Qarabağ xanəndəlik məktəbinin görkəmli

nümayəndəsi – Arif Babayev

 

Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Xanəndə, xalq artisti (1988), professor (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

 

(Əvvəli ötən sayımızda)

 

Muğam xalq musiqi təfəkkürünün dərin mənalı, aydın və səlist ifadəli yaradıcılıq məhsuludur. Müəyyən sistemə əsaslanan muğam – dolğun məzmunu, zəngin forması olan musiqi əsəridir. Odur ki, onun ifası bədii cəhətdən bitkin, ifadə baxımından isə rəvan olmalıdır. Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı musiqi yaradıcılarının, eyni zamanda xanəndələrin böyük xidmətləri olmuşdur. Bu xanəndələr xalqın mənəvi aləmininin, zəkasıının, arzu-istəyinin ifadəsi olan muğamlarımızı yaşatmış, onun qorunubsaxlanılmasında müstəsna xidmətlər göstərmişlər.

Muğamların yeni variantlarının yaradılması da xanəndələrin yaradıcılıq – ifaçılıq keyfiyyətləri ilə bağlı olub, hər bir xanəndənin ifaçılıq tərzindən meydana gələn xüsusiyyətdir. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Belə xanəndələrdən – Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və başqalarını misal göstərə bilərik. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Arif Babayev sənəti çoxşaxəlidir. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparmışdır.

Qeyd etmək lazımdır ki, xanəndə həm də dövrünün məşhur sənətkarları ilə sıx təmasda olaraq onu əhatə edən mədəni mühitdə formalaşır, yetkinləşir, ustad sənətkarların yaradıcılığından bəhrələnir və onların ənənəsinə arxalanırdı. Bütün bunları əsas götürərək görünür ki, onun yüksək ifaçılıq mədəniy- 28 yətinə malik olmasında məhz ustad xanəndə Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfü Adıgözəlovun və b. xanəndə və ifaçıların böyük rolu olmuşdur. Məhz onların ənənəsini yaşadan, yeni nəfəslərlə muğamlarımızı zənginləşdirən ustad xanəndə zirvəsinə çatmışdır. Geniş səs imkanlarına malik olan xanəndə demək olar ki, tarın bütün pərdələrində asanlıqla gəzişə bilir.

Arif Babayev muğamın bütün tərkib hissələrini və bədii tamlığını yüksək şəkildə təqdim etmiş və dolğun ifadəsini tapmışdır. Görkəmli xanəndə muğam şöbələrinin məzmun və xarakterinin düzgün verilməsi üçün hər şöbəni daha dəqiq səciyyələndirən intonasiya və kadans dönməsini mümkün qədər konkret səsləndirməyə çalışmışdır. Məhz bu xüsusiyyətinə görə də hər bir şöbə onun ifasında özünün obrazlılığı, yetkinliyi və orijinal ifadəliliyi ilə fərqlənmişdir.

Arif Babayev böyük muğam ustadıdır. Sənətkarın həzin, məlahətli səsi onun yaradıcılıq istedadı ilə həmahəngdir. Tarın bütün pərdələrinə düşən bu səsin zili də, bəmi də bir-birindən gözəldir. Səlist, aydın diksiyası, boğaz xırdalıqları, zəngulələri yüksək istedadın təzahürüdür. Bu keyfiyyətlərin məcmusu sənətkarın ifa etdiyi muğam dəstgahlarına, xalq mahnılarına, təsniflərə yeni ruh, təravət, nəfəs gətirir.

Arif Babayev milli muğam ifaçılığı sahəsində öz ifaçılıq məharəti ilə uzun illərdən bəri özünəməxsus yer tutur. Allah vergisi olan müqəddəs səsini qoruyub saxlamaq, əcnəbi xallardan mühafizə etmək ustadın təqdirəlayiq sənətkarlıq məziyyətlərindəndir. Hər bir sənətdə olduğu kimi, oxumağın da öz texnikası var: nəfəsalma, tələffüz, temp və ritm təmizliyi, səsin sözlə əlaqəsi, fikrə uyğun dəyişməsi və s. Musiqisevər xalqımız oxumağın bir çox texniki incəliklərini çox yaxşı duyur, hiss edir. Ona görə də onların zövqünü oxşamaq hər xanəndənin işi deyil. Arif Babayevin dolğun, təmkinli, sərbəst ifa tərzi, aydın tələffüzü onun mükəmməl bir xanəndə olmasını aydın şəkildə göstərir. Lüzümsuz səsçıxarmalar kimi formal zahiri əlamətlər onun sənətinə tamamilə yaddır.

