Beynəlxalq münasibətlərdə Azərbaycan reallığı

 

Azərbaycanın öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfüzunu artırır

 

Ölkəmiz həyata keçirdiyi uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirməkdədir. Dövlətimizin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də, Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir.

Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi özünün möhtəşəmliyi ilə sözügedən beynəlxalq müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir. Bütün bunlarla yanaşı, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi, qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

 

Cənubi Qafqazda lider dövlət statusunun mahiyyəti

 

Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdə iqtisadi inkişaf, bazar iqtisadiyyatı, invesitisiya mühiti ilə bağlı dünyanın nüfuzlu təşkilatları öz hesabatlarında Azərbaycanın siyasətini yüksək qiymətləndirirlər. Təbii ki, əldə edilmiş bu uğurlar indiki hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində əldə edilir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfüzunu artırır. Respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirirlər. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub. Ümumiyyətlə, respublikamıızn həyata keçirdiyi fəal xarici siyasət müxtəlif dövlətlərlə çoxistiqamətli faydalı əməkdaşlığa əsaslanır. Bu əlaqələr gerçəkliyə çevrilən nəhəng enerji və bir sıra digər layihələrlə daha möhkəm və praqmatik xarakter alır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Tam müstəqil siyasət həyata keçirən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Şübhəsiz, milli maraqlarımızı yüksək səviyyədə qorumaq və təmin etməyimiz bundan sonra da müəyyən xarici dairələri narahat edəcək. Lakin dövlətimiz və onun rəhbərliyi milli maraqlara əsaslanan siyasəti davam etdirməkdə qətiyyətlidir. Təbii ki, müstəqil siyasət Azərbaycana gələcəkdə də böyük uğurlar qazandıracaq və beynəlxalq miqyasda nüfuzunu, mövqeyini gücləndirəcək.

 

Qloballaşan dünya və Azərbaycan

 

Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə ekspertləri, həmçinin mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Qeyd edək ki, Azərbaycan bu il də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirib. Dünya İqtisadi Forumunun və başqa tədbirlərin Bakıda keçirilməsi bunu təsdiq edir. Bu o deməkdir ki, Azərbaycan, xüsusən də paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir.

Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı Davos Forumunun Bakıda keçirilməsi Azərbaycan iqtisadi mərkəzə çevrilməkdə olduğunu təsdiq edir. Bu, hadisə Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Davos Forumuns ev sahibliyi etməklə Bakı şəhəri regional və qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək səviyyələrdə müzakirə platformasına çevrilir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə də çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Humanitar Forumların keçirilməsi Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtsadi inkişaf baxımından yeni model bəxş edib. Azərbaycan xalqının keçmişindən gələn dözümlülük kimi xüsusiyyətlər multikulturalizm, bərabərlik, tolerantlıq prinsipləri şəklində dövlətin siyasətində əksini tapır. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bununla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovşağı və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Həmçinin dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Təsadüfi deyil ki, bu gün tolerantlığın Azərbaycan modeli dünyada nümunə ola biləcək səviyyədə qiymətləndirilir.

 

Erməniləri dalana sıxışdıran hədəflər

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən strateji vəzifələrdən birincisidir. Ölkə prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş ərazilərdən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Günü-gündən hərbi gücümüz, ordumuzun qüdrəti artmaqdadır, Azərbaycan ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Bu nüfuz beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanı gücləndirir. Azərbaycanın dünyada artan nüfuzu beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanı gücləndirir. Bu fikirdə olan siyasi analitiklərin qənaətincə, artıq dünya bu həqiqəti etiraf etməlidir ki, Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin hücum siyasəti diplomatik cəbhədə öz bəhrəsini verməkdədir. Son bir il ərzində Avropanın aparıcı dövlətləri olan Almaniya, İtaliya parlamentlərində, eləcə də bu yaxınlarda nüfuzlu beynəlxalq təşkilat olan Avropa Parlamentində Ermənistanın işğalçı ölkə olmasını göstərən qətnamələr qəbul edilməsi bunun təsdiqi kimi dəyərləndirilir. Milli Məclisin analitik informasiya şöbəsimüdirinin müavini Hatəm Cabbarlı hesab edir ki, bütün bunlar Ermənistanın işğalçılıq siyasətinə qarşı beynəlxalq müstəvidə təpkilərin gücləndiyini göstərir.

 

Hürriyyət.- 2019.- 18-19 iyul.- S.12.