Heç bir beynəlxalq termin
Türkiyə–Azərbaycan münasibətlərini tam ifadə
edə bilməz
Türkiyə-Azərbaycan münasibətləri hər
keçən gün inkişaf edir. Şuşa Bəyannaməsi
ilə bu münasibətlərin səviyyəsi müdafiə
və əməkdaşlıq sahəsində fərqli bir məzmun
qazanaraq daha da yüksəlib. Şuşa Bəyannaməsindən
sonrakı proseslərdə də Türkiyə-Azərbaycan
münasibətləri Türk Dövlətləri Təşkilatı
üçün nümunə ola biləcək dərəcədə
mühüm mərhələyə çatıb.
Bunu AZƏRTAC-a açıqlamasında türk
politoloq İsmail Cingöz bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri
Təşkilatının gələcəkdə Türkiyə-Azərbaycan
münasibətləri əsasında daha güclü birlik və
həmrəylik yaratma ehtimalı, Türk dünyasından kənarda
olan bəzi ölkələri narahat edir. Xüsusilə yeni
qlobal sistemin formalaşdığı bir dövrdə Türk
dünyasının üçüncü qütb kimi beynəlxalq
arenada möhkəmlənə biləcəyi ehtimalı müəyyən
dairələri təşvişə salır. Məhz bu səbəbdən
Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri
zəiflətmək məqsədilə dezinformasiya
kampaniyaları aparılır, qərəzli və həqiqətə
uyğun olmayan məlumatlar dövri olaraq media məkanında
tirajlanır. Lakin Türkiyə-Azərbaycan münasibətləri
adi dövlətlərarası əlaqələr çərçivəsinə
sığmır. Bu münasibətlər hər hansı maraq
hesabına deyil, ortaq tarixə, milli kimliyə və
sarsılmaz qardaşlığa əsaslanan strateji bir
bağdır.
“Bu münasibətlər “bir millət, iki dövlət”
anlayışı ilə ifadə olunan, bir atanın iki
övladı kimi formalaşmış sarsılmaz
qardaşlıq bağlarıdır. Buna baxmayaraq, düşmən
qüvvələr, fitnə və təxribatçılar hər
zaman bu əlaqələri zəiflətmək
üçün fürsət axtarır və mövcud
imkanlardan yararlanmağa çalışırlar. Keçən
yay aylarında Türk dünyasının Şimali Kipr məsələsi
üzərindən qərəzli şəkildə gündəmə
gətirilməsi nə qədər məqsədli idisə,
Türkiyə-Azərbaycan münasibətlərini
baltalamağa yönəlmiş cəhdlər də eyni dərəcədə
məqsədli, lakin nəticəsizdir. Bu münasibətləri
heç bir qüvvə poza bilməz. Bu əlaqələri
izah etmək üçün sıradan siyasi anlayışlar
kifayət etmir. Bu qardaşlıq münasibətləri
tariximizin ən qədim dövrlərindən formalaşaraq bu
günə qədər davam edib. Azərbaycan və Anadolu
türkləri əsrlər boyu eyni kökdən, eyni soydan gələn
xalqlar olub, türk millətinin qurduğu dövlətlər
silsiləsinin ayrılmaz parçası kimi tarix səhnəsində
yer alıb”,- deyə politoloq əlavə edib.
İ.Cingöz sonda vurğulayıb ki, heç bir beynəlxalq
termin və ya rəsmi tərif Türkiyə-Azərbaycan
münasibətlərinin mahiyyətini tam şəkildə
ifadə edə bilməz. Bu münasibətlər bir neçə
təxribatçının yaydığı yalan və
dezinformasiya ilə sarsıla biləcək əlaqələr
deyil. Lakin bununla yanaşı, düşmənə və fitnəyə
fürsət verməmək də son dərəcə vacibdir.
Bu məsələ yalnız dövlətlərarası səviyyədə
deyil, eyni zamanda, vətəndaş cəmiyyəti
institutları və media qurumları arasında əlaqələrin
möhkəm saxlanılması, kənardan gələ biləcək
hər cür manipulyasiyanın qarşısının
alınması baxımından xüsusi əhəmiyyət
daşıyır. Bu qardaşlıq bağlarını qorumaq
üçün hər sahədə diqqətli və məsuliyyətli
davranmaq lazımdır.
Hərbi And .- 2026.- 30 yanvar (¹4).- S.3.