Azərbaycan uğuru
necə qazandı?
Azərbaycanın 2023-cü ildə həyata
keçirdiyi yığcam xarakterli, lakin strateji sonucları
olan anti-terror əməliyyatı bu gün öyrənilən,
gələcəkdə öyrəniləcək önəmli
hadisələrdəndir. Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyev yerli TV-lərə yanvarın 5-də
verdiyi geniş müsahibədə bu mövzuya bir daha
qayıtdı, dəyərləndirmələr etdi.
Bəli, anti-terror əməliyyatı spontan qərar
olmayıb, ardıcıl, hüquqi və siyasi baxımdan əsaslandırılmış
uzunmüddətli prosesin məntiqi yekunu idi. 2020-ci ilin 27
sentyabrında başlayan əks-hücum qərarını
vermək qədər məsuliyyətli bir qərardan
danışırıq. Elə sonucları da, təqribən
onun qədər böyük və əlbəttə şərəfli
idi. Bu yol özlüyündə 44 günlük müharibədən
dərhal sonra başlaması, mərhələ-mərhələ
irəliləməsi ilə bir bütövlük təşkil
edir.
Gəlin ilkin siqnalları yada salaq:
2020-ci ilin dekabrında Taqer və Xtsaberd yönündə
keçirilən əməliyyatlar Azərbaycanın suverenliyinin
yalnız kağız üzərində
olmadığını, gerçək güc müstəvisində
bərpa ediləcəyinin ilk açıq ismarıcı idi.
Bəs bu mərhələdə özəlliklə
diqqətçəkən məqam nəydi? Heç
şübhəsiz:
-Rusiya sülhməramlı kontingentinin məsul şəxslərindən
biri olan Volkovun mühasirəyə düşməsi;
-faktiki olaraq ona “bu torpaqların sahibinin kim
olması”nın nümayiş etdirilməsi idi.
Bax, bu addım taktiki hərbi uğur olmaqla
yanaşı, geosiyasi xəbərdarlıq xarakteri
daşıyırdı. Yəni, Azərbaycan öz suveren ərazisində
“boz bölgə” anlayışını qəbul etməyəcək,
illa etməyəcək, qətiyyən etməyəcək!
Budur, ardınca 2021-ci il əməliyyatları - Fərrux,
Qara göl, Cermuk (İstisu) yetişdi.
2021-ci il boyunca həyata keçirilən Fərrux
dağı boyunca əməliyyat, Qara göl çevrəsində
mövqelərin möhkəmləndirilməsi, Cermuk
yönündə nəzarətin bərpası həyata
keçirildi.
Bu hərbi aktlar bir daha göstərdi ki, Azərbaycan
status-kvonu uzatmaq niyyətində deyil,
sülh adı altında təhlükəsizlik risklərinə
dözməyəcək,
hərbi-siyasi iradəsini mərhələli şəkildə
gerçəkləşdirəcək və s.
Həmin dönəmdə Ermənistan hakimiyyəti hələ
də Azərbaycanın ərazi bütövlüyünü
tanımaqdan yayınırdı və əlbəttə, bu, gərginliyin
əsas səbəbi idi.
Biz yalnız hər meydanında irəliləmirdik,
diplomatik paralel xətt işləyirdi; məsələn,
Brüssel platformunu, məhz bizim dövlətin irəli
sürdüyü Sülh gündəliyini vurğulaya bilərik.
Brüssel formatında, Şarl Mişellə
görüşlərdə Prezident Əliyev Azərbaycanın
mövqeyini qəti şəkildə bildirirdi. -
Biz heç kimdən qorxmuruq, öz ərazi
bütövlüyümüzün təmin edilməsi
üçün bütün zəruri addımları
atacağıq.
Bu açıqlamalar təhdid sayıla bilməzdi,
çün siyasi gerçəkliyin açıq ifadəsi
idi.
Ardınca, Praqa dönüş nöqtəsi gəlirdi.
2022-ci ildə Praqa görüşü Ermənistan
üçün geri dönüş yaxud
U-dönüşü oldu. Başqa çıxış yolu
qalmayan Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü rəsmi şəkildə
tanımağa məcbur qaldı.
Bu hadisə eyni zamanda Rusiyanın bölgədəki
rolunun kəskin şəkildə zəifləməsinə gətirdi.
- El sözü ilə desək: Tanrı necə haqdır! -
Praqadan sonra Rusiya sülhməramsızları faktiki iflic duruma
düşdü, proseslərə təsir imkanları sürətlə
azaldı, sonucda kontingentin vaxtından öncə - 2024-cü
ildə bölgəni tərk etməsi qaçılmaz oldu.
İndi biz burda illəri, hadisələri sürətlə
vərəqləyirik ancaq əlbəttə, hər şey
rahat-rahat, dirənişsiz olmadı; həlledici faktor Azərbaycanın
siyasi iradəsi, “Dəmir Yumruğ”umuz idi! Məsələn,
Rusiya Paşinyandan yarımayınca, Vardanyan ssenarisini işə
salmışdı…
Yəni bir boşluq yarandığını
görüncə, onu doldurmaq üçün Rusiya tərəfindən
Ruben Vardanyan ssenarisi işə salındı. Lakin bu cəhd
Laçın yolunda başlanan və uzun müddət davam edən
ekoloji, ictimai-siyasi aksiyalarla, daha sonra isə Laçın
yolunda sərhəd-buraxılış məntəqəsinin
qurulması ilə tam neytrallaşdırıldı.
Bu addım Azərbaycanın suverenlik
hüquqlarını fiziki və hüquqi müstəvidə
təsbit etdi.
Haqq incələr, üzülməz!
Nəhayət, 44 günlük müharibə ilə
başlayan, 24 saatdan da qısa müddətli anti-terror tədbiri
ilə davam edən, qondarma rejimin süqutu kimi tarixi proseslə
yekunlaşan mərhələ, özündən sonra,
Qazaxın 4 kəndinin qaytarılmasına da vəsilə oldu.
Artıq neçə aydır, işğalçı
uzantılarının, separatçı funksionerlərin Azərbaycan
ədalət məhkəməsi qarşısında təqsirləndirilən
şəxs qismində cavab verməsinə şahid oluruq.
Bir zamanların “status”, “vasitəçi”, “alternativ
ssenari”, “Minsk qrupu” artıq yalnız
araşdırmaçıların mövzusudur.
Azərbaycan dövləti bu prosesi ardıcıl,
ölçülü-biçili və məqsədyönlü
şəkildə gerçəkləşdirdi.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And .- 2026.- 16 yanvar (¹2).- S.3.