Qeyd etmək lazımdır ki, xanəndə ifa etdiyi muğamın məzmun və xarakterinin düzgün verilməsi üçün hər şöbəni səciyyələndirən 29 intonasiya və kadans formullarını dəqiq səsləndirməyə çalışmışdir. Məhz bu baxımdan ustad xanəndənin oxuduğu muğamlar özünün obrazlığı, məzmunca yetkinliyi, orijinal tembr ifadəliyi ilə fərqlənir. İfaçılıq tarixindən məlumdur ki, muğam oxuyanların səs tembrləri müxtəlifdir: zil, orta, bəm, sinə səsi, boğaz səsi və s. Arif müəllimin geniş diapazonlu səsindən danışarkən onun səsinin həm bəm, həm orta və zil registrlərdə aydın, şəffaf, güclü və şirin səsini xüsusilə qeyd etməliyik. O, oxuyanda asanlıqla müəyyən etmək olur ki, bu Azərbaycan xalqına mənsub xanəndənin avazıdır. Onun səsinin çox ecazkar məqamları var. Təkcə səs azdır. Onu təkmilləşdirmək üçün, tələffüzə, seçilən qəzəllərə, başqa muğamların sirlərinə bələd olmaq üçün gərgin zəhmət və axtarış lazımdır.

Arif Babayevin səs işlətmək bacarığı, səslə gəzişmək bacarığı, xırdalıqlar və qaynatmalar öz ölçü vahidində heç bir artıqlıq-əksiklik olmadan məharətlə idarə olunmaqdadır. Bu da xanəndənin ümumi ifaçılıq qabiliyyətinin ən yüksək amplitudasını təşkil edir, onun ustalığını tamaşaçı və dinləyiciyə aşılayır. Arif Babayevin həzin, məlahətli, ipək kimi yumşaq səsi onun yaradıcılıq istedadı ilə üst-üstə düşür və tarın bütün pərdələrinə düşən bu səsin zili də, bəmi də bir-birindən gözəldir. Səlis, aydın diksiyası, boğaz xırdalıqları, zəngulələri yüksək istedadın təzahürüdür. Bu keyfiyyətlərin məcmusu sənətkarın ifa etdiyi muğam dəstgahına, xalq mahnılarına, təsniflərə yeni ruh, yeni nəfəs gətirir. Arif Babayevin şəxsiyyəti, davranışı, auditoriya qarşısında özünü idarə etməsi onun daxili zənginliyinin göstəricisidir. Arif Babayevin səsi ən qəmli, ən müdrük çalarında belə adamı nikbin ruha kökləyə bilir. Bu səsin emosional təsiri insanda məhəbbət hissini oyadır. İnsanı bir anlıq da olsa tərki-dünya edir. Arif Babayev səsində, eləcə də daxili aləmində olan gözəllik sanki vəhdət təşkil edir. Bütün bunlar onun xasiyyətində və əməlində təcəssüm olunur.

Gözəl muğam ifaçısı Arif Babayevin ifasında “Segah-Zabul”, “Rast”, “Mirzə-Hüseyn segahı”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz” muğamları öz yüksək sənətkarlıq keyfiyyətlərinə görə başqa- 30 larından fərqlənir. O, hər muğamın öz musiqi dramaturgiyasına, səs-məqam düzülüşü, guşə keçidlərini yüksək xırdalıqla əlaqələndirir. Muğamın xarakterinə xas, mənaca musiqi obrazını tamamlayan, onların ruhuna, ölçü-biçiminə uyğun qəzəllər seçir. Həmin qəzəllərdə sait səslər çox olmalıdır ki, axıcılıq pozulmasın, rahat oxunsun. Qəzəllər yaxşı seçiləndə muğamların hissələrini də əlaqələndirmək rahat olur.

Qeyd edək ki, Arif Babayev repertuarında öz əksini tapan muğamlarda və təsniflərdə Azərbaycanın klassik şairlərinin, o cümlədən Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Heyran xanım Qarabağlı, Əbülqasım Nəbati, Əliağa Vahid və b. qəzəllərinə əsaslanır. Xüsusi olaraq deməliyik ki, Arif Babayev “Mirzə-Hüseyn segahı”nın, “Zabul-segah”ın, “Xaric segah”ın gözəl ifaçısı kimi həm musiqi ictimaiyyətinin, həm də geniş dinləyici kütləsinin hüsn-rəğbətini qazanmışdır.

