizi ilk növbədə,
Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası
deməkdir. Bu layihə Naxçıvan Muxtar Respublikası ilə
ölkənin əsas hissəsi arasında quru nəqliyyat əlaqəsini
bərpa edir ki, bu da xalqımızın danılmaz tarixi
haqqıdır. Eyni zamanda, qardaş Türkiyə ilə
strateji əlaqələr daha da möhkəmlənir, Azərbaycanın
Avropaya çıxış imkanları genişlənir”, -
deyə deputat əlavə edib.
Aydın Hüseynov qeyd edib ki, dəhliz yalnız Azərbaycan
üçün deyil, region ölkələri, o cümlədən
Ermənistan üçün də mühüm iqtisadi
perspektivlər yaradır. Belə ki, dənizlərə
çıxışı olmayan Ermənistan uzun illər
işğalçı siyasəti nəticəsində regional
enerji və nəqliyyat layihələrindən kənarda
qalıb, bununla da öz iqtisadi inkişaf imkanlarını
ciddi şəkildə məhdudlaşdırıb.
Çin yüklərinin Avropaya daşınmasında
Zəngəzur dəhlizinin mühüm strateji rol
oynadığını sözlərinə əlavə edən
deputat Avropadan şərqə, eləcə də Mərkəzi
Asiya ölkələrindən qərb istiqamətinə
daşınan yüklər üçün bu dəhlizin
alternativ və səmərəli marşrut olduğunu qeyd
edib: “Dəhlizin illik təxminən 25 milyon ton
yükdaşıma potensialı onun iqtisadi əhəmiyyətini
aydın şəkildə ortaya qoyur. Zəngəzur dəhlizinin
reallaşması regionda təhlükəsizliyin möhkəmlənməsinə,
iqtisadi, mədəni və humanitar əlaqələrin
genişlənməsinə, həmçinin turizm sektorunun
inkişafına mühüm töhfə verəcək. Azərbaycan
alternativ nəqliyyat imkanlarını da paralel şəkildə
inkişaf etdirir. İran üzərindən Naxçıvan və
Türkiyə ilə əlaqələrin qurulması, eləcə
də Naxçıvan–Qars dəmir yolunun çəkilməsi
regional nəqliyyat şəbəkəsini daha da genişləndirir.
Bu layihələr Avropa ilə şərq, həmçinin
şimal–cənub və şimal-şərq istiqamətlərində
yükdaşımaların artırılmasında Azərbaycanın
rolunu daha da gücləndirir”.
Hərbi And .- 2026.- 9 yanvar (¹1).- S.11.