ÖLÜLƏR VƏ YA DƏLİLƏR?

 

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!!!

 

Ay Molla Əmi, nə tövr olur ki, yaşı 65-ə çatmış “qoca”lar ştatda (sayğıdəyər oxucum, bunu ABŞ-dakı “ŞTAT” kəlməsi ilə dəyişik salmayın haaa...) qalıb teatrdan maaş almağa yaramır, bir illik müqavilənin tamamına kimi onlara möhlət qoyulur. Ancaq bu işin bir əmbəsi də var. Onları “göndərən”ə “gözün üstə qaşın var” deyənə “kəkələnmək” lazım gələndə həmən “cavanlaşırlar”!? Deyəsən, bir zad anlamadın... Elə isə izah edim: Bu aktyor tayfası ki var, hər bir Allah bəndəsi kimi yaxşı yaşamalı və geyinməlidir. Bunu biz düşünüb –tapmamışıq: rəhmətlik Hüseynqulu Sarabski dostu Hüseyn Ərəblinskiyə tövsiyə etmişdi. “Dəli yığıncağı” tamaşasının hacıları içində bəziləri Ölkə Prezidentinin (getdikcə məbləği artan) fərdi təqaüdünün, fəxri adın “nəmər”inin və məlum müşavirədə xalq artisti Afaq Bəşirqızının təklifi ilə reallaşmış yüksək maaşın dadını yenicə görürdü ki, onları teatr mövsümünün sonunda ştatdan çıxarıb pensiyaya göndərirlər (ştatdan haaaa- səhnədən yox, səhnə “qoca”ları ildə... ayda 1-2 dəfə qoynuna almağa hazırdır və hər çıxış üçün bir neçə onluq alacaq “qoca”ların şikayətlənməyə “haqqı” yoxdur). Xub, nə olar? Qanun qarşısında boynumuz qıldan incədir (bu qocalığı görüm zəlil olsun). Həm də bu qədər pula sandıq-zad, indiki dillə desək “seyf”lər davam gətirməz axı. Aktyorlar da hədsiz varlanıb məmləkətdə “sosial bərabərsizlik” yaradarlar.

 

Siz biziyçün, biz də siziyçün”...

 

İndi bu hacılar (bəziləri) “bu günün sabahı da var” deyib, onları bu bəlaya mübtəla edən tərəfdən verilən müqavilənin gələn ildən daha bir il müddətinə uzadılacağı ümidilə “Siz biziyçün işləyirsüz - biz də siziyçün” (“Onun bəlalı sevgisi” – “Azərbaycanfilm”) prinsipi ilə “Siz məni dəstəkləyin-mən də sizi” deyənin toruna ikinci dəfə düşərək “kəkələnmə” məktubuna mübarək imzanı qoymaq üşün növbəyə durmuşdular. Halbuki hacılar əvvəlki hücumların fərqinə varmırdılar – yəni direktorun məmur özbaşnalığından, sübut-dəlillər əsasında ortaya qoyulan, bir də istedadsızlığını isbat edən məqalələrin müəlliflərinə “kəkələnmir”dilər. Məsələ alayı cürədir. And olsun rəhmətlik ingilis aktrisasının (adını qəsdən yazmırıq) qızıldan qiymətli başına (onu teatrın baş rejissoru və bədii rəhbəri çox yaxşı tanıyır), mən də qulaq günahkarıyam. Deyilənə görə xalq artisti Afaq Bəşirqızının yaxın günlərdə seçkisi keçiriləcək, ictimai bir İttifaqın rəhbəri olmaq şansı var ki, bu da Azərpaşa Nemətovun əldən buraxmaq istəmədiyi çoxsaylı vəzifələrindəndir. Həəə.... Gəldik əsil mətləbin üstünə! Və “işəgötürən” dərhal “qoca”lara “protesto məktub”u imzalatdırır ki, teatrın şərəf və ləyaqaəti “tapdalanmasın” (yəni Üzeyir bəyin Hacıbəylinin təbirincə desək, bu protestonu “özüm üçün şərəf hesab edirəm yerinə”, “Bu proteztonu yerimə dikilən gözün ovulması və pul dağarcığı hesab edirəm” (“O olmasın, bu olsun”) kimi başa düşməli). Əcəba! Məgər bir anda “cavanlaşıb” teatrın, daha doğrusu Teatr Xadimləri İttifaqı sədrinin kürsüsünün qeyrətini çəkmək iqtidarında olanlar-“Dəli yığıncağı”nın bəzi hacıları haman o hacılar deyildilər ki, bu müsibətlə barışa bilmədikləri üçün məşqdə sağ tərəf əvəzinə sola dönürdülər? Bəli, bu haman o hacılardır ki, onlara öz əlləri ilə sənəd imzalatdılar ki, mürəkkəbi hələ də qurumayıb və onlar “məndən ötdü-qardaşıma dəydi” psixologiyası ilə gənc istedadların teatrdan uzaqlaşdırılmasını sakitcə müşahidə edəndə növbənin onlara çatacağını düşünmədilər. Daha sonra öz əlləri ilə özlərinə qəbir qazaraq məlum müşavirədə Teatr Xadimləri İttifaqının əvəzinə aktyorların rifahını düşünən bu hacıların teatr mövsümünün sonunda əllərindən alınacaq artımlı maaşına birbaşa səbəb olmuş Afaq Bəşirqızının teatrı guya təhqir etməsinə “dözmədi”lər. Bu nə tövr olur ay Molla Əmi? Bir məni başa sal. Sənə çörək verənin (Allahın əli ilə) əleyhinə protezto, pardon protesto yazdırırsan və sonra da çörəyini kəsənə yardımçı olursan?