Məşhur tarzənimiz Əhmədxan Bakıxanov “Şur” dəstgahını hazırlayarkən Arifə müraciət etmiş və o da əsas bölmələrin ifası, xüsusilə “Səmayi-şəms”i Arif sənətinin zirvəsi kimi təqdim etmişdir. “Rast” muğamını xüsusi ustalıqla ifa edən Arif Babayev “Rak Xorasani” guşəsini ifa edərkən sanki “Rast”ın şahlıq dünyasında sehirli bir aləmə varır. Bəli, “Rast” musiqi məkanımızdır, kökümüz, bünövrəmizdir. Arif müəllim “Rast”ı oxuyanda sanki nəcibləşirsən, kamillik zirvəsinə ucalırsan. Arif Babayevin ifaçılıq tarixində bir “Segah” ustası kimi ayrıca yeri vardır. Böyük sənətkarın “Segah”ı bir ayrı aləm, bir ayrı möcüzədir. Dinlədikcə dinləmək, sevmək, sevilmək istəyirsən. Onun oxunuşunda “Segah” muğamı mənəvi saflıq, ruhi qidadır. Azərbaycan xalqının ən dəyərli muğam avazlarından biri, ana laylasından süzülüb canlara hopan “Segah” muğamı Arif Babayevin məlahətli səsində sanki yenidən canlanaraq, insanlara mənəvi təsir bağışlayır, onların ruhuna, canına sanki yeni bir həyat eşqi bəxş edir. “Segah” muğamında bizim xalqımızın ən xoş arzuları, nikbinliyi, qəhrəmanlığı ifadə olunur. Bu baxımdan Arif Babayevin dinləyicilərini məftun edən bənzərsiz gözəl səsi elə bil ki, “Segah” 31 muğamının boyuna ölçülüb-biçilmişdir.

Təsadüfi deyil ki, Arif Babayev haqqında danışarkən “O, “Segah”a heykəl qoyub” – deyirlər. Yanıqlı ahənglə ifa etdiyi “Xaric segah” ölməz sənət nümunəsinə çevrilmişdir. Musiqiçilər arasında belə bir deyim var ki, əgər bütün muğamlar bir gül çələnginə bənzəyirsə, “Segah” bu çələngin tacıdır. Arif Babayev isə “Segah”ın ən mahir ifaçısıdır. Arif “Segah” muğamından modulyasiya edib hər hansı bir muğama asanlıqla keçə bilir. Məlumdur ki, Azərbaycan musiqisində əsas muğamlardan biri olan “Segah” muğamının kökü aşıq musiqi yaradıcılığında da əsas yer tutur. Aşıq mahnılarının çoxu məhz bu muğam üzərindədir. Bu muğam bizim xalqımızın ana laylasından gələn bir musiqi parçasıdır. Nədən muğamlardan daha çox “Segah”a bu qədər bağlısınız?”sualına sənətkar belə cavab verir:

“Ona görə ki, ölməz muğamlarımızın özü həyat fəlsəfəsindən yoğrulmuşdur. “Segah” isə elə uşaqlıqdan mənim ürəyimə yol tapıb. Bu muğamın nəsə ayrı bir cazibəsi var, bir sözlə, onunla ürəyimi boşalda bilirəm: insana, zamana, dünyaya! “Segah” muğamlar içərisində xalqa ən yaxın olanıdır”.

Dahi bəstəkar Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Segah”ın dörd növdən olduğunu bildirir. Adətən “Segah” muğam dəstgahı göstərilən şöbələrindən ibarətdir: 1.Mayeyi-Segah 2.Şikəsteyi-fars 3.Mübərriqə 4.Əraq.

Bütün segah muğamları arasında “Mirzə Hüseyn Segahı” xanəndələr tərəfindən ən çox sevilən və ifa olunan muğamdır. Bu muğam ilk dəfə Mirzə Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan onun adı ilə adlandırılmışdır. Azərbaycanın bir çox qocaman ustad xanəndələrinin ifasında təkmilləşmiş və möhtəşəm şəkildə tarixə düşmüşdür. Bunlardan Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və b. bənzərsiz ifaları sonrakı nəsil xanəndələr üçün bir örnək olmuşdur.

Sonralar XX əsrin ikinci yarısında Azərbaycan xanəndəlik sənətində “Mirzə Hüseyn Segahı” muğam dəstgahını Yaqub Məmmədov, Eynulla Cəbrayılov, Arif Babayev, Səxavət Məmmədov, Süleyman Abdullayev, Alim Qasımov və başqaları ustalıqla oxumuşdur. “Mirzə Hüseyn Segahı” ustad sənətkar Arif Babayevin ifasında özünəməxsus tərzdə səslənmişdir. Xanəndə bu muğamın ifasında şöbə və rəng arasında təzadlığı artırmış və muğamın dramaturji prinsiplərini daha da zənginləşdirmişdir.

 

Təqdim etdi: Məmməd MİRƏZLİYEV,

Tarix üzrə Fəlsəfə doktoru

 

Hürriyyət.- 2019.- 15-16 oktyabr.- S.14.