Azərbaycanın beynəlxalq

iqtisadi əlaqələrinin inkişaf yolu

 

Azərbaycanın müstəqillik qazanması həm qonşu ölkələrlə, həm də dünya dövlətləri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan verdi. Ən əsası isə müstəqillikdən sonra Azərbaycan dünyada müstəqil iqtisadi və hüquqi subyekt kimi tanınmağa başlandı.

 

Qeyri-neft sektoruna verilən önəm

 

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ ilk növbədə ölkə iqtisadiyyatında sabitlik yaratmaqla yanaşı, həm də bir iqtisadi sistemdən digərinə adlamaqla keçid dövründən minimum itkilərlə çıxmaq idi. Bunun üçün isə ölkə iqtisadiyyatının beynəlxalq əmək bölgüsündə öz yerini tutması çox vacib idi. Praktik olaraq, son illər xarici ticarət dövriyyəsində müşahidə edilən ciddi artımlar da məhz sözügedən islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Lakin 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, "bp", MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Eksson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Bu müqaviləyə əsasən ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, investorların payına isə 20 faiz düşür. Azərbaycanın ixrac potensialının artmasında "Əsrin müqaviləsi"nin imzalanması şübhəsiz əsas amillərdəndir. Ən önəmli məqamlardan biri də məhz ölkə Prezidentinin rəhbərliyi altında ölkənin ixrac potensialının artırılması ilə bağlı atılan addımlardır. Belə ki, prezident İlham Əliyev ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bəyan edərək bildirmişdir ki, Azərbaycan tərəfindən bu gün müxtəlif ölkələrdə və eləcə də Avropa İttifaqı məkanında investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Bu, bizim maliyyə resurslarımızın şaxələndirilməsi üçün əhəmiyyətlidir. Ölkə prezidenti həmçinin qeyri-neft sektorunun ixrac imkanlarının daha genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirildiyini bəyan etmişdir. Cənab Prezident demişdir ki, əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal edirdik, idxaldan asılı idik, indi özümüz özümüzü təmin edirik və ixrac imkanlarımız da vardır. Dövlət dəstək göstərir, kreditlər ayırır, özəl qurumlar bu dəstəkdən faydalanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və həm də öz vəsaitləri hesabına iş yerləri açırlar. Hazırda Almaniya, ABŞ, Yaponiya və s. kimi dünyanın bir çox inkişaf etmiş ölkələri də demək olar ki, bugünkü iqtisadi güclərinə ilk növbədə beynəlxalq ticarətdə və əmək bölgüsündə hər hansı bir sahə üzrə ixtisaslaşmaqla nail olublar. Bu baxımdan yanaşdıqda isə beynəlxalq ticarətin bir sıra üstünlükləri önə çıxmış olur.Onun əsas üstünlüklərindən biri daha az xərclə daha çox qazanc əldə etmək, ölkəyə valyuta daxilolmalarını artırmaq və rifah yaratmaqdan əlavə, həm də dünya miqyasında sabitliyə təminat verməsidir. Bu gün dünya iqtisadiyyatında bir-iki ölkəni çıxmaq şərtilə qapalı iqtisadiyyata malik olan ölkələr mövcud deyil. Digər tərəfdən, əgər hətta az sayda qapalı sistemə malik olan ölkələr mövcud olsa da belə, onların dünya iqtisadiyyatındakı payı və gücləri olduqca zəifdir.

 

Azərbaycanın ticarət dövriyyəsi 7 dəfə necə artdı

 

