“Bu adamlarla səhnəyə

çıxmaqdan xəcalət çəkirdim” 

 

Aktrisa Fizulət Rzayeva: “Mən heç zaman nə heç kimə qibtə etməmişəm, nə də ki, paxıllıq hissim olmayıb”

 

“Teatr camiəsindən anlayışı olmayan şəxslər rəhbərliyə gələndə küsdüm və 2010-cu ildə qəlbən bu teatrdan uzaqlaşdım”

 

Onu uşaqlıq illərimdən tanıyıram. Hər zaman xarakterində olan həddən ziyadə daha çox ciddilik diqqətimi cəlb edirdi. Heç zaman bir kəlmə də olsun artıq söz və ya ifadə işlətməz, məşq və ya tamaşa zamanı ancaq səhnə kənarında dayanıb mizanının vaxtını səbrsizliklə gözləyərdi. Yaxud da aktyorlara aid olan səhnə kənarı foedə əlində rol dəftəri obrazın sözlərinə diqqət yetirərdi. Kənardan çox zəhimli görünən bu xanım bütün bunlara rəğmən xoş xasiyyətli və mehriban, səmimiyyəti ilə də seçilməyi bacarırdı.

Çünki onun xarakterində yalan, ikiüzlülük, kimlərinsə dalınca olmazın iftiralarını danışmaq və ya kiminsə şəxsi həyatını müzakirə etmək marağı yox idi. Elə bu səbəbdən də əksər dırnaqarası olan sənət dostları onu bəyənmirdilər, ağız büzürdülər hətta haqqında olmazın yalanlarını danışırdılar. O, bunları da bəzən eşidirdi. Ancaq təmkinini pozmadan bu kimi səfil düşüncə tərzində olan sənət dostlarına fikir verməz ancaq yaradıcılığı ilə məşğul olardı. Bax, bu kimi xüsusiyyətləri onu daha çox sevdirərdi. Sakitlik və tək yaradıcılıq axtarışları onun həyat amalı idi.

Uzun illər idi ki, onunla görüşmürdüm və nəhayət yağışlı bir gündə Gəncədə görüşdük. Deyirlər su aydınlıqdır. Elə bu aydınlıq işığında bir daha olanları və keçmişi birlikdə vərəqlədik. Danışdıqca qocaman səhnə ustalarını, sənət müəllimləri olan xalq artistləri Ələkbər Seyfini, Sədayə Mustafayevanı və Rəmziyyə Veysəlovanı xatırlayıb bir az da kövrəldi. Xatirələri haradasa uzaqlarda dolaşan düşüncələrində yenidən canlandı. Ancaq bütün bunlarla yanaşı həyatın görünməyən bir üzü, amansız tərəfləri də var. Çox zaman həyatda yaradıcı şəxsin zəhməti və əziyyəti lazımca dəyərləndirilmədikdə qarşılarında utanclıqla dayanmaq məcburiyyətində olursan. Məhz haqqında söhbət açaçağım sənətkar da yaradıcılığı vaxtında dəyərləndirilməyən, kimlərinsə kələfinin güdazına gedən şəxslərdəndir…

Aktrisa Fizulət Rzayeva 1951-ci il dekabr ayının 23-də Gəncədə İlyas kişi və Münəvvər xanımın ailəsində anadan olub. Ailənin səkkiz uşağından biri olan F.Razyeva  20 saylı orta məktəbi bitirdikdən sonra sənətə olan məhəbbəti onu Gəncə Dövlət Dram Teatrına gətirib. Səhnədə ilk kövrək addımlarını xatırlayan aktrisa deyir: “Mənim ana tərəfim Zəngəzur mahalındandır. Gəncədə böyük Qarabağlılar nəsli vardı. Bu nəsil anamın valideynləri idi. Uşaqlıq illərimin çox hissəsi isə məhz Gəncədə ana nənə-babamın himayəsində olub. Orta məktəb illərindən ədəbiyyata göstərdiyim həvəs bu sahədə mükəmməl inkişafıma böyük zəmin yarada bilib. Bunun nəticəsi olaraq da mən məktəbin bütün tədbirlərində o cümlədən ümumşəhər tədbirlərində çıxışlar edir, şerlər söyləyirdim. Xatırlayıram ki, orta məktəb illərində bizə tamaşalara baxmaq üçün biletlər verərdilər. Mən böyük həvəslə bu tamaşalara baxardım. Səhnədə Xuraman Hacıyevanın çıxışlarına baxa-baxa düşünürdüm ki, mən də bu cür çıxışlar edə bilərəm. Beləcə səhnəyə məndə həvəs yaranırdı. Ancaq elə bir dövr idi ki, heç kimə heç nə deyə bilmirdim. Orta məktəbi bitirdikdən sonra dayımın qızına bu arzum haqqında danışdım. O zamanlar dayımın qızı Gəncədə Mədəniyyət evlərinin birində musiqi müəlliməsi işləyirdi. Həmin Mədəniyyət evinin direktoru Tofiq müəllimlə məni Gəncə Dövlət Dram Teatrının baş rejisoru Yusif Bağırovun yanına gətirdilər. Yusif Bağırov mənə dedi ki, bir şer söylə. Mən “Xosrof və Şirin” poemasından bir parca söylədim. Heç nə demədi, bir xeyli düşündü. Beləliklə, 1968-ci il sentyabr ayının 15-də Gəncə Dövlət Dram Teatrına aktrisa olaraq qəbul edildim”.

