Şəhriyar haqqında düşüncələr

 

(əvvəli var)

 

Övladımız məzhəbini danmasın,

Hər içi boş sözlərə aldanmasın.

 

Şəhriyar otuz beş il Vətəndən uzaqlarda oldu. Qürbətdə yaşadı. Fars dilində yazıb yaratdı. Hafizdən sonra durğunluq keçirən şeiri yeni obraz və ifadə vasıtələri ilə zənginləşdirən, bəşəri və ictimai ideyaları ilə diqqəti cəlb edən, Şəhriyar ədəbiyyatsevərlərin o cümlədən İran aristokratiyasının rəğbətini qazandı.

Ancaq onun yalnız farsdilli ədəbiyyata töhfələr verməsi azərbaycanlıların narazılığına səbəb oldu. Çünki, onun əsərlərini xalqın əksəriyyəti nə başa düşürdü, nə oxuya bilirdi. Azərbaycan xalqı uzun müddət Şəhriyardan öz ana dilində şerlər gözlədi. Azərbaycan ziyalıları Şəhriyarın Azərbaycana məxsus olduğunu gələcəkdə sübüt eləməyin çətinliklərindən ehtiyat edirdilər. Xalqın narazılığı, ziyalıların qınağı, xahişlər, umu-küsülər, dedi-qodu və deyilənə görə ona yazılan həcvlər Şəhriyarı düşündürməyə bilməzdi.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-strong-sehriyar-haqqinda-d-uuml-s-uuml-nceler-strong-p)

 

***

 

Buradan da 2-ci söhbət başlayır. Soruşur ki, Məmmədhəsən hardadı. Şairin uşaqlıq yoldaşı idi o. Deyirlər ki, elə uşaq vaxtı burnunnan qan açıldı. Onnan da öldü.

Usaqliq yoldaşlarından Museyibi də xəbər alır. Deyirlər ki, o da bahalıq düşdü öldü.

 

Görür ki:

 

Çörək qəmi çıxıb xalqın ayına,

 

Hər kəs qalıb öz canının hayına.

 

Elektrik işıgı nədir, kəndli heç çıraq da tapmır yandırmağa.

 

Evlər qalır, ev sahibləri yoxdu, dədə-baba kəndi Xoşginab yaman günə qalıb.

El köçüb. Hərə bir yana dağılıb. Ölən ölüb, dirilərdən də bir xəbər yoxdu. Həsrətində olduğu kəndi tapıb. Amma kəndisini (özünü) itirib.

 

Müstəcəb oldu bu qərndə şeytan duası,

 

Xoşginabı dağıdıb eylədi bayquş yuvası,

 

-deyir.

 

Bu iki misra şeir Şəhriyarın “Ağa Mirsadığın xeyratı” əsərindədi. Şəhriyar Azərbaycanın başına gələn fəlakətlər haqda “Heydərbabaya salam” əsərində deyə bilmədiyini başqa türki şeirlərində deyir. Bu əsərin də “Divani türki Şəhriyarda” xüsusi yeri var. “Heydərbabaya salam” əsəri ilə möhkəm bağlılığı var. Burda da Şəhriyar uşaqlıqda gördüyü turşa-şirin alçaları olan Mirzəmmədin bağçasını unutmur:

 

Bir Zivər əmqızınin oğlu Hacı Müştəba var

 

Hac Sadıxlı deyilən bir Hacəlioğlu Ağa var

 

Bir də Mirzəmmədin oğlu  hələlik baxçada var

 

Qocalıb, amma yenə bir “Qarabağı” oxudu.

 

Qarılartək teşisin bir əyirib bir toxudu.

 

Şəhriyar gördüklərini quru, cansız təsvir eləmir. O insan duyğusunda daima canlanan unudulmaz lövhələr yaradır.

Şəhriyar Quzey Azərbaycanı da sevgi   məhəbbətlə yad eləyir. Quzeyin əldə etdiyi nailiyyətlərə sevinir.

 

Məktublarının birində bunu belə ifadə edir:

 

Orda sənət yüz il burdan qabaqdı,

 

Kənd gördüyün köhnə taxta tabaqdı.

 

Orda hünər mədənləri qazılıb,

 

“Məşdi İbad”, “Arşın Malçı” yazılıb.

 

Ana dilində yazdığı şeirlərində Şəhriyarın birlik və barışıq çağırışlarını oxuyuruq: bir-birizdən ayrılmayın amandı, deynə uşaq bir-birilə saz olsun, övla­dı­mız məzhəbini danmasın, birləşməyə başlayın və s..