Dövlət Statistika Komitəsinin məlumatlarına əssən, Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci illə müqayisədə ticarət dövriyyəsinin həcmi 7 dəfə artıb. Belə ki, 1991-ci ildə ticarət dövriyyəsinin həcmi cəmi 4 milyard ABŞ dolları təşkil etmişdirsə, ötən il bu rəqəm 30 milyard dollara yaxın olmuşdur. Digər tərəfdən, əgər müstəqilliyin ilk illərində Azərbaycanın əsas ticarət partnyorları Rusiya və digər MDB ölkələrindən ibarət idisə, sonrakı illərdə bu nisbət Avropa Birliyi ölkələrinin xeyrinə dəyişib. "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının artması xarici iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Neft ixracının müəyyən səviyyədə artımı xarici ticarət dövriyyəsinin artımına da eyni səviyyədə təsir göstərir. Araşdırmalar göstərir ki, xarici ticarət dövriyyəsi ilə neft ixracı arasında pozitiv korrelasiya əlaqəsi var. Yəni neft ixracı artdıqca xarici ticarət dövriyyəsinin həcmi də artır. Bununla yanaşı, son illər, xüsusən də 2011-ci ildən başlayaraq, ixracda qeyri-neft sektorunun payının artması müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, əgər 2010-cu ildə ixracatın 98 faizini neft məhsulları təşkil edirdisə, ötən il bu rəqəm 89 faizədək azalıb. 2012-ci ilin birinci rübünün yekunlarına görə, bu göstərici 86 faizədək azalıb ki, bu da qeyri-neft sektorunun payının artmasından xəbər verir. Neft ölkəsi olan Azərbaycanda ixracatın 14 faizinin qeyri-neft məhsulları təşkil etməsi müsbət hal kimi qiymətləndirilməlidir. Xarici ticarət əlaqələrinin və eləcə də büdcə gəlirlərinin sürətli artımı Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Oğuz-Qəbələ-Bakı su kəməri və s. bu qəbildən olan böyük həcmli infrastruktur layihələrini həyata keçirməyə imkan verib. Böhran dövrü olmasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları da artıb. Rəsmi məlumatlara əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 43 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 8 milyard ABŞ dollarını və ya 17 faizini Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. 2010-cu illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10 faizə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu, həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar. Bu baxımdan Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Xarici ticarət dövriyyəsinin artımı fonunda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artmaqda davam edir. Belə ki, rəsmi məlumatlara əsasən 1994-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb. Xarici ticarət dövriyyəsinə görə, Azərbaycan Cənubi Qafqazda alternativsiz liderdir. Belə ki, qonşu Gürcüstan və Ermənistanın illik xarici ticarət dövriyyəsi cəmi 7 milyard dollardır. Bu Azərbaycanın xarici ticarət dövriyyəsindən 5 dəfəyə yaxın azdır. Göründüyü kimi, regionun xarici ticarət döriyyəsinin əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür.

 

Beynəlxalq əlaqələrdə inkişaf etmiş ölkələrin payı artır

 

Müstəqillik illərində Azərbaycanın xarici ticarətinin strukturu dəyişikliyə uğradığı kimi,onun ticarət partnyorlarının da tərkibi dəyişib. Əgər, müstəqilliyin ilk illərində Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə, hazırda bu nisbət Avropa Birliyi ölkələrinin xeyrinə dəyişib. Son illərdə MDB ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı getdikcə azalır. Bu həm də onunla baglıdır ki, neft ixracı artdıqca ümumi xarici ticarət dövriyyəsinin həcmi də artır ki, bu da həmin ölkələrin payının azalmasına səbəb olur. Çünki, Azərbaycan nefti əsasən Avropa bazarına ixrac olunur. MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi ildən-ilə artsa da bu onun ümumi ticarət dövriyyəsindəki payının azalmasına ciddi təsir edə bilmir. Belə ki, Azərbaycanla MDB ölkələri arasındakı xarici ticarət dövriyyəsinin həcmi 4 milyard dollar olsa da, keçmiş ittifaq ölkələrinin ticarət dövriyyəsində payının azalması ölkəmizin inkişaf etmiş ölkələr, xüsusən də Avropa Birliyi ilə əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. 2006-cı illə müqayisədə 2010-cu ildə MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 1,5 dəfə və ya 1 milyard 341 milyon ABŞ dolları artıb. Lakin bu ümumi ticarət dövriyyəsinin həcmində MDB ölkələrinin payının azalmasının qarşısını ala bilməyib. MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə Rusiyadır. Bu ölkənin Azərbaycanın ticarət dövriyyəsindəki payı 50 faizdir. Digər MDB ölkələri ilə müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi bu ölkənin Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün böyük bazara sahib olmasıdır. Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu dövriyyənin artmasında başlıca rol oynayır. Lakin son dövrlərdə xüsusilə Azərbaycanın neft sektoruna xarici neft şirkətlərinin iri həcmli investisiyalarından sonra Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin xüsusi çəkisi artmağa başlayıb. Bu tendensiya Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsindən sonra xüsusilə artmağa başlayıb. Hazırda Azərbaycanın ən böyük ticarət partnyorları arasında Avropanın və dünyanın önəmli ölkələrindən biri olan İtaliya da mövcuddur. Ümumiyyətlə son illərdə Azərbaycanla Avropa Birliyi ölkələri arasında xarici ticarət dövriyyəsinin həcmi 2 dəfəyə kimi artıb. Avropa Birliyi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2006-cı illə müqayisədə 4,7 milyard avro və ya 63 faiz artıb.