 

Məbəddən qovulanların bumeranqı

 

O zaman belə bir sual yaranır: Ana Məbədin, yəni Dövlət Akademik Milli Dram Teatrının  Qatil”siz, səhnənin və bu dünyanın Poladovsuz qalmasına necə dözdünüz? Bir-birinin ardınca işdən azad olunan aktyorların (sizdən yaxşı olmasın) “Tı Ne Moy Aktyor” damğası ilə qırılmasına nə üçün dözdünüz? Bəs bu “özəlləşdirmə” teatra qarşı təhqir deyildimi?

Bəs “Yorulmuş atlar”dan birinin – əməkdar artist, prezident mükafatçısı İlham Hüseynovun Ana Məbəddən uzaqlaşdırılmasını normal sayan digər həmkarının dediyi kimi “yararsız” sayılması kimin günahıdır? Konkret olmaq arzusu ilə: bir şilləyə görə iki istedadını itirən Ana Məbədin səhnəsi teatrın adını məhkəmələrdə hallandıran bir xalq artistinin davranışına necə dözür? Allah sizə səbr versin, HACILAR! Səbr versin ki, bu cavanlar siz ağsaqqallara baxıb “dözümlü” olsunlar. Mürəkkəbim bitdi... Bitməsəydi “hacılar”a müraciətlə yazardım: “Afaq Bəşirqızının bir sözünün ucundan tutub sizi dərk etməyənin vəzifəsinin keşiyini çəkməkdənsə, səhnədən uzaqlaşdırılan istedadların və özünüzün hüquqlarınızın tapdalanması barədə ali ünvanlara müraciət imzalayın: imzalayın ki, Ana Məbəd əsl səhnə fədailərinə qovuşsun! Deyəsən Molla Əmi Cənubi Amerikanın qızıldərililəri haqqında da dərin bilgilərə sahibdir. Çün, bu andıra qalmış bumenranq məsələsi onun təbirincə desək, yavaş-yavaş, ahəstə “Tıy ne moy aktyor” deyənin başında çatdayacaq. Ona görə də teatr cameəsinin qafası bu aralar çox qatmaqarışdır. Hamı nehrəmlilər demişkən “haça-paça” olublar. Yəni işin əmbəsi ondan ibarətdir ki, çoxlarının bir gözü sağa, digəri sola boylanmaq məcburiyyətindədir. Ərz olsun, Ərdəbil, Qum, Məşhəd, Kərbala müsibətinin acılarını yaşamış dini-iman əhlinin min cuvaldüzünə, mən belə əşarı ilk dəfədir ki, canlı şəkildə seyr edirəm.

 

Möhtəşəm ƏRİZƏ niyə və nəyə görə cırlıb atıldı?

 

Həəə… Elə teatr haqqında bu sətirləri yazarkən son anda Molla Əmiyə əlahəzrət Ana Məbədin kuluarlarından məlumat daxil oldu ki, ömrü boyu heç bir teatrda, yəni Fitilbörkdən (Sankt-Peterburq) tutmuş, taaa… Mösköv (Moskva) kimi mədəniyyət payitaxtlarında dünyanın ən tanınmış yönətmənlərinin (rejissor) həndəvərində çətir tutmuş (axı oralar hey yağmurlu olur) və sənət aləmi üçün möhtəşəm addımlar atmağı bacarmayan, yəni əz cümlə başarıya imza qoymayan, enində-sonunda Bakıya dönərək sovramennıy Molla Əminin, yəni keçmiş “qomsomol”un xüsusi himayəsi altında (kurasiya…. bax bu sözü Urustedən yuxarı səviyyədə tapşırıqla gələnlər çox yaxşı bilirlər) “Gənc Tamaşaçılar Teatrı”nda at oynatmaq istəyən və azından buna nail olmağı başaran, kimsənin ağlına gəlmədiyi halda Teatr Xadimləri İttifaqının başına keçərək oranı “təqüdçülər ittifaqı”na çevirən, bütün bunlardan ruhlanaraq daha da irəli gedərək Ana Məbədin, Dövlət Akademik Milli Dram Teatrının həm bədii rəhbəri, həm də baş rejissoru kürsüsünü məngirləməyi başaran Azərpaşa Nemətov “təqaüdçülər”in bir araya gələrək yazdıqları o möhtəşəm ƏRİZƏ hacılar hacısının qəbinetindəcə cırılıb və bəlli olmayan bir məkana atılıbdır. Çün, bu işin bir ƏMBƏ-si var. O mübarək əmbənin sirri-xuda olmasının səbəbini isə, təkcə o qəbinetin əlahəzrət sahibi bilir. 