 

Süleyman Rüstəmə yazdığı məktubdan iki bəndə nəzər yetirək:

 

Köməkləşən gedir Maha,

 

Bizə kömək yoxdu daha.

 

Bizimki qalmış allaha,

 

Şeytan quluymuş şahımız,

 

Bizim də var allahımız.

 

Qardaşların gözündən öp,

 

Bəxtiyarın üzündən öp.

 

Səmədin də sözündən öp

 

Mən də təkəm sizə qurban

 

Tək canım hammıza qurban

 

Şəhriyar şeirlərində haqqa-imana çağırışlar da xüsusi yer tutur: Şeytan bizi azdırıb, şeytan bizim qibləmizi çöndərib, qoruyun, qoymayın imanızı şeytan apara, firıldağa firfıratək bitməyin və s.

Şəhriyar azadlıq uğrunda mübarizələrdə Azərbaycan xalqının bir dərya qan verdiyini, Təxti kimi pəhləvanları, Şəriəti tək alimləri itirdiyini yadımıza salır.

Xomeyni inqilabindan sonra Tehranda Cavad Heyətin “Varlıq” jurnalının (dərgisinin) nəşrini alqışlayan Şəhriyar sonrakı şeirlərində verilən vədlərin aldadıcı olduğuna əsəbləşir.

 

Sübh xəyalilə xoruzlandıkən

 

Mən də Hopop tək bir ağız banladım

 

Qalmadı salim mənə də qol-qanad

 

Banlamağın ləzzətini anladım.

 

Cücələrim gəlmədilər bağrıma

 

Ağrımı aldım yanıma yanladım

 

Bax necə heyvan eləyirlər məni

 

Mən necə bu heyvanı insanladım?

 

Aqil olub əql məni danladı

 

Aşiq olub mən də onu danladım.

 

Son dövrlərdə yazdığı əsərlərdə Şəhriyar öz Türki şeirləri ilə fəxr edirdi. Ana dilində yazdıqlarından xoşhal olurdu.

 

Türki vallah, analar oxşarı lay-lay dilidir.

 

Dərdimi mən bu dəva ilə müdəva elədim.

 

-deyən Şəhriyar şeirlərinin İran sərhədini çoxdan keçməsindən, dünyaya yayılmasından xəbər verirdi:

 

Nə tək İranda mənim qülqülə salmış qələmim.

 

Bax ki, Türkiyyədə, Qafqazda nə qovğa elədim.

 

Bax ki, Heydərbaba əfsanə tək olmuş bir Qaf

 

Mən kiçik bir dağı sərmənzili ünğa elədim.

 

Şəhriyar Heydərbaba dağını Tur dağına bənzədir.

 

                

 

 “Divani Türki Şəhriyar  Azərbaycan xalqının mübarizə sinfoniyasıdır. O, diqqətlə nəzərdən keçirilməlidir.

 

Bu toplunun nəinki ayrı-ayrı əsərləri Şəhriyarın hər bir misrası insanı düşün­dürür.

 

Heydərbabaya salam əsərindəki:

 

Göz yaşına baxan olsa qan axmaz,

 

İnsan olan xəncər belinə taxmaz,

 

Amma heyif, kor tutduğun buraxmaz

 

-misraları bizim dişimizdə sıxdığımız qəzəblərimizi sakitləşdirir. Onun “Ağa Mirsadığın xeyratı” şerindəki:

 

Kimdi mən tək bağıranlar səsinə səs versin

 

Dünya bizlə atışır kimdi atəşbəs versin

 

-misraları bizi haraya cağırır.

 

Azərbaycan xalqının elə bir dərdi, olmayıb ki, Şəhriyar o barədə yazmasın. “Türk övladı qeyrət vaxtıdır” şerində əlifba dəyişmələrinin fəlakətlərini göstərir.

 

Ayirib şeytan əlifbası sizi Allahdan

 

-deyir.

 

“Türkiyəyə xəyalı səfər” şeirində:

 

Demirəm biz qul edək dünyanı

 

Amma dünya bizi insan sanacaq.

 

-deyən şair ümidimizi üzməməyə cağırır.

 

Əldə Musa kimi Firona qənim bir ağacım var.-deyən Şəhriyar bizim qüvvət və qüdrətimizdən xəbər verir.

