Azərbaycanın
yeni sülh mexanizmində iştirakı Şuranın
institusional potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
həyata keçirdiyi müstəqil,
balanslaşdırılmış və prinsipial xarici siyasət
kursu ölkəmizin beynəlxalq mövqelərini davamlı
şəkildə möhkəmləndirir. Bu siyasət milli
maraqların qorunması ilə yanaşı, beynəlxalq
hüququn norma və prinsiplərinə hörmət,
münaqişələrin sülh yolu ilə həlli və
çoxtərəfli əməkdaşlığın təşviqi
kimi fundamental dəyərlərə əsaslanır. Məhz
bu ardıcıl və məsuliyyətli yanaşma Azərbaycanın
regionda və dünyada etibarlı tərəfdaş kimi
tanınmasını təmin edib. Azərbaycan məhz bu dəyərləri
rəhbər tutaraq Şərqlə Qərb, Şimalla Cənub
arasında etibarlı körpü rolunu oynayır, müxtəlif
maraqların uzlaşdırılmasına və etimad
mühitinin formalaşmasına mühüm töhfələr
verir. Multikulturalizm, dini tolerantlıq və
sivilizasiyalararası dialoq sahəsində ölkəmizin
topladığı zəngin təcrübə onun qlobal
sülh təşəbbüslərində fəal
iştirakını şərtləndirən əsas amillərdəndir.
Bu baxımdan Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə
son qoyulmasına yönəlmiş əhatəli sülh təşəbbüsünün
irəli sürülməsi beynəlxalq ictimaiyyət tərəfindən
ciddi maraqla qarşılanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq
münasibətlər sistemində dialoq,
qarşılıqlı hörmət və çoxtərəfli
əməkdaşlıq xüsusi əhəmiyyət
daşıyır: “Sözügedən təşəbbüs
Yaxın Şərqdə uzun illərdir davam edən gərginliyin
aradan qaldırılması, humanitar böhranın
yüngülləşdirilməsi və regionda
dayanıqlı sabitliyin təmin olunması baxımından
mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu təşəbbüs
qlobal münaqişələrin həllində yeni və daha
inklüziv yanaşmanın formalaşdırılmasına xidmət
edir. ABŞ Prezidenti Donald Trampın bu təşəbbüs
çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyevə ünvanladığı məktub xüsusi
siyasi və diplomatik məna daşıyır. Bu müraciət
ABŞ kimi aparıcı qlobal güc mərkəzinin Azərbaycanı
beynəlxalq müstəvidə etibarlı, prinsipial və
sülhə töhfə verən tərəfdaş kimi qəbul
etdiyini aydın şəkildə nümayiş etdirir. Prezident
İlham Əliyevin ünvanına göndərilən bu məktub
dövlət başçısının həyata
keçirdiyi xarici siyasət kursuna verilən yüksək siyasi
qiymətin ifadəsidir. Məktubda Azərbaycanın Qəzza
münaqişəsi ilə bağlı irəli sürülən
təşəbbüs çərçivəsində təsis
ediləcək Sülh Şurasına təsisçi üzv
qismində qoşulmağa dəvət olunması ölkəmizin
artan beynəlxalq nüfuzunun və diplomatik çəkisinin
növbəti təsdiqidir.
Azərbaycan Sülh Şurasına dəvəti
sülhün təşviqi, münaqişələrin
siyasi-diplomatik yollarla həlli və çoxtərəfli əməkdaşlığın
gücləndirilməsi üçün mühüm platforma
kimi dəyərləndirir. Müasir dünyada təhlükəsizlik
bölünməzdir və dayanıqlı sülh yalnız qarşılıqlı
etimad, dialoq və beynəlxalq hüququn aliliyi əsasında
mümkündür. Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyi dövründə nümayiş etdirdiyi prinsipial
mövqe, humanitar təşəbbüsləri və fəal
çoxtərəfli diplomatik fəaliyyəti bu
yanaşmanın real və praktik təzahürüdür”.
Deputat qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü
ilə irəli sürülən yeni sülh mexanizmində Azərbaycanın
iştirakı Şuranın institusional potensialını daha
da gücləndirəcək: “Azərbaycan multikultural dəyərlərə,
dini dözümlülüyə və sivilizasiyalararası
dialoqa əsaslanan zəngin təcrübəsini bu platformaya
töhfə kimi təqdim etməyə hazırdır. Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
bu təşəbbüsdə fəal və konstruktiv
iştirakı Yaxın Şərqdə, eləcə də
daha geniş beynəlxalq müstəvidə dayanıqlı
sülhün, sabitliyin və rifahın təmin olunmasına
mühüm töhfə verəcək. Bu proses Azərbaycanın
qlobal sülh gündəliyində tutduğu mövqenin daha da
möhkəmlənməsinə və ölkəmizin beynəlxalq
ictimaiyyət tərəfindən etibarlı tərəfdaş
kimi qəbulunun dərinləşməsinə xidmət edir”.
Hərbi And .- 2026.- 23 yanvar (¹3).- S.3.