Yaşıl enerji dəhlizləri
Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən
strateji güc xəttinə çevirir
Bərpaolunan enerji mənbələri və
yaşıl enerji siyasətləri çərçivəsində
Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa, eləcə
də Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan
yaşıl enerji dəhlizlərinin formalaşması Azərbaycanın
və Türkiyənin enerji resurslarının regionda və
Avropa bazarlarında satışa çıxarılması
baxımından strateji əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında türk
politoloq İsmail Cingöz bildirib.
O qeyd edib ki, Türkiyənin enerji keçidi mərkəzi
kimi mövqeyinin möhkəmlənməsi ölkəsinin, Azərbaycanın,
eləcə də bütövlükdə Türk
dünyasının geosiyasi, geostrateji və geoiqtisadi hədəf
və potensialını daha yüksək səviyyəyə
qaldırır. “Tarix boyu Anadolu və Qafqaz geosiyasi, strateji və
geoiqtisadi baxımdan mühüm mövqedə yer tutub və
bu üstün mövqe günümüzdə yeni layihələr
fonunda daha da güclənməkdədir. Yeni dünya sisteminin
formalaşdığı bir dövrdə Türk
dünyasının, Qafqazın və Anadolunun strateji əhəmiyyəti
daha aydın görünür. Azərbaycanın və
Türkiyənin lokomotivliyi ilə Türk dünyasının
üçüncü qütb kimi formalaşması region
xalqları üçün qürurverici prosesdir. Ankaranın
Avropanın enerji təhlükəsizliyi və iqlim gündəmində
artan siyasi və strateji çəkisi yaşıl dönüşüm
və yaşıl enerji layihələri ilə daha da möhkəmlənəcək.
Yeni dünya sisteminin qurulduğu şəraitdə Türkiyə,
Azərbaycan, eləcə də bütövlükdə Cənubi
Qafqaz və Mərkəzi Asiyanın yeraltı və
yerüstü resurslara malik olması, həmçinin Şərqlə
Qərb arasında enerji və ticarətin ən qısa
marşrutları üzərində yerləşməsi səbəbindən
“paylaşıla bilməyən” strateji məkana çevrilib.
Bu reallıq Türk Dövlətləri Təşkilatının
(TDT) Azərbaycan ilə Türkiyənin lokomotivliyi ilə
üçqütblü dünya nizamında mühüm mərhələyə
daxil olmaq imkanlarını artırır”, - deyə politoloq
vurğulayıb.
İsmail Cingöz qeyd edib ki, yeni qlobal düzəndə
Türkiyə yalnız lokal müstəvidə deyil, Qafqaz, o
cümlədən Azərbaycan və Türk dünyası ilə
birlikdə dəyərləndirməlidir: “TDT-yə üzv
olan hər hansı bir türk dövlətinin geosiyasi,
geoiqtisadi və geostrateji qiymətləndirilməsi
ayrı-ayrılıqda deyil, bütövlükdə təşkilat
çərçivəsində aparılmalıdır. Bu
yanaşma qlobal miqyasda Türk dünyasının real
potensialının daha dolğun şəkildə ortaya
çıxmasına imkan verər. Lokal yanaşmalar Türk
dünyasının yüksək potensialının lazımi
səviyyədə qiymətləndirilməməsi riskini
yarada bilər. Yeni dünya sistemində Türkiyə, Azərbaycan
və TDT ətrafında artan rəqabət və
qarşıdurmalar fonunda bu coğrafiyanın geosiyasi,
geostrateji və geoiqtisadi üstünlüklərinin
qarşıdurma alətinə çevrilməsinin
qarşısını almaq üçün birgə və
koordinasiyalı mövqe vacibdir”.
Politoloqun sözlərinə görə, Mərkəzi
Asiya və TDT məkanında hər hansı qeyri-sabitlik qlobal
enerji, ticarət və siyasi sistemlərdə ciddi geriləmələrə
səbəb ola bilər. Buna görə də Türk
dünyasının mövcudluğu və təhlükəsizliyi
qlobal sabitliyin təminatçısı kimi dəyərləndirilməlidir.
“Bərpaolunan enerji siyasətində fəal iştirak
Türkiyənin regional enerji mərkəzi rolunu möhkəmləndirir
və bu rolun bütün Türk dünyasına şamil edilməsi
strateji baxımdan düzgün yanaşmadır”, - deyə o
diqqətə çatdırıb.
Hərbi And .- 2026.- 16 yanvar (¹2).- S.6.