Hərbi yekun, siyasi möhür,
tarixi təcrübə - BİZİM ZƏFƏR
Qarabağda əldə olunan Zəfər tarixin
status-kvo ilə “barışmayan” iradəyə verdiyi möhtəşəm
cavabdır. Bu qələbə “qismən”, “şərti”,
“mübahisəli”, “boz bölgə”li deyil; məhz tam xarakter
daşıyır. Çünki həm hərbi, həm
hüquqi, həm də siyasi müstəvidə geridönməz
sonuclar var.
Müharibələrdə tez-tez belə olur: cəbhədə
üstünlük əldə edilir, amma siyasi masada nəticə
“yumşaldılır”, ya da münaqişə başqa adla
davam edir. Qarabağda isə proses əksinə getdi:
-44 günlük müharibə ilə strateji
üstünlük təmin olundu;
-sonrakı mərhələdə ardıcıl addımlarla
suverenlik boşluqları qapadıldı;
-anti-terror əməliyyatı ilə separatçı
qurumun varlığına son qoyuldu;
-nəticə daxili hüquq müstəvisində (ədalət
mühakiməsi) tamamlandı.
Bax, bu baxımdan, bizim qələbə ərazi
qazanımı olmaqdan daha üstün – dövlətin konstitusion
suverenliyinin bütün ölkə ərazisində təminidir.
Belə tam qələbələr, əlbəttə,
lider–xalq–ordu sinerjisi ilə - “bir yumruq” faktoru ilə şərtlənib,
Dəmir Yumruğa dönüşür.
Bəli, bizim qələbəni üstün qılan əsas
dayaqlardan biri də ümummilli həmrəyliyimizdir. “Bir
yumruq” ifadəsi burada bədii metafor yox, gerçək
siyasi-sosial mexanizmdir. Həmin o mexanizm milli səfərbərlik
ruhu, informasiya və diplomatiya cəbhəsində birlik, ordunun
peşəkarlığı və döyüş əzmi, rəhbərliyin
strateji qərarvermə qabiliyyəti sayəsində vahid iradəyə
çevrildi və bu, qəti sonuca gətirib
çıxardı.
“Tam qələbə” varsa, “yarımçıq qələbə”
də vardır. Bəs o necə olur?
Tarixdə çox “qələbə”
adlandırılan, amma nəticəsi mübahisəli qalan
müharibələr var, müəyyən ərazi əldə
olunur, lakin status məsələsi açıq qalır,
separatizm dondurulmuş münaqişə kimi yaşayır,
beynəlxalq vasitəçilik sonsuz, üzücü prosesə
çevrilir.
Qarabağda isə belə olmadı. Qələbəmiz
“müvəqqəti rejim”ə çevrilmədi,
“dondurulmuş münaqişə” saxlanmadı, “xüsusi
status” kimi təhlükəli siyasi tələlərə
düşmədik və s.
Azərbaycan həmin “yarımçıq qələbə”
sindromunu, bununla da “boz bölgə”ləri tarixin arxivinə
göndərdi.
2025-ci ilin avqustundakı bəlli Vaşinqton
paraflanmasını vurğulayaq. - O paraflanma qələbənin
siyasi müstəvidə həkk olunmasıydı.
Vaşinqtonda sülh sazişinin paraflanması bizim qələbənin
siyasi müstəvidə “həkk olunması” kimi
tanıdılmağı haqq edir. Bu, önəmli məqamdır:
hərbi qələbə “nəticə”dir, amma siyasi
paraf – nəticənin beynəlxalq-siyasi formatda tanınma
trayektoriyası deməkdir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin yanvarın 5-də yerli TV-lərə
müsahibə verərkən dediyi sözlərə diqqət
edək: “…2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi
olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı.
Bu, vacib idi, amma hələ hər şey deyildi,
çünki hamısı, sadəcə, sözdə idi,
lakin əməldə hər şey davam edirdi. Mina tədarükü,
hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi,
silah tədarükü - bütün bunlar Qarabağın rəsmi
olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına
baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə,
həm də Rusiya sülhməramlılarının yerləşdiyi
ərazidə başqa tədbirlər görməyə məcbur
olduq. Həm də bunu heç kimə və heç nəyə
məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu
bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust
olmazdı”.
Bəli, Qarabağ Zəfəri təkcə meydanda
qazanılmadı; o, həm də diplomatiyada möhkəmlənən
gerçəkliyə çevrildi.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And .-g 2026.- 16 yanvar (¹2).- S.3.