Azərbaycanın yenidən müstəqilliyə
qovuşması yolunda həlledici mərhələnin
başlanğıcı
XX əsrin sonlarında Azərbaycan xalqının
üzləşdiyi ən ağır və
sarsıdıcı sınaqlardan biri 1990-cı ilin yanvar hadisələri
oldu. Totalitar sovet rejimi süquta uğradığı bir mərhələdə
xalqımızın azadlıq arzularını silah
gücü ilə boğmağı hədəfləyərək
ağır cinayət törətməkdən çəkinmədi.
Lakin bu qanlı müdaxilə, əksinə, Azərbaycan cəmiyyətində
milli özünüdərki daha da gücləndirdi,
azadlıq ideyasını geri dönməz bir iradəyə
çevirdi və xalqın tarix qarşısında verdiyi ən
ağır, lakin ən şərəfli qərarlardan birinin rəmzi
oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Zaur Şükürov deyib.
Onun sözlərinə görə, 20 Yanvar faciəsinə
aparan proseslərin əsası 1987-ci ildən etibarən
qoyulmuşdu. Həmin dövrdə hazırkı Ermənistan ərazisindən
azərbaycanlıların növbəti dəfə kütləvi
deportasiyası həyata keçirilmiş, eyni zamanda,
Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində
açıq və məqsədli cəhdlər güclənmişdi.
Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet hakimiyyəti Ermənistanın
separatçı və işğalçı niyyətlərinin
qarşısını almaq əvəzinə Azərbaycan
xalqının haqlı tələblərinə laqeyd
yanaşmış, terror və separatizmi təşviq edən
qüvvələrə dolayısı dəstək göstərərək
xalqımıza qarşı bu cinayətin törədilməsinə
şərait yaratmışdı.
“Mövcud təhlükələrə baxmayaraq, Sovet
hakimiyyətinin bu qanlı əməlinə açıq
etiraz edən Ümummilli Lider Heydər Əliyev faciədən
bir gün sonra - yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gedərək
xalqla həmrəy olduğunu bəyan etdi. O, 20 Yanvar hadisələrinə
siyasi qiymət verərək bu faciənin hüquq, demokratiya və
humanizm prinsiplərinə tam zidd olduğunu, mərkəzi
hakimiyyətin və o dövrdəki respublika rəhbərliyinin
xəyanəti nəticəsində baş vermiş ciddi siyasi
səhv olduğunu açıq şəkildə ifadə
etdi.
Ulu Öndərin vurğuladığı kimi, bu təcavüz
xalqımızı mənəvi baxımdan sarsıtsa da,
ağır itkilərə səbəb olsa da, onun iradəsini
qıra bilmədi. Azərbaycan xalqının qüruru
tapdanmadı, əksinə, bu hadisə qəhrəmanlıq
salnaməmizə yeni və əbədi bir səhifə kimi
yazıldı, müstəqilliyə aparan yolda keyfiyyətcə
yeni mərhələnin əsasını qoydu. Məhz
Ümummilli Liderin təşəbbüsü və qətiyyətli
mövqeyi nəticəsində 1994-cü il martın 29-da Milli
Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Mürəkkəb və ziddiyyətli tarixi şəraitə
baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi və
ardıcıl fəaliyyəti sayəsində 20 Yanvar faciəsinin
başvermə səbəbləri və günahkarları ilə
bağlı obyektiv həqiqətlər üzə
çıxarıldı”, - deyə Z.Şükürov əlavə
edib.
Deputat qeyd edib ki, 20 Yanvar hadisələri təkcə
konkret bir gecə ilə məhdudlaşan faciə deyildi.
Sözügedən hadisələr illərlə
yığılan siyasi ədalətsizliyin, milli
hüquqların sistemli şəkildə tapdanmasının və
Azərbaycan xalqının iradəsinə qarşı yönəlmiş
təzyiqlərin məntiqi nəticəsi idi. Qanlı Yanvar
sovet hakimiyyətinin əsl mahiyyətini aydın şəkildə
ortaya qoyaraq, imperiya idarəçiliyinin Azərbaycan cəmiyyəti
üçün qəbuledilməz olduğunu və azadlıq
yolunun artıq xalq tərəfindən müəyyən
edildiyini göstərdi.
“Şübhəsiz ki, 20 Yanvar Günü Azərbaycanın
yenidən müstəqilliyə qovuşması yolunda həlledici
mərhələnin başlanğıcı oldu. Bu tarix ləyaqətini
qorumaq üçün qurbanlar verməyə hazır olan bir
millətin şərəfli tarix səhifəsidir. Vətəninin
azadlığını, xalqının şərəf və
namusunu hər şeydən üstün tutan igid Azərbaycan
övladları həmin qanlı gecədə canlarını
fəda edərək şəhidlik zirvəsinə
ucaldılar. Azərbaycan xalqı 1990-cı ilin yanvarında
azadlıq uğrunda zirehli texnikaların qarşısına əliyalın
çıxan, müstəqillik naminə həyatını
qurban verən oğul və qızlarını heç vaxt
unutmur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi,
adlarının daim uca tutulması, onların ailə üzvlərinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham
Əliyev tərəfindən ardıcıl və mühüm
tədbirlər həyata keçirilib. Prezident İlham
Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan
dövləti öz qəhrəman övladlarının
şücaətini daim yüksək qiymətləndirir,
onların xatirəsini dərin ehtiramla yad edir və
ruhlarına hörmət nümayiş etdirir”, - deyə
Z.Şükürov vurğulayıb.
O, həmçinin bildirib ki, dövlətimizin
başçısının müdrik və qətiyyətli
liderliyi, düşünülmüş iqtisadi, hərbi,
siyasi və diplomatik strategiyası, eləcə də şəhidlərimizin,
qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı
nəticəsində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi tam bərpa olunub, hər
bir qarış torpağımızda müqəddəs
üçrəngli bayrağımız dalğalanmaqdadır.
Bu tarixi qələbə Vətənini sevən, milli
maraqları hər zaman uca tutan hər bir azərbaycanlı
üçün sonsuz qürur mənbəyidir. Qəhrəman
şəhidlərimizin qanı bahasına əldə
edilmiş müstəqilliyimizi, suverenliyimizi və ərazi
bütövlüyümüzü qorumaq hər birimizin müqəddəs
mənəvi borcudur.
Hərbi And .- 2026.- 23 yanvar (¹3).- S.5.