Dövlət Sərhəd
Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin
yekunları müzakirə olundu
Yanvar ayının 6-da Dövlət Sərhəd Xidmətinin
2025-ci ilin xidməti-döyüş fəaliyyətinin
yekunlarına dair hesabat müşavirəsi keçirilib.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin
Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Himninin səsləndirilməsi ilə
başlayan müşavirədə Ümummilli Lider Heydər
Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Müşavirədə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında 2025-ci ilin dövlətçilik
tariximiz üçün xüsusi önəm
daşıması, ölkə rəhbərliyi tərəfindən
Dövlət Sərhəd Xidməti qarşısında
qoyulan tapşırıqların yüksək səviyyədə
yerinə yetirilməsi general-polkovnik Elçin Quliyev tərəfindən
böyük qürur hissi ilə qeyd olunub.
Dahi Öndər Heydər Əliyevin sərhəd
mühafizəsi sahəsindəki ideya və düşüncələrinin
Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə
reallaşdırılması, dövlət
başçısının diqqət və qayğısı
ilə hərbi qulluqçuların sosial-məişət
şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin
daha da yaxşılaşdırılması istiqamətində
aparılan işlər xüsusi vurğulanıb.
Hesabat müşavirəsində hərbi birləşmə
rəhbərlərinin məruzələri dinlənilib,
struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.
2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən
əldə edilmiş əsas nailiyyətlər
sırasında dövlət sərhədini pozduqlarına
görə 516 nəfərin, sərhəd rejimini
pozduqlarına görə 1226 nəfərin, axtarışda
olan 3922 nəfərin, saxta sənədlərlə 108 nəfərin,
özgəsinə məxsus sənədlə 8 nəfərin,
eləcə də dövlət sərhədindən
buraxılış məntəqələrindən gizli şəkildə
keçməyə cəhd göstərən 6 nəfərin
saxlanılması xüsusi qeyd olunub.
Bununla yanaşı, terrorçuluğa qarşı
aparılmış mübarizə tədbirləri çərçivəsində
xaricdə döyüşmüş 6 nəfər
saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 18, qaçaqmalçılıqla
məşğul olan 8, qeyri-qanuni miqrasiya ilə məşğul
olan 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Eyni zamanda, il ərzində Dövlət Sərhəd
Xidmətinin struktur qurumları tərəfindən, habelə
digər hüquq mühafizə orqanları ilə birgə
ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78
457 ədəd psixotrop tərkibli və güclü təsiredici
həbin, 128 milyon 255 min 862 manat dəyərində
qaçaqmalın dövlət sərhədindən qanunsuz
keçirilməsinin qarşısı alınıb, 24 ton 585
kiloqram narkotik xassəli bitki məhv edilib.
2026-cı ildə qarşıda duran əsas vəzifə
və tapşırıqlar diqqətə
çatdırılaraq sərhədçilərin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir
tapşırığını böyük şərəf
və qürurla icra etməyə hazır olması, dövlət
sərhədinin texniki vasitələrlə mühafizə və
müdafiəsinin gücləndirilməsi, çətin relyefə
malik ərazilərdə və istənilən hava şəraitində
qarşıya qoyulmuş tapşırıqların
icrasının təmin edilməsi məqsədilə hərbi
qulluqçuların hazırlanması, döyüş
hazırlığının daim yüksək səviyyədə
saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi
və şəxsi heyətin sağlamlığının
qorunması istiqamətində tədbirlərin görülməsi
barədə göstərişlər verilib.
Hərbi And .- 2026.- 9 yanvar (№1).- S.2.