Azərbaycan azad
olunmuş ərazilərdən həm də sülh mesajı
verir
İşğaldan azad olunmuş ərazilərdə həm
yaşayış məntəqələrinin, həm sosial
obyektlərin, həm də infrastrukturun “Böyük
Qayıdış” proqramı çərçivəsində
yenidən qurulması postmünaqişə dövrünün
əsas reallıqlarından biridir. Prezident İlham Əliyev
Ağdərəyə və Tərtərə səfəri
zamanı burada görülən işlərlə
tanış oldu, yeni infrastruktur layihələrinin təməlini
qoydu, bura köçən keçmiş məcburi
köçkünlərlə görüşdü. Prezidentin
sakinlərlə birbaşa səmimi dialoqu, onların həyatı,
sosial və iqtisadi vəziyyəti ilə maraqlanması
dövlətimizin başçısının əhaliyə
şəxsi qayğısının göstəricisidir. Belə
görüşlər ictimai etimadın artırılmasına
və dövlət institutlarına inamın güclənməsinə
xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, səfər çərçivəsində
Tərtərdə yeni istifadəyə verilən Elektromexanika
Zavodu regionun iqtisadi dirçəlişini və sənaye
potensialının artırılmasını nümayiş
etdirir. Bu, milli müdafiə sənayesinin inkişafı, yerli
istehsalın təşviqi və strateji sahələrin
gücləndirilməsi baxımından əhəmiyyət
daşıyır. Ağdərədə istifadəyə verilən
“Qozlukörpü” Su Elektrik Stansiyası isə modern enerji
infrastrukturu kimi enerji təhlükəsizliyini gücləndirəcək,
həmçinin yaşıl enerji istehsalına töhfə
verəcək. Belə ki, bu tip stansiyalar ənənəvi
enerji mənbələrinə alternativ olaraq yerli elektrik
enerjisi istehsalını artırır, xarici enerji
asılılığını azaldır. Ümumiyyətlə,
su elektrik stansiyalarının fəaliyyəti nəticəsində
regionda yüz milyonlarla kilovat-saat yaşıl enerji istehsal
olunur. Bu stansiya yerli sənaye və xidmət
sektorlarını dəstəkləməklə yanaşı,
regionda investisiya mühitini də
yaxşılaşdırır. Ağdərənin Canyataq kəndində
“Dəmirli” Filiz Emalı Kompleksi də işğaldan azad
edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli
və qanuni istifadəsinin təmin olunması baxımından
böyük əhəmiyyət kəsb edir. Təməli
qoyulan Xüsusi Əməliyyat Mərkəzi isə xüsusi
təyinatlı bölmələrin fərqli relyef, hava və
coğrafi şəraitlərdə hazırlıq keçməsini
təmin edəcək kompleks təlimlər üçün nəzərdə
tutulub. Azərbaycanın strateji əhəmiyyətli ərazilərindən
biri olan Ağdərədə belə bir mərkəzin fəaliyyətə
başlaması regionda təhlükəsizlik təminatı və
çevik reaksiya sistemləri üçün əhəmiyyət
kəsb edir.
Deputat qeyd edib ki, dövlətimizin
başçısı Ağdərənin Aşağı
Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin
sakinləri ilə görüşündə bir çox vacib
mesajlar verdi. Prezident bir daha vurğuladı ki, Azərbaycan
öz ərazi bütövlüyünü tam bərpa edib və
suverenliyini möhkəmləndirib. İnsanların dədə-baba
torpaqlarına qayıtması, burada rahat və xoşbəxt
yaşamasının təmin olunması bu reallığın
bir hissəsidir. Azərbaycan azad olunmuş ərazilərdən
həm də sülh mesajı verir. Prezidentin bundan sonra
müharibə olmayacağına əminliyini və Azərbaycan
dövlətinin güclü bir dövlət olduğunu
vurğulaması həm region üçün sabitlik
mesajı, həm də vətəndaşlara təhlükəsizlik
təminatıdır.
N.Məmmədova, həmçinin Ağdərənin
Baş planının da artıq təqdim olunduğunu qeyd
edib. Bildirib ki, Baş planda 20 illik perspektivdə 14 min nəfər
əhali hədəfinin müəyyən edilməsi şəhərin
uzunmüddətli perspektivdə daha dinamik inkişafını
göstərir. Beləliklə, Ağdərə bərpa edilən
yaşayış məntəqəsi olmaqla yanaşı, həm
də regional mərkəz funksiyasını daşıyacaq.
Görüləcək işlər Ağdərənin regional
inkişafın mühüm məkanı kimi
formalaşmasına şərait yaradır. Prezident də qeyd
etdi ki, Ağdərənin gələcək inkişafı
çox parlaq olacaq və şəhər də daxil olmaqla
bütün ərazi bərpa ediləcək. Bu bölgənin
sənaye və turizm mərkəzinə çevrilməsi
üçün şərait yaradılacaq.