60 illik ömrün işığında

 

Nizami Cəfərov – 60

 

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır.  Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan akademik Nizami Cəfərov da məhz belə nəcib insanlardan biri kimi milyonların qəlbində rəğbətlə qazanmış, özünə yer tapmışdır.

 

Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, Azərbaycan  Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, akademik Nizami Cəfərov zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir.

XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, akademik Nizami Cəfərov bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Nizami Cəfərovun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Nizami Cəfərov həm görkəmli alim, pedaqoq, həm də böyük ictimai-siyasi xadim kimi tanınmaqdadır.

Hələ tələbəlik illərindən dilçiliyimizin mühüm problemləri ilə məşğul olmağa başlayan Nizami Cəfərov ilk məqalələrindən diqqəti cəlb etmiş və elm adamı kimi tanınmağa başlamışdır. Nizami müəllim həm müasir ədəbiyyat problemləri, həm də dilçiliyimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan alimlərdəndir.

Akademik N.Cəfərov  elmdə fədakarlığı, dil faktlarına vicdanlı münasibəti, təhlildən əldə etdiyi nəticələrə adekvat linqvistik şərh vermə bacarığı ilə digərlərindən fərqlənir.  Bu görkəmli alimin elmi kadrların yetişməsində çox böyük əməyi var. Onun rəhbərliyi altında  doktorluq, namizədlik dissertasiyaları müdafiə olunub və olunacaqdır. O, 500-dən artıq elmi məqalənin, saysız monoqrafiyaların müəllifidir. “Füzulidən Vaqifə qədər”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi “, “Eposdan Kitaba”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri” monoqrafiyaları ilə elm tariximizə qızıl hərflərlə adını yazdıran Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru kimi son dərəcə şərəfli  məqama rəhbərlik edən Nizami Cəfərov “Qədim türk ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı”, “Türkün dünyasından türk dünyasına”,  “Türkologiyaya giriş”, “Türkologiyanın müasir problemləri”, “Türkologiya” və s. dərslikləri ilə bu sahədə öz sözünü demiş dəyərli mütəxəsislərdəndir.

Nizami Cəfərovun tədqiqatları əsasən Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

Bu adi görünən statistikanın arxasında alim-filosofun böyük zəhməti, məhsuldar yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət parametrləri ilə ölçülə bilməz, burada ən vacibi alimin elmə, ictimai fikrə, təfəkkür tərzinə gətirdiyi novatorluq, yeni keyfiyyətdir, elmin inkişafı və tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli işlərdir.

Nizami müəllim nədən yazırsa-yazsın, o hər yerdə yenilikçi, novatordur dilimizi və dilçiliyimizi yüksək zirvələrə daşıyan zəhmətkeş sadə bir alimdir. O, dilçiliyimizin döyünən ürəyi, düşünən beyni və istiqamətləndirici simasılarındandır. Bütün varlığımla inanıram ki, qədirbilən gəncliyimiz bu böyük alimin zəngin filoloji irsini dərindən təhlil edərək öyrənəcək, onun Azərbaycan və dünya dilçiliyində tutduğu layiqli yeri faktlarla açıb göstərəcəkdir.

Bütün şüurlu həyatını Azərbaycanda ali türkçülük ideologiyasının yaradılması, təkmilləşdirilməsi və inkişafına həsr etmiş Nizami müəllim öz yetirmələrinin qəlbində istedadlı alim, ziyalı şəxsiyyət kimi şərəfli yer tutmuşdur. Onun tələbələrinə öyrətdikləri neçə-neçə zehinləri işıqlandırır, neçə-neçə sanballı elmi tədqiqat işlərinin ərsəyə gəlməsinə, gənc və bacarıqlı alimlərin yetişməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, yüksək­ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi qayğı və diqqət göstərən Nizami Cəfərovun rəhbərliyi ilə alimlik dərəcəsi almış neçə-neçə fəlsəfə və elmlər doktorları var və onlar filolofiyanın müxtəlif sahələrinin aktual elmi problemlərinin araşdırılması ilə bu gün də məşğuldurlar.

Bundan başqa Nizami müəllimin çoxlu tələbələri və ardıcılları var, o, biliyini gənc nəslə həvəslə öyrədir. Bilir ki, elm sərf edildikcə daha da artan bir xəzinədir.

Nizami müəllim Azərbaycanın humanitar fikir məkanında ən dəyərli imzalardan, mənim üçün dəyərli dostlardan biridir. Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları xüsusi vurğulanmalı sanballı araşdırmalardır Nizami Cəfərov müasir Azərbaycan alimidir.

Akademik Nizami Cəfərov bütün varlığı ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, türkçülük ideyaları ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O qarşıya qoyduğu saf ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur. Yüksək alimlik tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

Nizami Cəfərov hər şeydən əvvəl olduqca sadə, sözün tam mənasında nəcib ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur hələ uzun illər  gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.

Nizami müəllim Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş 60 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi Azərbaycan cəmiyyətinin ölkə icimaiyyətinin böyük etimadını qazanmışdır.

Nizami müəllim hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan vermişdir. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Nizami müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir.

İndi  60 illik yubileyi ərəfəsində mən Nizami müəllimi bu münasibətlə ürəkdən təbrik edir.

 

Elnarə Mehbalıyeva

 

Hürriyyət.- 2019.- 20-21 avqust.- S.13.