 

Klassiklər həmişə müasirdi. Müasirlərin isə tarixin yaddaşında qalması sonra­nın işidi.

 

Şəhriyarın yazdıqları bu gün də öz əhəmiyyətini itirməyib.

 

İndi bəşər ac qurd kimi uduxub,

 

Çömbələnti göz qıcırdıb duruxub,

 

Baxırlar ki, görsünlər kim sınıxıb,

 

Tökülsünlər onun leşin yırtsınlar.

 

Hərə bir diş ənsəsindən qırtsınlar.

 

Şəhriyar Azərbaycanın nicat yolunu xalqın birliyində görür Heydərbabaya salam əsərində bu məsələni dəfələrlə xatırladır.

Sosializmi İranda qurmaq cəhdləri. Bu həngamənin bizim başımızda çatla­ması. Daxili çəkişmələrin acı nəticələri təsvir olunur Şəhriyarın əsərlərində:

 

Yığdı xeyrü-bərəkət süfrəsin ehsan ilə getdi,

 

Əmn-amanlıq da yükün bağladı iman ilə getdi.

 

Müstəbid sultanı saldıq ki, ola xalqımız azad

 

Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi

 

Bəy-xan olmazsa, deyirdik olacaq kəndimiz abad.

 

Amma, o xərab kənd də o bəy xan ilə getdi.

 

Şəhriyar dünyadakı tərəqqini də görürdü, onun acı nəticələrini də ürək ağrısı ilə qeyd edirdi. Şəhriyarda gözəl cinaslara, söz oyunlarına, rast gəlirik. Qafiyəli sözlər onun seirlərində intizarında olduğun qonaq kimi gəlir və adamı sevindirir.

 

Şəhriyarın ictimai məzmun kəsb edən şeirlərində Ezop dili xususiyyətlərini görürük:

 

İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq

 

İt ilə qol-boyun olduq.

 

İt əlindən qayıdıb qurda da bir zad boyun olduq

 

İt ilə qol-boyun olduq.

 

Şəhryar milli çərçivəyə sığmayan şairdi. Akademik Bəkir Nəbiyev onu haqlı olaraq “İran və Azərbaycan ədəbiyyatının fəxri” adlandırır. Onun fars dilində yazdiqları “Divani Türki”dən ən azı beş dəfə çoxdu. Onu da qeyd edək ki, Şəhriya­rın fars divaninın bir hissəsi azərbaycan dilinə tərcümə olunub.

Şəhriyar poeziyası elmi-nəzəri və milli-bəşəri mübahisələrdən yaranan bir poeziyadır. Şeir və hikmət” əsərində o nəzəri məsələlərə öz münasibətini bildirirdi. “Heydərbabya salam” və “Səhəndiyyə”  isə o sırf milli və bəşəri  mövqe tuturdu.

Nəzərə almaq lazımdır ki, ötən əsrin 40-cı illərində “İran alimləri “Şeir nədir?” və “Şair kimdir?” suallarına cavab tapmaq üçün böyük bir mərəkə açmışdılar.

Şəhriyarın “Şeir və hikmət” əsəri həmin mübahisə  müzakərələr zamanı qə­lə­mə alınmışdı. Öz əsərində Şəhriyar bu məsələlərə bir şair kimi münasibətini bil­­dirirdi:

 

Anadan mehriban dayədir bəlkə,

 

Günəşsiz səmadır şeirsiz ölkə!

 

Şeir də insanın vuran əlidir,

 

Yaradan əlidir, quran əlidir.

 

Bədəndə hər üzvün olur öz yeri,

 

Qolun qol yeri var, gözün göz yeri

 

Ölkəyə bilək də göz də gərəkdir,

 

Qılıncla bərabər söz də gərəkdir!

 

Şəhriyarın əsərləri təkcə onun yox iyirminci əsrdə Azərbaycan xalqının yarat­dığı poeziyadır.

Bu poeziyada əxlaq, mənəviyyat, xalqın həyat tərzi, fəxr ediləsi tarixi keç­mi­şi, xalqın eşqi, məhəbbəti, qəzəbi, nifrəti, sevinci, kədəri, döyüşkən və qorxmaz ruhu, gələcəyə olan inamı öz əksini tapmışdır.

Öz şeirlərində Şəhriyar anaları, ataları, nənələri, qardaş oğullarını, bibilə­ri­, haqqın dadına yetənləri, məzlumların haqqı üstə əsənləri, zalımları qılınc kimi kəsənləri yad eləyir.

