Türk ekspert: Davos
Prezident İlham Əliyevin diplomatik gücünü bir daha
açıq şəkildə ortaya qoydu
Davosda Prezident İlham Əliyev ilə ABŞ Prezidenti
Donald Tramp arasında baş tutan görüş adi diplomatik təmasdan
qat-qat artıq məna daşıyır. Bu görüş
son illər ərzində Azərbaycanın ardıcıl
şəkildə formalaşdırdığı diplomatik
gücün və siyasi çəkisinin real təzahürü
kimi qiymətləndirilməlidir.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir
Aksoy bildirib.
Onun sözlərinə görə, qlobal sistemin yenidən
formalaşdığı, ittifaqların sərtləşdiyi
və lider diplomatiyasının yenidən ön plana
çıxdığı bir mərhələdə Prezident
İlham Əliyevin Davos kimi qlobal platformada əsas
oyunçularla eyni masada yer alması təsadüfi deyil:
“Hazırkı vəziyyət kiminsə xoş niyyətinin nəticəsi
deyil. Bu mövqe Qələbədən sonrakı dövrdə
yürüdülən səbirli, nəticəyönümlü
və strateji xarici siyasətin məntiqi yekunudur”.
Mehmet Emir Aksoy vurğulayıb ki, Prezident İlham
Əliyevin Davosdakı təmasları Azərbaycanın
artıq yalnız regional aktor deyil, çoxmillətli diplomatik
liqada oyun qura bilən dövlətə çevrildiyini
göstərir: “Azərbaycan bu mərhələyə mərhələ-mərhələ,
öz siyasi iradəsi və strateji qərarları ilə gəlib”.
Ekspertin fikrincə, Azərbaycan–Ermənistan xəttində
atılan normallaşma addımları da bu diplomatik
düşüncənin real nəticəsidir: “Bu gün neft məhsullarından
logistika xətlərinə, ticarət keçidlərindən
nəqliyyat dəhlizlərinə qədər formalaşan yeni
balans Cənubi Qafqazda sülhün artıq təkcə hərbi
yox, iqtisadi və geosiyasi reallıq olduğunu ortaya qoyur”.
Aksoy qeyd edib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək
və beynəlxalq müstəvidə müxtəlif adlarla səsləndirilən
Zəngəzur xətti sadəcə bir yol deyil. Bu xətt
bölgəni birləşdirən yox, bölgədə
sabitlik yaradan strateji arteriyadır. Məhz bu səbəbdən
sözügedən dəhliz beynəlxalq diqqət mərkəzindədir.
Türk ekspert Azərbaycan–Türkiyə
sinxronizasiyasının da Davosdakı mənzərənin əsas
elementlərindən biri olduğunu xüsusi vurğulayıb:
“Ankara ilə Bakı arasında mövcud olan yüksəksəviyyəli
siyasi və strateji uyğunluq Azərbaycanın qlobal
mövqeyini daha da gücləndirir. Türkiyənin diplomatik
çəkisi ilə Azərbaycanın sahədəki qətiyyəti
birləşəndə, bu artıq iki ayrı dövlət
deyil, ortaq dövlət ağlı və vahid güc məkanı
kimi çıxış edir”.
Mehmet Emir Aksoy bildirib ki, Trampın təşəbbüsü
ilə formalaşan və xüsusilə Yaxın Şərq mərkəzli
qlobal sülh axtarışlarını əhatə edən
yeni təşəbbüslərdə Azərbaycanın qurucu aktor
kimi dəvət olunması da bu məntiqin davamıdır. Azərbaycan
artıq böhranları kənardan izləyən yox,
birbaşa həll proseslərinə çağırılan
paytaxtdır. Bu dəvət coğrafiyaya görə yox,
etibarlılığa, proqnozlaşdırıla bilən siyasətə
və diplomatik ardıcıllığa görə edilib.
Ekspertin qənaətinə görə, Davosda ortaya
çıxan siyasi mənzərə kifayət qədər
aydındır: “Prezident İlham Əliyev Azərbaycanı
çoxmillətli diplomatiyanın mərkəzinə yerləşdirməyi
bacaran liderdir. Bu mövqe sərt güclə yumşaq
gücü balanslaşdıran və qlobal aktorlarla bərabər
müstəvidə danışa bilən dövlət idarəçiliyinin
nəticəsidir”.
Mehmet Emir Aksoy sonda vurğulayıb ki, bu gün
Bakı təkcə Cənubi Qafqazın deyil, qlobal
siyasi-iqtisadi proseslərin diqqətlə izlədiyi əsas
paytaxtlardan birinə çevrilib.
Hərbi And .- 2026.- 30 yanvar (¹4).- S.3.