Milli olmayan, bəşəri deyil

 

Hörmətli, hüquqşünas alim İlham Rəhimovun “Bizə  milli ideologiya lazımdırmı?” (“Yeni Müsavat” qəzeti, 21 noyabr 2012-ci il) yazısı, elə adının sual kimi qoyluşundan diqqəti cəlb edir. Oxucuda yaranan ilk təəssürat sanki müəllifin “lazım deyil” nəticəsinə gələcəyi olursa da, lakin, biz yazıda belə fikrə rast gəlmirik. Yazıda başlıqda qoyulan suala “bəli, lazımdır” cavabı da yoxdur.

 

Bununla belə, müəllif  “Əgər biz ideologiyaya millətin özünüdərkinin, hüquqi dünyagörüşünün və bununla həmahəng inkişaf prosesinin nəticəsi kimi baxırıqsa, bu başadüşüləndir… Bu baxımdan fransızların, ingilislərin, almanların və s. millətlərin öz milli ideologiyaları olması fikri ilə razılaşmaq olar”, – deyir. Bundan öncəki abzasda isə “Əgər söhbət demokratik və hüquqi dövlətdən gedirsə, onda biz hər hansı milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməliyik”, – deyə, bildirilir.

Məsələn, şəxsən mənə aydın deyil ki, müəllif niyə “…fransızların, ingilislərin, almanların və s. millətlərin öz milli ideologiyaları olması” fikri ilə razılaşır, bunu normal sayır, amma özümüzə gələndə isə “…milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməli…” olduğumuzu bildirir. Bəlkə də, bizim milli düşüncələrimizin yalnız ikinci dərəcəli ola biləcəyini düşünür… Ola bilər. Amma mən belə düşünmürəm.

Yeri gəlmişkən, millətin, xalqın, yalnız, digərləri tərəfindən qəbul edilə bilən dəyərləri bəşəri, yəni ortaq dəyər statusunu ala bilir.

Qaldı, rusların Rusiyada 20-ci əsrin 90-cı illərində özlərinin milli idelogiyalarını yaratma cəhdlərinin uğursuzluğa düçar olması – bu, ölkə ərazisində yaşayan köklü (aborigen) xalqların, millətlərin, onların (rusların) sömürgəçi (imperialist), əzici arzularının tam həyata keçməməsi ilə izah oluna bilər. Axı ruslar öz milli ideologiyalarını yalnız tarixi Rusiya ərazisinə deyil, onlara dəxli olmayan, işğal etdikləri tarixi türk, müsəlman xalqlarının ərazilərinə də şamil etmək istəyirdilər. Odur ki, qarşılaşdıqları milli müqavimət hərəkatı nəticəsində indiki federasiya subyektlərinin tanınması reallığı ilə barışası oldular.

Deməli, ruslar bu məsələdə bizə pis nümunə ola bilməzlər. Çünki biz öz tarixi ərazimizə şamil olunacaq milli ideologiya qurmalıyıq.

Müəllif qələmə aldığı fikirləri kifayət qədər ətraflı, məntiqli və elmi təcrübəni nəzərə almaqla izah edir. Yazıda gəlinən nəticə belədir: “Gələcəyin açarı hüquqi dövlətin qurulmasında, ümummilli həmrəylikdədir. Ümummilli ideya da bir-birini yaradan və tamamlayan dediyimiz bu iki prinsipdən keçir”. Məsələ təqribən məlumdur. Əvvəla, öz mövcudluğumuz qədər vacib bir məsələni özümüz üçün aydınlaşdırmalıyıq. Görək ümumiyyətlə, milli olmaq yavadırmı, ilk növbədə başqasına (başqa xalqa, millətə), nəticə etibarilə isə özümüzə də ziyandırmı? Məsələn, müəllif buna kommunist və faşist ideologiyasının puçluğunu misal kimi xatırladır (əslində bunlar da formaca müxtəlif, mahiyyətcə eyni idelogiyalardır və ikinci, təcrübəçi kimi birincidən bəhrələnmişdir). Amma nədənsə, sionizmi bu qəbildə sıralamaq xəyalına da gəlmir.

