İşğaldan
azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və
enerji sisteminə inteqrasiyası son mərhələyə
yaxınlaşır
Prezident İlham Əliyevin Ağdərə və Tərtər
rayonlarına son səfəri işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işlərinin
dövlət siyasətinin əsas prioritetlərindən biri
olaraq qaldığını bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Tural Gəncəliyev deyib.
O qeyd edib ki, Prezidentin Qarabağa səfərlərinin
intensiv və ardıcıl xarakter daşıması bu ərazilərdə
aparılan işlərin operativliyini və yüksək icra
intizamını təmin edən əsas amillərdəndir:
“Qarabağda və Şərqi Zəngəzurda gedən
bütün proseslər, bərpa və yenidənqurma işləri
dövlət başçısının konkret
tapşırıqları və şəxsi nəzarəti
altında həyata keçirilir. Bu isə nəticələrin
qısa müddətdə əldə olunmasına imkan
yaradır”.
T.Gəncəliyev Ağdərə rayonunda
“Qozlukörpü” su elektrik stansiyasının istifadəyə
verilməsini xüsusi qeyd edərək bildirib ki, bu kimi obyektlər
Qarabağ və Şərqi Zəngəzurun strateji
ehtiyaclarının – enerji, su və kommunal təminatının
ödənilməsinə xidmət edir: “Qaz, elektrik enerjisi, su
təminatı və infrastruktur obyektləri insanların
doğma torpaqlarına qayıdışının əsasını
təşkil edən fundamental şərtlərdir.
“Qozlukörpü” su elektrik stansiyasının
açılışı bu baxımdan mühüm strateji əhəmiyyət
daşıyır”.
Deputat vurğulayıb ki, indiyədək Qarabağ və
Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan
artıq vəsait yönəldilib ki, bu da Azərbaycanın
iqtisadi gücünün və dövlətin bu ərazilərə
göstərdiyi xüsusi diqqətin bariz göstəricisidir:
“Bu, dünyanın nadir təcrübələrindən biridir.
Müharibədən çıxmış, tamamilə
dağıdılmış bir ərazinin qısa müddətdə
bu templə bərpa olunması əsl möcüzədir”.
Tural Gəncəliyev qeyd edib ki, regionda davam edən
münaqişələr və dağıntılar fonunda Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzurda
apardığı quruculuq siyasəti beynəlxalq ictimaiyyət
üçün nümunə ola bilər.
Deputatın sözlərinə görə,
işğaldan azad edilmiş ərazilərin Azərbaycanın
ümumi iqtisadi və enerji sisteminə inteqrasiyası artıq
son mərhələyə yaxınlaşır. Bu proses ölkənin
su və enerji ehtiyatlarının artmasına, nəqliyyat və
kommunikasiya imkanlarının genişlənməsinə
mühüm töhfə verir.
O əlavə edib ki, Orta Dəhlizin mühüm
komponentlərindən biri olan Zəngəzur dəhlizinin
(TRIPP) Qarabağ və Şərqi Zəngəzurdan keçməsi,
yeni hava limanlarının açılması, dəmir yolu xətlərinin
çəkilməsi bu regionun beynəlxalq nəqliyyat və
kommunikasiya xəritəsində strateji mövqeyini daha da
möhkəmləndirir.
Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində Qarabağ və
Şərqi Zəngəzur təkcə bərpa olunan ərazilər
deyil, eyni zamanda Azərbaycanın gələcək
inkişafını təmin edən əsas geoiqtisadi və
geostrateji mərkəzlərdən birinə çevrilib.
Hərbi And .- 2026.- 16
yanvar (¹2).- S.8.