Daha kimlər var? Şairlər, alimlər, hökmdarlar, odun şələləyib bir muzd alınca əlləri kəndirlə kəsilən qocalar.

İgidlər, ərənlər, daş zindanları didib parçalayanlar, zindanbanları vahiməyə salan­lar. Namuslu qızların sevgi oyun­ları. Gecə qaranlığındakı sevda dastanları. el gözəlləri. Və bir də öz ilk məhəb­bəti.

 

O ki, sevməzdi qətiyyən bəzəyi,

Nə də bir kəlmə kobud söz deməyi.

 

Əslindən kökündən ayrılanlar, milli simasını itirənlər, sənətin abırını aparanlar, qarnını otarmaq üçün saraya gələn şairlər, söz nökərlərinin obrazını yaradır Şəh­ri­yar.

Şekspir, Tolstoy, Didro, Volter, Eynşteyn, Janna Dark, Napoleon yad edilir Şəhriyarın əsərlərində.

Ancaq, ən çox yad edilən Hafiz Şirazıdı. Şəhriyar hər iki dildə yazdığı əsərlərində. Hafizi ehtiramla xatırlayır. “Hafiz əbədidir”-deyir.

Nə qədər qalsa cahan, qalsa məhəbbətdən əsər. Hafizin şeri də dillərdə bəyan olmalıdır. Hafizin şeri Günəş çeşməsidir, yoxdu sonu, əbədi feyz ilə bu çeşmə rəvan ol­ma­lıdır.

Şəhriyar öz əsərlərində xalqın bütün zümrələrini haqqa qarşı Azərbaycana qarşı vuruşanlarnan mübarizəyə çàğırır. Şəhriyar çirkab və rəzalyət içə­ri­sində olan cəmiyyətdə mərdanə dayanmağa çağırır.

Şəhriyar poeziyası qeyrəti qanadlandıran poeziyadı. Şəhriyar poeziyası dünyanın gözəlliklərindən fərəhlənməyə, ondan bəhrələn­məyə, onu sevməyə və qorunmağa cağıran bir poeziyadı.

 

Nə qədər çirk ilə  dolsa da həyat

Yenə gözəlliyi artıqdı qat-qat.

 

“Mənəm həm eşqin allahı, həm İran şerinin şahı” deyən Şəhriyarın hər iki dil­də yazdığı əsərlərin poetik gözəllikləri, ideya və məzmun xüsu­siy­­yət­ləri o qədər coxdur ki, onları yazmaq üçün zaman lazımdır. Ona görə də hələlik qələmi yerə qoyuram.

Kriminal avtoritetlər üçün adqoyma yığıncaqları, hökmdarların isə möhtəşəm tacqoyma mərasimləri olur. Şairlərdə isə maraqlı və ibratamiz təxəllüs almaq, təxəllüs götürmək məsələsi var. Necə ki, Bakılı Əliağaya “Vahid” təxəllüsü verib, onun sairlər  içərisində tək olduğunu təsdiq elədilər, eləcə də Hafiz divanından fal açıb Təbrizli Məhəmmədhüseynin “Şəhriyar”  təxəllüsü ilə razılaşdılar. O Şəhriyar kimi də məşhurlaşdı yazdıqları isə ədəbiyyata daimi olaraq oturdu və yaddan çıx­ma­dı.

Seyid Məhəmmədhüseyn Şəhriyar haqqında yazarkən mən bir dəfə də olsun onun kitablarını oxumadım. Yalnız gözlənilə biləcək nöqsanları aradan qaldırmaq və misraları dəqiqləşdirmək üçün müxtəlif nəşrlərə baxıram. Bizi yazmağa məcbur edən əsasən yaddasımızda olan, yadımıza düşən vaxtilə əzbərlədiyimiz şeirlər olub. Bu şeirlər isə təəssüf ki, Şəhriyarın yazdıqlarının müqa­ilin­də çox azdı. Ona görə də biz belə hesab edirik ki, bu yazını “məc­lis­lərimizi Əli İbn Əbu Talibin zikri ilə zinətləndirin” məşhur kəlamı ilə yanaşı, Şəhriyarın, özünün “Bizdən də bir mümkün olsa yad elə” misraları xatirinə ovqatları təlx olmuş vətəndaşlarımızı şad etmək üçün yazdıq.

 

Arif Orucov,

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi

Hürriyyət.- 2019.- 19-20 noyabr. S. 13.