Ümumiyyətlə, biz kimə görəsə, niyə milliliyimizdən (oxu,özlüyümüzdən) imtina etməliyik? Sual olunur, bizim millilikdən uzaqlaşıb “onlar” kimi olmağımızı umanlar, tələb edənlər və bunu müasirliyin yaşam tərzi kimi təqdim edənlər, əslində isə sırıyanlar, özləri də bizdən tələb etdikləri kimi, öz milliliklərindən imtina edirlərmi? İnanmıram! Nəhayət, bizə dolayısıyla təklif olunan hansısa millətin nə vaxtsa dəyəri olubmu? Olubsa, bu təklifi öz adıyla niyə adlandırmır, ümumi-bəşəri adlandırır? Yox, onların deyilsə, hardan alınıb? Göründüyü kimi, əsaslı, bəzən cavablandırılası mümkün olmayan suallar çoxdur.

Məlumdur ki, bütün toplumlar müxtəlif zamanlarda özlərinin təbii, özəl, onlara sərfəli cəhətlərinə görə bir araya gəlmiş, bunların əksi olduğu halda dağılışmışlar. Bütün bunlar bu gün milli adlandırdığımız əlamətlər deyilmi? Bütün toplumlarda hansı keyfiyyətindən, necəliyindən asılı olmayaraq, aparıcı çoxluq, yəni bugünki millət, xalq, məsuliyyəti (ölüm,qalım məsələsini) oz üzərinə götürüb də cəmiyyəti yönlətmişdir. Elmi qavram budur ki, bunsuz cəmiyyət təbii olaraq yaşaya bilməzdi və heç vaxt yaşaya da bilməz. Çünki həyatda mövcudluq uğrunda mübarizə apara bilənlər yaşaya bilir, başqası yox! Bu prinsip bu gün də başqa ad altında, daha pərdələnmiş formada mövcuddur. Bugünki öncül bəşər – icma, qəbilə, tayfa, sülalə təbii seçməsindən, mütləqiyyətindən – təkhakimiyyətliyindən keçib, idarəçiliyin daha geniş və təkmil – xalq demokratiyasına söykənən, qanunun aliliyi gözlənən, yəni hüquqi dövlət formasında qərarlaşıb ki, bunların da müəllifi, daşıyıcısı, passionar – aparıcı millilikdir – millətdir, xalqdır.

İdarəçiliyin bu ən üstün formasının nəticəsi – ABŞ, Qərbi Avropa, öncül Asiya (Yaponiya, Cənubi Koreya, Sinqapur və s.) ölkələridir ki, qalan (o cümlədən bizim) ölkələrin vətəndaşları bu ölkələrdə yaşamağın həsrətindədir. Ayağı yer tutan bu ölkələrə gedib, qürbətdə yaşamağı doğma vətəndən üstün tutur.

…Necə ki,1776-cı ildə qəbul edilmiş  “ABŞ-nın istiqlal Bəyənnaməsi”, Amerikanın on dahisi adını almış şəxslər konqresin tapşırığı ilə 1787-ci ildə üç ay müddətinə “Amerika Konstitusiyası”nı, 1791-ci ildə “Hüquqlar Haqqında Bill”i  işləyib hazırlamışlar. Bütün mədəni dünyanın qibtə və fəxr etdiyi, doğrudan da bəşəri sayılan bu tarixi sənədlər elə sanballı hazırlanmışdır ki, 225 ildən artıqdır qüvvədədir.

Əlbəttə, bu gün xalqların, millətlərin ortaq dəyərlərinin sayı genişdir. Və bu bölüşülə bilən ortaq dəyərlər, hökmən hansısa fərdlərin, deməli millətlərin, xalqların “mətbəxindən” çıxıb. Bu başqa məsələ ki, tarixən müxtəlif xarakterli xalqlarda mövcud olan müxtəlif cür “milliliklər” keyfiyyətcə fərqli olub, ictimai, siyasi hadisələrin nəticəsi kimi, bu gün mənfi, yaxud müsbət qiymətləndirilə bilən izlər buraxıblar. Müəyyən mənfiliklər milliliklərin “qüsurudursa”, bəs onda mükəmməl sayılan, xalq demokratiyasına əsaslanan hüquqi dövlətlərdəki, vətəndaş cəmiyyətlərindəki bəzən məsələyə yanaşmada ikili standartlar kimin, nəyin qüsuru sayılmalıdır? Göründüyü kimi, məsələ (qüsur, problem) heç də millilikdə, yaxud qeyri-millilikdə deyil, keyfiyyətin necə olmasındadır.

