Azərbaycan yeni mərhələyə
keçir: Prezidentin müsahibəsindən oxunan yol xəritəsi
Prezident
İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son
müsahibə məzmun və ton baxımından klassik hesabat
xarakterini aşaraq, Azərbaycanın formalaşmaqda olan yeni
siyasi mərhələsinin konturlarını açıq
şəkildə göstərir. Bu müsahibə bir tərəfdən
ötən dövrün
yekunlaşdırılmasıdırsa, digər tərəfdən
yaxın illər üçün dövlət idarəçiliyində,
iqtisadi strategiyada və xarici siyasətdə hansı prioritetlərin
əsas götürüləcəyinə dair aydın siyasi
manifest rolunu oynayır.
Bu
fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin
deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. Onun
sözlərinə görə, müsahibənin ümumi ruhu
göstərir ki, Azərbaycan artıq postmünaqişə
dövrünü “adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli
sabit inkişaf mərhələsi kimi qəbul edir: “Prezidentin
çıxışında tez-tez vurğulanan əsas xətt
ondan ibarətdir ki, əldə olunmuş siyasi və hərbi
nəticələr özlüyündə məqsəd deyil,
yeni idarəetmə keyfiyyəti və iqtisadi səmərəlilik
üçün başlanğıc nöqtəsidir. Bu
yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsində
mərhələli keçidin başa
çatdığını göstərir.
İdarəetmə
ilə bağlı səsləndirilən fikirlər
xüsusilə diqqətəlayiqdir. Prezident açıq şəkildə
bildirir ki, islahatlar davam edəcək və bu proses selektiv deyil,
sistemli xarakter daşıyacaq. Onun məmurlara
ünvanladığı sərt mesajlar hakimiyyət daxilində
yeni intizam mərhələsinin başlandığını
göstərir. Burada əsas vurğu struktur dəyişikliklərindən
çox, icra məsuliyyəti və nəticə tələbidir.
Bu, Azərbaycanın qarşıdakı dövrdə daha az
populizmə, daha çox performans əsaslı idarəetməyə
keçmək niyyətində olduğunun siyasi göstəricisidir”.
Elnarə
Akimova qeyd edib ki, iqtisadi məsələlərə münasibət
Prezidentin strateji düşüncə tərzini açıq
ortaya qoyur: “Dövlət Neft Fondunun qızıl
ehtiyatlarını artırmaqla milyardlarla dollar əlavə gəlir
əldə etməsinin xüsusi vurğulanması təsadüfi
deyil. Bu, bir tərəfdən maliyyə təhlükəsizliyinin
möhkəmləndirilməsi, digər tərəfdən isə
neft gəlirlərinin idarə olunmasında konservativ və
uzunmüddətli yanaşmanın prioritet olduğunu göstərir.
Prezident bu nümunə ilə açıq mesaj verir: iqtisadi
sabitlik xərcləmə yox, ehtiyat yaratmaq üzərindən
təmin olunmalıdır.
Xarici
siyasətə dair mövqelər müsahibənin ən
mühüm siyasi qatlarından biridir. İlham Əliyevin beynəlxalq
məsələlərə münasibəti göstərir ki,
Azərbaycan artıq regional proseslərdə passiv
iştirakçı deyil, öz mövqeyini
formalaşdıran və açıq ifadə edən aktordur.
Fələstin məsələsində səsləndirilən
fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan,
selektiv olmayan mövqe tutduğunu nümayiş etdirir. Bu
yanaşma Bakının həm Qərb, həm də Qlobal Cənub
ölkələri ilə münasibətlərində
balanslı, lakin prinsipial xətt yürütmək niyyətində
olduğunu göstərir”.
Deputat
bildirib ki, müsahibədə hiss olunan əsas siyasi mesajlardan
biri də suverenlik anlayışının gücləndirilməsidir.
Prezidentin ritorikasında “kənar təsirlər”, “ikili
standartlar” və “daxili işlərə qarışmamaq”
mövzuları dolayı yolla, lakin aydın hiss olunur. Bu, Azərbaycanın
beynəlxalq müstəvidə öz qərarlarını kənar
təzyiqlərdən asılı olmayaraq vermək əzmində
olduğunu göstərir və dövlətin siyasi
özünəinamının artdığını təsdiqləyir.
“Ümumilikdə
bu müsahibə Azərbaycanın yaxın dövr
üçün siyasi yol xəritəsini
aydınlaşdırır: daxildə daha sərt və nəticəyönümlü
idarəetmə, iqtisadiyyatda ehtiyatlı və uzunmüddətli
strategiya, xarici siyasətdə isə balanslı, amma
açıq mövqe. Prezident İlham Əliyev bu müsahibə
ilə həm dövlət aparatına, həm cəmiyyətə,
həm də beynəlxalq auditoriyaya eyni mesajı verir: Azərbaycan
artıq yeni mərhələyə keçib və bu mərhələdə
qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət
əsas meyar olacaq”, - deyə Elnarə Akimova fikrini
yekunlaşdırıb.
Hərbi And .- 2026.- 9 yanvar (¹1).- S.4.