Zəngəzur dəhlizinin
reallaşması Naxçıvanın tarixi şöhrətini
qaytaracaq
Zəngəzur dəhlizi Naxçıvan Muxtar
Respublikasının iqtisadi, siyasi, sosial həyatının
inkişafına əsaslı təkan verməklə
yanaşı, onun beynəlxalq aləmlə də əlaqələrini
artıracaq, Türkiyə, İran, Gürcüstan və Cənubi
Qafqazın digər regionlarından muxtar respublikaya turist
axınına imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
iqtisad elmləri doktoru Ağarza Rüstəmov deyib.
Onun sözlərinə görə, Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət ümumilikdə
ölkənin inkişafını təmin edir.
“Naxçıvan uzun illər blokada şəraitində
yaşayıb. Buna baxmayaraq dövlət
başçısının diqqət və
qayğısı heç vaxt əskik olmayıb. 44
günlük Vətən müharibəsində Azərbaycan
Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Qarabağı azad etməklə yanaşı,
Naxçıvanın da iqtisadi inkişaf perspektivini müəyyən
etdi. Zəngəzur dəhlizi muxtar respublikanın qonşu
dövlətlərlə yanaşı, Rusiya və Avropa ilə
dəmir yolu nəqliyyatı əlaqəsini yaradacaq.
Hazırda muxtar respublika ərazisində dəmir yolları
yenilənir. Belə ki, Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa
dəmir yolu xətti layihəsinin həyata keçirilməsi
Naxçıvan Muxtar Respublikasının ixrac
imkanlarını artıracaq və Naxçıvanı
bölgənin mühüm tranzit mərkəzinə
çevirəcək. Bu layihə Naxçıvanı
Çin, Avropa ölkələri, eyni zamanda, Körfəz
ölkələri ilə birləşdirəcək. Bu, həm
də “Dəmir İpək Yolu”nun bərpası deməkdir.
2023-cü il sentyabrın 25-dən sonra isə həmin layihənin
reallaşdırılması istiqamətində əsaslı
hüquqi bünövrə qoyulub, tərəflər qısa
müddətdə dəmir yolunun tikintisinə yönəlmiş
texniki hazırlıqları və texniki-iqtisadi əsaslandırma
işlərini yekunlaşdırıblar. Uzunluğu 224 kilometr
olan yolun tikinti işləri davam edir və 2030-cu ildə
istismara verilməsi nəzərdə tutulub”, - deyə
Ağarza Rüstəmov əlavə edib.
A.Rüstəmov qeyd edib ki, bu günlərdə yerli
televiziya kanallarına müsahibə verən dövlət
başçısının “Azərbaycan-Ermənistan,
Türkiyə-Ermənistan yolları açılacaq. Ermənistan
Naxçıvan vasitəsilə İranın dəmir
yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir
yollarına çıxış əldə edəcək. Yəni
bu, Ermənistan üçün də faydalıdır. Burada
uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və
nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf
olmayacaq”, deməsi təsadüfi xarakter daşımır. Azərbaycan
Prezidenti Ermənistan ilə sülh prosesinin məntiqi nəticə
ilə başa çatması istiqamətində siyasət
yürüdür.
Bu siyasətin tərkib hissəsi olan Zəngəzur dəhlizi
regionun iqtisadi, nəqliyyat, tranzit imkanlarını
artırmaqla yanaşı, ölkəmizdə qeyri-neft
sektorunun inkişafına da əsaslı təkan verəcək:
“Zəngəzur dəhlizi ilə yükdaşımalar təkcə
tranzit gəlir gətirməyəcək. Tikiləcək dəmir
yolu stansiyaları, texniki xidmət kompleksləri,
daşıyıcı şirkətlərin Naxçıvanda
filiallarının, xidmət sahələrinin
açılması yeni iş yerlərinin yaradılmasına,
əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşmasına şərait formalaşdıracaq.
Tarixən Naxçıvana “Şərqin qapısı” deyilib.
Ərəb mənbələrində “Nəqşicahan” adlanan
bu region qədim dövrlərdən karvan yollarının kəsişdiyi
yer olub. Şərqdən qərbə doğru hərəkət
edən karvanlar Naxçıvanda dayanıblar. Bu gün
texniki, tərəqqi ilə əlaqədar olaraq dəmir
yolları, avtomobil yolları Naxçıvandan keçəcək.
Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ideyası və
bu ideyanın reallaşması Naxçıvanın tarixi
şöhrətini qaytaracaq”.
Hərbi And .- 2026.- 9 yanvar (¹1).- S.11.