Dövlət siyasətinin, qanunların milli ideologiyaya əsaslanmadan yeridilməsinin, qəbul edilməsinin ən acı tarixi nümunəsi  “osmanlıçılığ”ın Osmanlı İmperatorluğunu çökdürməsidir. Baxmayaraq ki, Osmanlı İmperatorluğu türklər tərəfindən qurulmuşdu, lakin “Türkiyədə türkləri hakim sinif adlandırmaq çətindir” (K.Marks və F.Engels,1853-cü il,  əsərləri, rusca 2-ci nəşrinin 9-cu cildi,səh.6. bax, Ziya Göyalp, “Türkçülüyün əsasları” Bakı,1991,səh.9.). “Nə dövlət onların adını daşıyır, nə də yeritdiyi  səyasət millətçilik ruhuna söykənmirdi. Bu baxımdan sultan II Mahmudun bu sözləri danışdığımız gerçəkliyi gözəl ifadə edirdi: “Mən təbəəmdəki din fərqlərini ancaq came, kilsə və sinaqoqlara girdikləri zaman görmək istərəm”(Ziya Göyalp. ”Türkçülüyün əsasları” Bakı, 1991, səh.9.)”.

“Dövlət əslində ölkə içində türkün mənafeyini xristianların, türk olmayan müsəlmanların marağına qurban verirdi. Buna görə də türk əhalisi gözdən düşmüş durumda idi. Türklərin bu durumu – ağır yaşamı tanınmış fransız yazıçısı Röne Pinona bu istehzalı sözləri  dedirtmişdi: “Osmanlı imperatorluğunda hər kəs üçün yer vardır. Türklər üçün də””(Elman Mustafaoğlu).

Əslində, Osmanlı sultanı II Mahmudun digər təbəələrini, öz doğma türk xalqı ilə eyni gözdə görməsi, sosial ədalət mövqeyindən, zamanca ideal bir baxış olsa da, lakin türkün aparıcılıq (pasionarlıq) haqqını pozurdu. Və bu səhvlərdən  ustalıqla istifadə edən rəqibləri, sultanların səmimiyyətlə davrandığı (bəslədiyi) xalqları separatçı vədlərlə məqamında onun üzərinə qaldırdılar, nəinki Osmanlı imperiyası dağıldı, hətta türklər öz istiqlallarını itirdilər. Sultanların vaxtilə çox əzizlədiyi xalqların bəzi nümayəndələrinin qiyamçılığı bu gün də Türkiyəni zəiflətməkdə davam edir. Yeri gəlmişkən, yuxarıda xatırlanan, öz vətəndaşına eyni gözlə, ideal baxış, Qərbi Avropa ölkələrində hələ də tam nail olunmayan bir arzudur.

Türklərin, müsəlmanların müəyyən məqamlarda zaman-zaman gerilədiyini, tapdandığını görən İsmayıl bəy Qaspıralı (Krım), Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan), Ziya Göyalp (Türkiyə) kimi ziyalılarımız öz xalqını gerilikdən, əsarətdən qurtarmaq üçün yollar aramış, bir neçə il ağır müzakirədən, təhlildən sonra nəhayət bütün öncül düşüncələri birləşdirərək,1918-ci ildə nəşr etdirdiyi “Türkləşmək, islamlaşmaq, müasirləşmək” adlı kitabında toplamışdır. Nəhayət, uzun müzakirələrdən sonra aydınlarımız tərəfindən hasilə gətirilən bu milli ideologiya əsasında çar Rusiyası əsarətində olan Quzey Azərbaycanda – Azərbaycan Xalq Cumhuriyyəti (1918), çökmüş Osmanlı İmperiyasınin yerində – Türkiyə Cumhuriyyəti (1923) qurulmuşdur.