 

İqtisadi əlaqələr qeyri-neft

sektorunun inkişafını stimullaşdırır

 

Azərbaycanın dünya iqtisadiyyatına daha müvəffəqiyyətli və sabit inteqrasiyası və dünyada bir brend kimi tanınması üçün onun xarici ticarət dövriyyəsinin həcminin artması ilə yanaşı, həm də rəqabətədavamlı məhsulların istehsalının genişlənməsi ilə xarici ticarət dövriyyəsinin strukturunun diversifikasiya olunması diqqəti çəkən məqamlardandır. Xarici ticarətin diversifikasiya olunması ölkənin bir iqtisadi inkişaf mərhələsindən digərinə keçməsi, yəni xammal ixrac edən ölkədən sənayeləşmiş ölkəyə çevrilməsi üçün də vacibdir. Bu baxımdan, artıq qeyri-neft sektorunun inkişafı və tədricən iqtisadiyyatın bütün sferalarında neft sektorunu əvəz etməsi prosesinin başlanması mütərəqqi haldır. Qeyri-neft sektorunun tərkibində, xüsusilə kənd təsərrüfatının payının artırılması vacibdir. Bunun üçün isə kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqi ilə əmək məhsuldarlığının artırılması lazımdır. Digər tərəfdən, bu sahədə yaxşı təcrübəyə malik olan ölkələrlə sıx əməkdaşlıq etmək, həmçinin bu ölkələrdə mövcud olan modellərdən Azərbaycan reallığına daha yaxın olanını seçib onu ölkədə tətbiq etmək olduqca vacibdir. Çünki kənd təsərrüfatı məhsulları arasında elə məhsullar var ki, Azərbaycan bu məhsullar üzrə həm də, dünya bazarında müqayisəli üstünlüyə malikdir. Bu isə o deməkdir ki, bu məhsullar rəqabətədavamlıdır, sadəcə yeni texnologiyaların tətbiqi ilə onların istehsalını artırmaq lazımdır. Azərbaycanda xidmət sektorunun da liberallaşdırılması və bu sektora xarici sərmayənin cəlbi ilə yeni texnologiyların gətirilməsi və məhsuldarlığın artırılmasına prosesi müşahidə edilir. Bu, bank və maliyyə sektorlarında yeni məhsulların tətbiqi həm bu sektorların özünün maliyyə vəziyyətinin yaxşılaşmasına, həm də onların təqdim etdiyi məhsullar vasitəsilə kiçik və orta sahibkarlığın maliyyə mənbələrinin genişlənməsini şərtləndirir. Azərbaycanın Avropa Birliyi ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizin xarici iqtisadi münasibətlərini daha dayanıqlı edir. Buna görə də, Qərb ölkələri ilə xarici iqtisadi əlaqələrinin genişləndirilməsi dövlət gəlirlərinin artması deyil, həmçinin iqtisadi və siyasi müstəqilliyimizin gücləndirilməsi və regionda ölkəmizin rolunun artması baxımdan əhəmiyyətlidir.

 

Hürriyyət.- 2019.- 3 may.- S.13.