Prezidentin
açıqlamaları Azərbaycanın xarici siyasətinin
realist və praqmatik əsaslar üzərində qurulduğunu
bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də
yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi
fikirlər müasir beynəlxalq münasibətlər
sisteminin real mənzərəsini açıq şəkildə
ortaya qoyur. Dövlətimizin başçısının
açıqlamaları Azərbaycanın xarici siyasətinin
milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli
perspektivə söykəndiyini nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
Onun sözlərinə görə, beynəlxalq
münasibətlərdə realist yanaşma, milli maraqların
qorunması və strateji əməkdaşlıq Azərbaycanın
uğurlu siyasətinin təməlini təşkil edir:
“Bildiyiniz kimi, bugünkü dünyada beynəlxalq hüquq
anlayışı faktiki olaraq işləmir. Biz bunun Vətən
müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə
də dəfələrlə şahidi olmuşduq. Prezident
İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində
də bu məsələyə toxunaraq qeyd etdi ki,
“reallığı hər kəs qəbul etməlidir. Bu
gün beynəlxalq münasibətlərdə əsas meyar
güc balansı, əməkdaşlıq, müttəfiqlik
münasibətləri və qarşılıqlı dəstəkdir.
Dövlətimizin başçısının bu
açıqlamaları Azərbaycanın xarici siyasətinin realist
və praqmatik əsaslar üzərində qurulduğunu bir
daha təsdiqləyir”.
Səbinə Salmanova bildirib ki, uzun illərdir beynəlxalq
hüququn norma və prinsiplərinə selektiv yanaşma, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə laqeyd münasibət
və ikili standartlar dünya siyasətinin acı
reallıqlarından biri kimi özünü göstərir.
“Xüsusilə də Azərbaycanla bağlı məsələdə
ədalətsiz yanaşma açıq şəkildə
müşahidə olunurdu. 1993-cü ildə BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul edilmiş 822, 853,
874 və 884 saylı qətnamələrdə Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması açıq şəkildə tələb
edilsə də, bu sənədlər 27 il ərzində
kağız üzərində qaldı. Beynəlxalq
hüququn əsas prinsipləri – dövlətlərin ərazi
bütövlüyü, suverenliyi və sərhədlərin
toxunulmazlığı faktiki olaraq tapdalanırdı. Təəssüf
ki, bu müddət ərzində beynəlxalq təşkilatlar
real təsir mexanizmlərini işə salmaq əvəzinə
status-kvonun qorunmasına üstünlük verirdilər. Bu
reallıq 2020-ci ilin payızında, Vətən müharibəsi
zamanı bütün çılpaqlığı ilə
üzə çıxdı. Azərbaycan dövləti 30 ilə
yaxın dövrdə səbirlə və ardıcıl şəkildə
apardığı diplomatik səylərin nəticə vermədiyini,
Ermənistanın ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə qarşı
genişmiqyaslı təxribata əl atdığını
gördükdə beynəlxalq hüququn ona verdiyi legitim
özünümüdafiə hüququndan istifadə etmək
məcburiyyətində qaldı. BMT Nizamnaməsinin 51-ci maddəsi
hər bir dövlətə özünü müdafiə etmək
hüququ tanıyır və Azərbaycan bu hüququndan tam əsaslı
şəkildə istifadə etdi. Vətən müharibəsi
göstərdi ki, beynəlxalq hüquq yalnız sənədlərdə
deyil, eyni zamanda, siyasi iradə və güclü dövlətçilik
mövqeyi ilə də qorunur. Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli
rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı
və Xalq–Ordu–Lider birliyi sayəsində ölkəmiz öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan
nəinki öz torpaqlarını azad etdi, eyni zamanda, beynəlxalq
hüququn illərlə icra olunmayan norma və prinsiplərini
faktiki olaraq reallaşdırdı”, - deyə o diqqətə
çatdırıb.
Deputat vurğulayıb ki, artıq bütün
dünya Azərbaycanın Vətən müharibəsində
qazandığı tarixi Zəfəri qəbul edir və
ölkəmizin haqlı mövqeyini aydın şəkildə
görür: “Azərbaycan bu mərhələyə təsadüfən
gəlib çıxmayıb. Bu, illər ərzində
aparılan məqsədyönlü siyasətin, güclü
dövlət quruculuğunun, balanslaşdırılmış
və praqmatik xarici siyasətin, eyni zamanda, qətiyyətli
liderliyin məntiqi nəticəsidir. Artıq Ermənistan–Azərbaycan
münaqişəsinin “həlli” üçün mandat
almış ATƏT-in Minsk qrupu da tarixin səhnəsindən
silinib. Uzun illər fəaliyyətsizliyi, qərəzli
mövqeyi və status-kvonun saxlanmasına xidmət edən fəaliyyəti
ilə yadda qalan bu mexanizm bu gün öz
aktuallığını tamamilə itirib. Xüsusilə
vurğulamaq lazımdır ki, 2025-ci il avqustun 8-də
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyan arasında keçirilmiş görüş və
imzalanmış Birgə Bəyannamə ölkəmizin
yaratdığı yeni reallıqların beynəlxalq müstəvidə
qəbulunun növbəti təsdiqi oldu. Həmin sənədin
imzalanması, eyni zamanda, Qarabağ mövzusunun artıq beynəlxalq
gündəlikdən tamamilə silindiyini açıq şəkildə
nümayiş etdirir”.
Hazırda Azərbaycan ilə ABŞ arasında
münasibətlərin keyfiyyətcə yeni mərhələyə
yüksəldiyini qeyd edən Səbinə Salmanova bildirib:
“ABŞ Konqresi tərəfindən uzun illər qüvvədə
saxlanılan və artıq praktiki olaraq məntiqini itirmiş
907-ci düzəlişin yaxın perspektivdə aradan
qaldırılması gözlənilir. Bu addım iki ölkə
arasında strateji əməkdaşlığın daha da
möhkəmlənməsi, regionda iqtisadi və ticari əlaqələrin
genişləndirilməsi baxımından mühüm əhəmiyyət
daşıyır. Artıq Azərbaycan ərazisindən Ermənistana
müxtəlif yüklər daşınır, ölkəmizin
neft məhsulları Ermənistan bazarına ixrac olunur. Bu
faktlar bir daha sübut edir ki, 907-ci düzəlişin əsaslandırıldığı
blokada anlayışı artıq mövcud deyil və həmin
məhdudiyyətlər faktiki olaraq aradan qalxıb.
İnanıram ki, tezliklə Konqresdə 907-ci düzəlişin
ləğvi ilə bağlı qərarın qəbul
olunması Azərbaycan-ABŞ münasibətlərinin daha da
genişlənməsinə, regionda iqtisadi əməkdaşlığın
güclənməsinə real imkanlar yaradacaq. Bu isə, eyni
zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin
möhkəmlənməsinə, strateji tərəfdaşlarla
əlaqələrin dərinləşməsinə və Cənubi
Qafqazda dayanıqlı sülh və inkişaf
üçün yeni perspektivlərin formalaşmasına xidmət
edəcək”.
Hərbi And .- 2026.- 9 yanvar (¹1).- S.4.