Həmidə Məmmədquluzadə-həyat və yaradıcılığı

 

Qadınlarımız da azərbaycançılığın inkişafına və təbliğinə öz töhfələrini verib

 

Azərbaycanın ziyalı kişiləri ilə yanaşı, maarifpərvər qadınları da xalqımızın savadlanması və milli məfkurənin oyanması üçün əvəzsiz xidmətlər göstəriblər. Azərbaycançılığın inkişafına və təbliğinə öz töhfəsini verən bu cür vətənpərvər qadınlarımızdan biridövrünün görkəmli ictimai xadimi, ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir olub.

 

Həyatı

 

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə”dən ən məşhurunu - "Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət” mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər” məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşünə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etməyə başlayıb. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə ərə gedərkən bu izdivac çoxlarına xoş getməyib və nikah onun əsilzadə nəslinə yaraşdırılmayıb. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin”in isə xeyirxah himayədarı olub. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir Mirzə Cəlillə 25 il məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olub. Bu böyük insanı daim nikbin ovqata kökləyib. Onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərib.

 

Xeyriyyəçi və cəfakeş insan

 

Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, bütün Qarabağın ona kömək üçün pənah gətirən insanların əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayır: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhmətimi mütəhəmmil olublar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar. Öz evlərində mənzil verdilər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.

Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazıb. Məqalə bu sözlərlə bitir: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”. Bu hadisə Həmidə xanım Cavanşirin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib. Ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini də böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub. Sağlığında insanlara yardımçı olan, onların problemlərini həll edən Həmidə xanımın Kəhrizlidəki evi bu gün də qayğıya möhtac olan məcburi köçkünlərin sığınacaq, daldalanacaq yeridir.

 

"Molla Nəsrəddin”in himayədarı

 

Azərbaycan mətbuatının bayraqdarı olmuş "Əkinçi”nin mənəvi varisi olan "Molla Nəsrəddin” jurnalı xalqımızın tarixində böyük rol oynayıb. Nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olub. Bu jurnal "Molla Nəsrəddin” ədəbi məktəbini yaradaraq, Azərbaycan ziyalılarının keyfiyyət göstəricisinə çevrilib. Xalqın mədəni və ictimai intibahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var. Həmidə xanım qeyri-adi insan idi. Kəndin sakinlərinə heç vaxt rəiyyət kimi baxmayan bu xanım daim insanların xeyirxahı olub, onların sağlamlıqları ilə bağlı problemlərinin həllindən tutmuş savadlanmalarına qədər böyük bir himayədarlıq silsiləsi yaradıb. Kəhrizlinin ağsaqqal-ağbirçəkləri bu gün də Həmidə xanımın mərhəmətindən, xalqına olan sonsuz sevgisindən ağız dolusu danışırlar. Bu nəcib qadın çox kişinin qol qoymadığı işlərə baş vurub, əhalinin daha yaxşı dolanması, onların qayğılardan azad olması üçün öz sərvətini ürək genişliyi ilə sərf edib. Həmidə xanım bu kənddə Mirzə Cəlil üçün rahat, isti bir ocaq yaradaraq, bu böyük sənətkarın ədəbiyyatımızın inciləri sayılan xeyli əsərinin ərsəyə gəlməsinə mənəvi cəhətdən təkan verib.

 

"O, öz xeyirxahlığı, alicənablığı,

mərhəməti ilə Azərbaycan tarixində

əbədi yaşamaq haqqı qazanıb”

 

Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəliyinin rəhbəri, şair Ənvər Əhməd Həmidə xanım Cavanşirin malik olduğu yüksək insani keyfiyyətlərin ona genetik keçdiyini deyib: "Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli və örnək ömür sürməli idi. Sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız - Sara Xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir. Tarixdə və yaddaşlarda bu qadının yüzlərlə fədakar əməli, xalqına olan bağlılığını əks etdirən yetərincə hadisələr var. Bunların hər biri sübut edir ki, Həmidə xanım Mirzə Cəlilə sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi. Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə olub. O, öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb. Tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub. Başqa müalicəvi vasitələr tətbiq edib. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də, onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarını təmin edib. Həmidə xanım qadınların problemlərinin həllində xüsusi səy göstərib. Onların savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırıb. Həmidə xanım Cavanşir öz xeyirxahlığı, alicənablığı, mərhəməti ilə Azərbaycan tarixində əbədi yaşamaq haqqı qazanıb”.

 

Ehtiyac sahiblərinin ümid yeri...

 

Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən hər bir sakinin problemini təcili həll edərdi. Millidini bayramları xüsusi təmtəraqla qeyd edən Həmidə xanım Novruzda böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı ayırardı. Gülablıdan məşhur aşıqları dəvət edərək, əhalini bayram əhval-ruhiyyəsinə bürüyərdi. Qurban bayramında isə hər bir ailənin payı hökmən verilirdi. Həmidə xanımın böyük səxavəti daim Kəhrizlidə dillər əzbəri olub. İllər keçsə də, bu xeyirxah insanın savab əməlləri unudulmayıb. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonuna mindirərək, növbə ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq, sağlam yaşamalarını təmin edib.

 

Hazırladı: Məmməd Mirzəliyev

 

Hürriyyət.- 2018.- 15 noyabr.- S.13.