İlk andaca rejisorların marağını özünə cəlb edə bildiyindən respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun quruluşunda 3 pərdəli, 9 şəkilli Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun qələmə aldığı “Tariyel” mənzum dramında Nəstan Darecan obrazı ona sınaq məqsədilə həvalə edildi və müvəffəqiyyətlə oynamağı bacardı. Aktrisa ilk debütü haqqında danışır: “Mənə bu obraz həvalə edildikdə necə qirimlənəcəyimi belə bilmirdim. O zaman xalq artisti Sədayə Mustafayeva məni qarşısında otuzdurub ilk qirimimi etdi. Əlimdən tutub səhnənin arxasına kimi apardı. Məni sona qədər səhnənin arxasında gözlədi. Oynadım. İnanın ki, o gün teatrda böyük bayram idi. Səhəri gün böyük bir iclas çağırdılar. Hər kəs axşamkı tamaşanın uğurundan danışırdı. O zaman yenə də xalq artisti Sədayə Mustafayeva dövrü mətbuatda “Səhnəyə istedad gəlir” məqaləsi ilə çıxış etdi”.

İlk debütündən sonra aktrisa Fizulət Rzayeva bu teatrının səhnəsində Ələkbər Seyfi, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Ələddin Abbasov, Kərim Sultanov, Ağa Məmmədov, Səməd Tağızadə, Firuzə Bədirbəyli kimi müqtədir səhnə ustaları ilə birlikdə çalışmalı olur. Bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan aktrisa M. İbrahimovun “Kəndçi qızı”da Leyla, E. Braqinski və E. Ryazanovun “Həmişə təmizlikdə”də Qalya, Ə. Kürçaylının “Qoruqlar”da Nübar, A. Məmmədovun “Ulduzlar görüşəndə”də Ücünçü Hərəm, U. Şekspirin “Otello”da Dezdemona, C. Cabbarlının “Yaşar”da Yaqut, “1905-ci ildə”də  Gənc Sona, “Solğun çiçəklər”də Pəri, Əfqanın “Qız atası”da Rəna, Kifayət,  R. Şahvələdin “Fərəf”də  Fərəh, Q. Zapolskayanın “Xanımın əxlaq dərsi”də Qanka, N. Gəncəlinin “Məhəbbət körpüsü”də Pərvin, S. Vurğunun “Vaqif”də Gülnar, S. Mirzənin “Altuntac”da Mələk kimi surətləri ilə diqqəti cəlb etməyi bacarır.

27 dekabr 1968-ci ildə rejisor, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun quruluşunda 3 pərdəli, 6 şəkilli Ələsgər Şərifovun tərcümə və təbdilində olan “Bəli, dünya dəyişib” komediyasında aktrisanın yaratdığı Bənövşə obrazı da maraqla qarşılanan surətlərindəndir. 25 mart 1969-cu ildə “Kirovabad kommunisti” qəzetində Əlikram Yusubovun “Bəli, dünya dəyişib” resenziyasında aktrisanın oyun tərzi haqqında oxuyuruq: “Rejisor Yusif Bağırov gənclərə inanıb və onlara məsul rollar tapşırıb. Bənövşə rolunda çıxış edən Fizulət Rzayevanın oyunu real və səmimidir. Bənövşə - Fizulət aldadıldığı üçün xəcalət çəkir, insanlardan uzaq olmaq istəyir. Valid onu bağışlayır və yenə də odlu ehtirasla sevir. Daha ona nə lazımdır? Gənc aktrisa Bənövşənin ürək çırpıntılarını, Validə məhəbbətini və Çingizin xəyanətinə qarşı nifrətini açıb göstərə bilir”.

Bu nailiyyətlərindən sonra haqqında dövrü mətbuatda yazılan çoxsaylı məqalələri görüb, ailə üzvləri onun bir aktrisa olaraq fəaliyyət göstərməsinə icazə verməyiblər. Bu üzdən aktrisa bir müddət teatrdan uzaqlaşmalı olub. Bu zaman yenə də sənət müəllimlərindən olan Ələkbər Seyfinin göndərişi ilə xalq artisti Sədayə Mustafayeva nənəsi Məşədi Mədinə xanımın görüşünə gələrək onun teatrda çalışmasına icazə istəyib.

 

(Ardı var)

 

Anar  Burcəliyev, teatrşünas      

 

Hürriyyət.- 2019.- 29-30 oktyabr.- S.14.