 

Immm… ardı var”

 

Bu yaxınlarda belə hadisə ilə üz-üzə gəldim. Yaşlı bir aktyor tanınmış və mərhum xalq şairinin tanınmamış gənc tanış yazçı oğlunun yenicə çapdan çıxmış romanını necə şövqlə oxuduğunu danışırdı. Sanki, özü yazıbmış kimi əsərin bütün incəliklərini də həvəslə izah edirdi. Əslində romanın bəsit olduğunun söhbət əsasında qarşısındakı çayı xortuldadaraq içənlər nə qədər mənasızlığının fərqindəydilər. Ancaq, səbrlə dinləmək məcburiyyətində idilər. Axırda səbr kasası boşalmış təcrübəli aktyorlardan biri həmkarından soruşur ki: “Ayə romanın axırı nə oldu?” O da heç nədən usanmadan belə bir cavab verdi: “Imm…Romanın sonunda bir cümlə yazılıb. Ardı var!!!” Bu mənasız romanın mənasız mövzusu elə bil ki, Ana Teatrın acınacaqlı taleyinə bənzəyir. Uzun uzadı sicilləmələr yazmaqla və üstəlik “ardı var” deməklə ömürlərini uzatmağın iksirini deyəsən sovramennıy Molla Əmidən öyrəniblər. Həmin o maklaturanın nə qədər mənasızcasına yer tutmasının ironiyası teatr aləminin əsil başbəlasıdır.  

 

Bomboş qalan Aktyorlar Evi   

 

2003-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, köhnə dillə desək müqtədir dahi sənətkar Həsənağa Turabov rəhmətə gedən kimi, müəmmalı şəkildə onun vəzifəsini Molla Əmi demişkən, məngirləyən Azərpaşa Nemətov düz 14 ildir Aktyorlar Evinin səhnəsini və tamaşaçı salonunu qapalı saxlayıb. Halbuiki, bu mədəniyyət ocağı böyük sənətkar, ünlü teatr xadimləri Mustafa Mərdanov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, Lütfiyar İmanov və Həsənağa Turabovun Teatr Xadimləri İttifaqının sədri olduqları dönəmlərdə Azərbaycan teatrının qaynaq ocaqlarından biri idi. İncəsənət Universitetinin tələbələri və müəllimləri üçün yaradıcılıq laboratoriyası sayılırdı. 1960-2000-ci illərdə “Aktyorlar Evi  dolub-daşan sənət meydanı idi. Azərpaşa Nemətov sədr qoltuğunu işğal etdikdən sonra, demək olar ki, “Aktyorlar Evi” Mirzə Cəlilin “Ölülər”i qədər sayğıdəyər məkan sayılmadı. Halbuki, Molla Əmi demişkən: “Ölüləri diriltməklə onlar heç də həyata qayıtmırlar. Onlar canlı olsalar da sağikən belə ölüdürlər”. İndi bu məkan kiflənmiş və üfunət qoxuyur. Moll Əminin təbirincə desək, dünyanın heç bir ölkəsində mədəniyyət ocağının bunca bomboş qalması və sənət adamlarının üzünə bağlı olması hadisəsi baş verməyib. Çünki, Azərpaşa Nemətov istedadlı rejissorlar və aktyorlar, rəssamlar və baletmeystrlər, dramaturqlar və bəstəkarlardan çox qorxur. Bunu biz demirik. Molla Əmi belə bir qənaətdədir.

 

Dörd ildə bir rejissor

 

Dünyanın bütün teatrlarında yazılmamış bir qayda var. Özünə hörmət qoyan teatrda mövsüm boyu 3-4 tamaşa hazırlanır. Azərpaşa Nemətovun Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin olunmasından düz 4 il ötür. Əmbə, bu qocaman məbəddə özündən savayı kimsənin tamaşa qoymasına imkan vermir. Guya Azərbaycan Teatrının nəhəngləri Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov səviyyəsində özünü “təsdiq” etmək iddiasını önə çəkmək istəyir. Və beləliklə adını teatr səlnaməmizdə “ Nemətov rejissor məktəbi” kimi əbədiləşdirmək istəyir. Molla Əmiyə verilən məlumatlara görə “ALƏ MƏSƏLƏ ÇOOOX QƏLÜZDÜR”. Çoxsaylı tamaşaların rejissoru, bədii rəhbəri, musiqi və səhnə tərtibatçısı var, o “neudaçnıy rejissor” A. Nemətovdur. Məsələ çoxsaylı tamaşalar qoymaq, inzibati amirlik metodu ilə hökmfərma siyasəti yürütmək deyil, əsil sənət yaratmaqdır. O da A. Nemətovda yoxdur. 2003-cü ildən Teatr Xadimləri İttifaqında, 2015-ci ildən Dövlət Akademik Milli Dram Teatrında heç bir uğura imza ata bilməyinin “marşı”nın çalınması artıq bir gerçəkliyə çevrilib.   

 

Nəcibə İlkin,

Prezidentin fərdi mükafatçısı

 

Hürriyyət.- 2019.- 15-16 oktyabr.- S.11.