Bizim milli ideologiyamızın təməlini həm də böyük öndər M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı təşkil edir ki, bunların da əsasında dövlət quruluşunun təməl prinsipləri, yaşam tərzimizi müəyyən edən əsas qanunlarımız qəbul edilmişdir. Deməli, əslində bu gün milli ideologiya dedikdə, əsas qanunlarımızı göz önünə gətirmək və onların düzgün tətbiqinə çalışmaq lazımdır. Başqa sözlə, bu gün dünyanın qabaqcıl ölkələrindən geri qalmamaq, hətta onlardan da üstün olmaq üçün milli ideologiyamızı – əsas qanunlarımızı mükəmməl etmək, onların reallığını təmin etmək, ölkə idarəçiliyini inkişaf etdirmək lazımdır.

Yeri gəldikcə, qanunlarda göstərilməsi mümkün olmayan xalqımızın bəzi taleyüklü məsələlərinin həlli üçün zəruri sənədlər də qəbul oluna, həyata keçirilə bilər.

Milli ideologiyanın xalqın taleyində oynadığı müstəsna rolunu anlatmaq üçün Türkiyədə istiqlal savaşının qəhrəmanı, böyük öndər M.K.Atatürkün sözləri çox  ibrətamizdir. O deyir: “Ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır”. Əslində bu deyim bütün milli hərəkatçılara da aid edilə bilər.

M.K.Atatürk bu barədə daha sonra demişdir: “Milli hegemonluq uğrunda canımı vermək mənim üçün vicdan və namus borcu olsun… Demokratiya prinsipi hegemonluğun millətin əlində olduğunu, başqa heç kəsə məxsus olmadığını tələb edir. Bu  surətlə demokratiya prinsipi siyasi gücün, hegemonluğun qaynağı və konstitusiya əsasları ilə sıx bağlı olduğunu göstərir. Demokratiyanın tam və ən aydın hakimiyyət forması Respublikadır”.

Bəzən tarixi  “unudanlar” bir millətin milli ideologiyası, aparıcılığı, tarixən böyük zəhməti, can, mal itkisi hesabına qurulmuş bir dövləti, cəmiyyəti, yalnız bu günki dəyərləri əsas gətirməklə, öz dədəsinin mirasına sahib çıxırmış kimi, elə pay-püş etmək iddiasına düşürlər ki, məəttəl qalırsan. Sanki “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” atalar məsəli həyat səhnəsində tamaşaya qoyulub. Halbuki, çox düzgün deyilmişdir: “Haqq verilməz, alınar! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət”.

Bizim aydınların mənəvi borcu sələflərimizin bu gün də qüvvədə olan mənəvi  irsinə sahib çıxmaqla, bu günün və sabahın milli ideologiyasını yaratmaqdır. Bu, azərbaycançılıq ideologiyasıdır ki, orada mənəviyyatı, milli maraqları, taleyi eyni olan, biri digərini heç də istisna etməyən, tarixən yerli (aborigen, ölkəyə rus işğalı ilə gətirilməyən) millətlərin, xalqların rəngarəng milli toplusu var. Odur ki, kimsə azərbaycançılığı türkçülüklə eyniləşdirirsə, yaxud yalnız türklərin inhisarında qəbul edirsə, əlbəttə ki, səhv edir. Azərbaycançılıq ölkəmizdəki doğma xalqçılığın, millətçiliyin qarşılıqlı sayğıya, bəşəri dəyərlərə söykənən, biri digərini tamamlayan, qoruyan özəl toplusudur.

Bu gün türkün türkdən başqa dostu çoxdur. Çünki o kimsənin yox, öz haqqına sahib çıxır, dindaşının, həmməsləkinin və məzlumların haqqını müdafiə edir.

Bir sözlə, millətçi olmayan xalq ölümə məhkumdur. Çünki millət özəlliyini qorumazsa tədricən öləziyər, öz simasını saxlayan digər xalqlar arasında əriyib gedər.

Bütün bunlardan sonra “Bizə milli idelogiya lazımdırmı” sualını təkrar səsləndirməyə, onu əlavə şərhə ehtiyac qalırmı?

 

 

Məmmədxan Əzizxanlı,

Hüquqşünas

 

Hürriyyət.- 2013.- 14-17 yanvar.- S.12.